Bakıda II CNG/STQ yanacaqdoldurma məntəqəsinin açılışı oldu

Bakıda II CNG/STQ yanacaqdoldurma məntəqəsinin açılışı oldu
17 Avq 2018 16:51


Bu gün Bakının Badamdar qəsəbəsi, Xarici dairəvi yol, yeni avtomobil bazarının yaxınlığında “SOCAR PETROLEUM” QSC-yə məxsus ən yüksək standartlara cavab verən SOCAR brendli ikinci sıxılmış təbii qaz (STQ - beynəlxalq miqyasda CNG, yəni “Compressed Natural Gas”) yanacaqdoldurma məntəqəsinin (YDM) rəsmi açılış mərasimi olub. 

SOCAR-dan Realpress.az-a verilən məlumata görə, bununla da, ümumilikdə, respublikamızda “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 27-yə çatıb.

Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri iştirak ediblər. 

SOCAR prezidenti R.Abdullayev yanacaqdoldurma məntəqəsinin rəsmi açılışını bildirən rəmzi lenti kəsib, Azərbaycan ərazisində “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsinin aktiv şəkildə genişləndiyini vurğulayıb.

Tədbirdə qeyd olunub ki, II sıxılmış təbii qaz məntəqəsinin istifadəyə verilməsi Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən davamlı sosial-iqtisadi yüksəliş, xalqımızın maddi rifah halının durmadan yaxşılaşdırılması xəttinin gerçəkləşdirilməsi istiqamətində daha bir uğur kimi əlamətdar hadisədir. Hazırda ölkəmizdə 2,6 trln. kubmetr təsdiqlənmiş və 7 trln. kubmetr potensial qaz ehtiyatı mövcuddur.

SOCAR ölkəmizdə hasil olunan təbii qaz həcmlərinin Türkiyə və Avropa Birliyi dövlətlərinə nəql edilməsi məqsədi daşıyan möhtəşəm Cənub Qaz Dəhlizi layihəsini həyata keçirməklə dünyada enerji mənbələrinin diversifikasiyasına, qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir. 

SOCAR-ın prezidenti R.Abdullayev eyni zamanda qeyd edib ki, Azərbaycan vətəndaşlarının, yanacaq istehlakçılarının daha səmərəli qaz yanacaqları ilə təchiz olunması daim diqqət mərkəzindədir:

“Təbii qazın hasilatı və nəqli istiqamətində qazanılan nailiyyətlər bizi ölkə daxilində sıxılmış təbii qaz məntəqələri şəbəkəsinin qurulması layihəsini həyata keçirməyə ruhlandırır.

Qeyd etmək istəyirəm ki, hazırda dünya miqyasında STQ yanacağına tələbat sürətlə artmaqdadır. STQ daha sərfəli alternativ mühərrik yanacaq növü sayılır və ekoloji baxımdan daha effektiv, eyni zamanda daha təhlükəsiz yanacaqdır. STQ benzinə görə karbon monoksid qazını 80% daha az emissiya edir.

Bu layihəni həyata keçirməklə SOCAR ölkə ərazisində ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcək”. 

Daha sonra SOCAR prezidenti və tədbir iştirakçıları yanacaqdoldurma məntəqəsində yaradılan şərait, YDM-in strukturu, burada tətbiq olunmuş elm və texnologiyanın ən son nailiyyətlərini özündə əks etdirən müasir avadanlıqlarla tanış olub.

Bildirilib ki, yeni açılan məntəqədə son model Yaponiya istehsalı olan beş yanacaqpaylayıcı kalonka quraşdırılıb ki, onlardan ikisi STQ satışını həyata keçirəcək. YDM-də STQ ilə yanaşı, “Super”, “Premium”, A-92 (benzin) və dizel tipli yanacaq məhsullarının satışı reallaşdırılacaq.

YDM-də nağdsız satış üçün POS-terminallar, SOCAR yanacaq kartı, “ASAN”, “E-manat” ödəniş terminalları, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem kimi innovativ yeniliklər tətbiq edilib. Məntəqədə 30 nəfər işçi çalışır”. 

Tədbirin sonunda SOCAR prezidenti Rövnəq Abdullayev “SOCAR PETROLEUM” QSC-nin kollektivini yeni YDM-in istifadəyə verilməsi münasibətilə təbrik edib, əməkdaşlara uğurlar arzulayıb.

Qeyd edək ki, dünyada STQ ilə işləyən nəqliyyat vasitələrinin sayı 26 mln.dan, müvafiq yanacaqdoldurma stansiyalarının sayı isə 31 mindən çoxdur. Beynəlxalq Təbii Qazla İşləyən Nəqliyyat Vasitələri Assosiasiyasının statistikasına əsasən, son illərdə təbii qaz istifadə edən nəqliyyat vasitələri bazarının həcmi ikirəqəmli əmsal üzrə artıb.

Bu yanacaq növünün ən çox istifadə edildiyi ölkələrin sırasında Çin, İran, Hindistan, Pakistan, Argentina, Braziliya, İtaliya və digər Avropa ölkələrini görmək olar.



13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.