Deputat gənc qızın intiharından danışdı

Deputat gənc qızın intiharından danışdı
20 İyun 2018 09:20


Gec də olsa, sosial şəbəkələrdə gənc qızımızın intihardan əvvəl çəkilmiş olan videosunu çox böyük üzüntü ilə izlədim. Mənim də o yaşda qızım var. Cəmiyyətin bir üzvünün, həm də yetkinlik yaşına çatmamış bir üzvünün itirilməsində başda valideynləri, yaxınları olmaqla, hamımız, bütün cəmiyyət günahkardır.

Bunu Realpress.az-a açıqlamasında millət vəkili Sona Əliyeva deyib.

Onun sözlərinə görə, nə qədər ki erkən evlilik, qadın və uşaqlara qarşı zorakılığın bütün formaları ictimai qınaqla qarşılanmayacaq, nə qədər ki bu tipli hadisələri hərənin “öz işi” kimi qəbul edəcəyik, bu cür ağır itkilər artmaqda davam edəcək.

Millət vəkili deyib ki, zaman-zaman insanlar həyatlarında çətinliklərlə qarşılaşdıqları an intihar və bu kimi halları ağlından keçirirlər:

“Gündəlik xəbərlərdə bu kimi hallar barədə informasiyalar yayıldıqca, bu fikrin reallaşması kimi hisslər də artır.

Statistika göstərir ki, intihar halları ilə bağlı xəbərlərin geniş müzakirəsi onun dəfələrlə artmasına gətirib-çıxarır ki,  bu hal “Verter effekti” adlanır.

Mən mediadan və insanlarımızdan xahiş edərdim ki, gələcəyimizin, övladlarımızın xatirinə bu kimi xəbərləri paylaşmasınlar.

Bu paylaşımın övladını itirmiş ailəyə verdiyi ikiqat acını və kədəri duymazdan gəlməsinlər, yaxşı nümunə olmasa da, gənc  bir övladımızın ruhuna ehtiramla yanaşsınlar və bunu müzakirə obyektinə çevirməsinlər. Nəyin düz, nəyin səhv olduğunu izah etməyə çalışmasınlar.

Heç olmasa bundan sonra bu kimi hadisələrin qarşısını almağa yönəldilmiş işlər görməyə, gənclərimizi və övladlarımızı bu kimi təhlükələrdən qorumağa çalışaq. Bu arada, dünəndən övladlarımın bununla bağlı suallarını cavablandırmaqda çətinlik çəkirəm. Sözün bitdiyi yerdəyəm”.

S. Əliyevanın fikrincə, bir neçə həftə əvvəl “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi ilə bağlı fikirlərini və təkliflərini bölüşüb:

“Bir daha qeyd edirəm ki, qeyri-qanuni, qeyri-etik və digər bu kimi hərəkətlərə məruz qalmış yetkinlik yaşına çatmayanların şəxsiyyətinin müəyyən olunmasına və ya açıqlanmasına bilavasitə imkan yaradan məlumatların: ad, soyad və atasının adının, ünvanının, fotoşəkil, video və səs yazılarının, təhsil aldığı və ya işlədiyi müəssisənin adının elektron və çap mediasında yayılmasının qadağan olunması adıçəkilən layihədə nəzərdən keçirilsin.

Çox istərdim ki, bunu təkcə qanunla tənzimləməyək, həm də vicdanımızı dinləyək və insanımıza olan ehtiramımızdan edək”.


23 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

23 Apr 2024
Cəmiyyət

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.