Deputat: Azərbaycana qarşı qərarın nəticəsi fiaskodur - MÜSAHİBƏ

Deputat: Azərbaycana qarşı qərarın nəticəsi fiaskodur - MÜSAHİBƏ
06 İyul 2018 15:36


Realpress.az-ın müxbirinin suallarını Azərbaycan Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin sədr müavini Sevinc Fətəliyeva cavablandırır:

- AŞPA-nın son sessiyasında yenidən “siyasi məhbus” məsələsi gündəmə gətirildi, Azərbaycan yenidən monitorinq altına alındı, yeni məruzəçi təyin olundu. Bu məsələyə nə vaxt son qoyulacaq, “siyasi məhbus” məsələsi “qınağı” nə vaxt üzərimizdən götürüləcək? Azərbaycan bu məsələnin kökündən həlli üçün hansı addımlar atacaq?

- Bilirsiniz ki, Azərbaycan dinamik iqtisadi inkişafına, ictimai-siyasi sabitliyə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə güclü bir dövlətə çevrilib.

Şübhəsiz ki, Azərbaycanın uğurlu inkişafı, beynəlxalq nüfuzunun artması və digər müsbət reallıqlar dostlarımızı sevindirdiyi kimi, anti-Azərbaycan dairələr tərəfindən narahatlıqla qarşılanır.

Həmin dairələr öz məhdud maraqları naminə ölkəmizin daxili və xarici siyasət kursuna müdaxilə etməyə, bunun üçün də Azərbaycana qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışır, “qara piar” kampaniyası aparırlar.

İyunun 26-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında qurumun Hüquq məsələləri və insan haqları komitəsində “Azərbaycanda siyasi məhbuslar” adlı hesabatın hazırlanması üzrə məruzəçinin təyin edilməsi də məhz bu məqsədə xidmət edir. 

Erməni lobbisinin sifarişi ilə qəbul edilən AŞPA-nın məlum qərarına gəlincə, bu, ikili standartlar nümunəsi olmaqla yanaşı, həm də subyektiv mülahizələrə söykənən və siyasi məqsədlərə xidmət edən qərəzli addımdır.

Əlbəttə, hər hansı bir təsirə malik olmayan, Azərbaycana qarşı təzyiq kampaniyasının tərkib hissəsi olan bu qərarın nəticəsi fiaskodur. Çünki yüksək beynəlxalq nüfuza və dayanıqlı inkişafa malik olan Azərbaycan öz prinsipial mövqeyindən və müstəqil siyasətindən geri çəkilmək niyyətində deyil.

Bu cür vasitələrlə ölkəmizdə ictimai rəyə təsir etmək və Azərbaycanın pozitiv beynəlxalq imicinə kölgə salmaq mümkün deyil.

- “Siyasi məhbus” məsələsindən bəhanə kimi istifadə edilib, gələcəkdə Azərbaycana qarşı daha sərt addımlar, sanksiyalar tətbiq oluna bilərmi?

- Ümumiyyətlə, AŞPA-da belə bir qərarın verilməsinin heç bir əsası yoxdur və belə bir addımın atılmasında məqsəd müstəqil dövlətimizə təzyiq etməkdir.

Azərbaycanda insan hüquqları tam qorunur və heç kim siyasi baxışlarına görə həbs olunmayıb. Azərbaycan hüquqi dövlətdir və qanun qarşısında hər kəs bərabərdir. Bu məruzəçinin təyin olunması isə Azərbaycana təzyiq məqsədi daşıyır.

Anti-azərbaycançı mərkəzlərə çalışan müəyyən “QHT” və “hüquq müdafiəçiləri” var ki, onlar saxta “siyasi məhbus” siyahıları tərtib edirlər. Həmin dairələr isə bu saxta siyahılardan öz məqsədləri üçün sui-istifadə edirlər. 

Ölkəmizə qarşı təzyiqlər göstərmək cəhdləri hər zaman iflasa uğrayıb.

AŞPA-da müxtəlif vaxtlarda ölkəmizə qarşı xoş niyyətə söykənməyən belə kampaniyalar müşahidə edilib və Azərbaycan dövləti belə addımlara qarşı müvafiq tədbirlər görüb.

- Hər dəfə Azərbaycan Qarabağ münaqişəsinin həllinə yaxınlaşanda, illərdir davam edən münaqişənin həlli istiqamətində müsbət işartılar ortaya çıxanda, mütləq beynəlxalq qurumlarda ölkəmizlə bağlı qalmaqallı məsələlər ortaya çıxır və ya çıxarılır.

Sizcə, bunlar təsadüfdür, yoxsa, bunlar arasında bir paralellik var, yəni, Azərbaycanın diqqətinin yayındırılması üçün çeşidli ssenarilər sərgilənir?

- AŞPA-nın məlum qərarı həm də Azərbaycanın müstəqil siyasət həyata keçirməsi - ümummilli məsələlərlə bağlı qətiyyətli mövqe nümayiş etdirməsi, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə əlaqədar prinsipial mövqeyindən bir addım belə geri çəkilməməsi ilə bağlıdır.

Məlumdur ki, Azərbaycan öz xarici siyasət kursunda bir nömrəli məsələ olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində qətiyyətli mövqe nümayiş etdirir və bu, bəzi xarici dairələr, həmçinin ermənipərəst mərkəzlər tərəfindən qısqanclıqla qarşılanır.

Bu qüvvələr Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsindəki prinsipial mövqeyindən geri çəkilməsinə nail olmaq istəyirlər. Ona görə də müxtəlif bəhanələr, ölkəmizə qarşı uydurma ittihamlar irəli sürülür.

Məqsəd dövlətimizi prinsipial məqsədlərindən geri çəkmək və Ermənistanın işğalçılıq siyasətini ört-basdır etməkdir. Amma bu məqsədlər heç vaxt reallaşmayacaq.   

- Ümumiyyətlə, Qarabağ münaqişəsinin həllini bu yaşananlar, mövcud reallıqlar və şərtlər daxilində mümkün görürsünüzmü? İnanırsınızmı ki, beynəlxalq dairələr, güclər Azərbaycana bu problemi özü müstəqil şəkildə həll etmək imkanı verəcək?

- Bu gün Cənubi Qafqaz bölgəsinin təhlükəsizlik balansını pozan əsas amil Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Münaqişə bölgənin ümumi inkişafına mane olmaqla yanaşı, yeni əməkdaşlıq platformalarının da reallaşdırılmasını əngəlləyir. 

Azərbaycan Respublikasının xarici siyasət strategiyasında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet istiqamətdir.

Azərbaycan bu istiqamətdə prinsipial mövqeyini, işğal edilmiş torpaqlarımızın azad edilməsi - ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün fəaliyyətini davam etdirir. Azərbaycan üçün başlıca prinsipial məsələ məhz beynəlxalq hüquqa və ədalətə söykənərək Ermənistan-Azərbaycan, münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllinə nail olmaqdır.

Ermənistanın qeyri-konstruktiv mövqeyini və bir sıra aparıcı dövlətlərin münaqişəyə ikili yanaşmasını sürdürdüyü bir vaxtda Azərbaycan istər diplomatik, istərsə də iqtisadi vasitələrlə işğalçı ölkəyə qarşı təzyiq siyasətini davam etdirir. 

Bütövlükdə, Azərbaycan tərəfi münaqişənin həlli ilə bağlı bütün görüşlərdə və danışıqlarda siyasi iradə nümayiş etdirərək konfliktin nizamlanması yolunda konstruktiv mövqe sərgiləyib. Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir.

Müəyyən müddətdir ki, davam edən danışıqlar prosesində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub.

Digər sahələrdə olduğu kimi, Azərbaycanın ərazi bütövlüyü məsələsində də ölkə rəhbərliyinin qətiyyətli və birmənalı mövqe sərgiləməsi Ermənistan və bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb.

Hazırkı şəraitdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi üstünlük təşkil edir. Dünya ictimaiyyəti anlayır ki, separatizm ciddi təhdidlər yaradır, bu səbəbdən dövlətlərin ərazi bütövlüyü əsas götürülməlidir. Yəni,Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və ərazi bütövlüyü prinsipi əsasında həll olunmalıdır.

- Azərbaycanın münaqişəni kimsənin təsiri və təzyiqinə fikir vermədən hərb variantı ilə həll etməsi mümkündürmü? Buna gücümüz yetirmi?

- Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, biz öz ərazi bütövlüyümüzü mütləq bərpa edəcəyik. Əlbəttə ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə tam hüququ var. Sadəcə, dövlətimiz qan tökülməsini istəmir.

Bu gün Azərbaycanın güclü ordusu var və torpaqlarımızı işğaldan azad etməyə qadirdir. İyunun 26-da keçirilən möhtəşəm hərbi parad da ordumuzun gücünü nümayiş etdirdi. Eyni zamanda, 2016-cı ilin aprel döyüşləri, həmçinin ordumuzun Naxçıvan əməliyyatı bir daha ordumuzun gücünü göstərdi. 

Doğrudur, işğalçı Ermənistana havadarlıq edən xarici qüvvələr var, münaqişənin sülh yolu ilə həllində beynəlxalq birlik qətiyyət göstərmir. Amma heç kim Azərbaycanı öz torpaqlarını azad etmək hüququndan çəkindirə bilməz. 

- Siz həm də illərdir AŞPA-da uşaqlara qarşı zorakılıq məsələləri ilə məşğulsunuz, bu məsələ üzrə məruzəçi olmusunuz, məruzələriniz, hesabatlarınız olub. Necə hesab edirsiniz, Azərbaycanda cəmiyyəti, insanları narahat edən bu məsələ ilə bağlı hansı önləyici addımlar atılmalıdır ki, bu problem sıfır həddinə düşsün?

- Bəli, məruzəçi olaraq dünya ölkələrində bu məsələni araşdırıraq hesabat hazırladıq və hesabat qurumda qəbul olunub. Uşaqlara qarşı zorakılıq bütün sağlam cəmiyyətlər tərəfindən pislənilir. Bu, qəbulolunmaz haldır. Azərbaycanda da uşaqlara qarşı zorakılıqla bağlı lazımi mübarizə aparılır və bu, qənatəbəxş səviyyədədir.

Ölkəmizdə bu problem narahatedici deyil. Cəmiyyətimiz sağlam, intellektual cəmiyyətdir və uşaqlara qarşı zorakılıq halları ən minimum səviyyədə ola blər. Bu məsələ daim diqqət mərkəzindədir.  

- Azərbaycanda son illər mentalitetimizlə uzlaşmayan hallar da yaşanmaqda və təəssüflər olsun ki, artmaqdadır, yəni, erkən nikahlar, boşanmalar başını alıb getməkdədir. Siz bir Azərbaycan xanımı və Azərbaycan anası kimi bu barədə hansı addımların atılmasını təklif edərdiniz? 

- Bu problemlərin aradan qaldırılması üçün maaarifləndirmə işlərinə ehtiyac var. Müvafiq dövlət qurumları, eləcə də, qeyri-hökumət təşkilatları bu istiqamətdə şəhərlərdə və bölgələrdə maarifləndirmə tədbirləri həyata keçirirlər. İnsanlar bu yöndə daha çox maarifləndikcə, problemin həlli daha asan olur, belə faktların sayı azalır...


25 Fev 2024
Müsahibə

Kamaləddin Qafarov: “Xocalı soyqırımı bəşər tarixinin qanlı cinayətlərindən biridir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”

21 Fev 2022
Müsahibə

Slobodan Samarciya: “Serbiya ilə Azərbaycan əsl dostdur”

“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.

14 Fev 2022
Müsahibə

Vidadi Əhmədov: "Turan Tovuz"a 100 adamdan biri kimi dəstək verə bilərəm"

Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi

10 Fev 2022
Müsahibə

Maksim Şevçenko: “Minsk prosesi” yoxdur, onu unutmaq lazımdır - MÜSAHİBƏ

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.

9 Fev 2022
Müsahibə

Aleksandr Proxanov: “Gec-tez Ankara Rusiya ilə qarşıdurmaya gedə bilər” – MÜSAHİBƏ

Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.