Həmin gün elə bildim ki, hər şey bitdi. – 46 yaşını qeyd edən Bəhram Bağırzadə ilə MÜSAHİBƏ

Həmin gün elə bildim ki, hər şey bitdi. – 46 yaşını qeyd edən Bəhram Bağırzadə ilə MÜSAHİBƏ
04 Sent 2018 12:03

Bu gün əfsanəvi "Bakılı oğlanlar" KVN komandasının üzvü, azərbaycanlı aktyor, publisist, əməkdar artist Bəhram Bağırzadənin doğum günüdür. Onun 46 yaşı tamam olur. 

Yeni yaşında ilk müsahibəsini BAKU.WS saytına verən B. Bağırzadə həyat və yaradıcılığının bir çox özəl məqamlarına toxunub. 

Onunla söhbəti təqdim edirik:

- Bu gün 46 yaşınız tamam olur. 46 il ərzində Bakı Sizin üçün neçə dəfə və nə cür dəyişilib?

-Mənim Bakım üç mərhələyə bölünür: 1972-ci ildən 1990-cı ilə kimi, 1990-cı ildən 2000-ci ilə kimi və 2000-ci ildən bu günə kimi. Ən gözəl vaxtlarım, əlbəttə ki, 70-80-ci illərdə keçib, çünki uşaq, gənc, cavan olmuşam. 

Uşaq illəri isə ən gözəlidir. 1990-cı il isə həyatımın ana xəttində kulminasiya nöqtəsi sayılır. “20 yanvar” hadisələri vaxtı mənim 17 yaşım var idi. Həmin gün elə bildim ki, hər şey bitdi. Sonra təbii ki, həyat davam etdi, amma illərlə əziyyət çəkdik. 

Şükürlər olsun ki, vəziyyət getdikcə düzəldi. Müəyyən şeylər var ki, mən onlarla, əfsuslar olsun ki, razılaşmıram. Öz şəhərimi belə vəziyyətdə görmək istəməzdim. 

-"BaxIram" necə yarandı? 

-5 ay bundan əvvəl məndən soruşsaydınız ki, “vine” və “Instagram” nə deməkdir, inanın mənə, bilmirdim. “Instagram” haqda eşitmişdim, amma “vine”nın nə olduğunu bilmirdim. Bunları mənə oğlum başa saldı. 

İlk dəfə isə Cabir İmanov mənə göstərdi ki, 15 saniyəlik belə bir videolar çəkilir. Beləliklə, Cabir İmanov, oğlum Cavid və tanınmış jurnalist Vüqar Həsənov mənim “vine” həyatımda böyük rol oynadılar. Aprelin 1-dən, yəni 5 ay ərzində izləyicilərimin sayı 120 minə gəlib çatıb və gündən-günə artır. Sevindirici haldır ki, mənim bu qədər izləyicim var. 

Bu videoları çəkməkdə məqsədim insanların əhval-ruhiyyəsini qaldırmaq, onlara sevinc gətirməkdir. Bir rejissor kimi də mənə 30-40 saniyə ərzində sözümü demək çox xoşdur. İzləyicilərimin 90 faizi videolarımı bəyənir, 9 faizi isə yox. 

Mən Nikolayın qızıl onluğu deyiləm ki, hər kəsin xoşuna gəlim və bu, normaldır. 1 faiz isə çox nalayiq söz yazan mədəniyyətsiz insanlardı. Mən onları blok edirəm və səhifəmə daxil ola bilmirlər. 


-Sözügedən çarxlarınız üçün qəhrəmanları necə seçirsiniz?

 -Bilirsiniz, mən artıq 30 ildir sənətdəyəm və Azərbaycanda yaradıcı insanların, demək olar ki, hamısını tanıyıram. Ona görə də mən artıq bilirəm ki, kimi dəvət etmək lazımdır, kim nə edə bilər və s. Hərdən “Instagram”da mənə çox istedadlı, amma tanınmayan şəxslər yazıb xahiş edirlər ki, mən onları da çarxlarıma çəkim. 

 Bu günə kimi heç kimə yox deməmişəm. Düzdür, zəifləri də olur, düzəliş edib çəkirik. Bu haqda danışmaq mənə yaraşmaz, amma onu da deməliyəm ki, çəkdiyim videolarda heç vaxt İslam dininə, Azərbaycan xarakterinə, yaşayışına və s. qarşı nalayiq hərəkətlərin edilməsinə yol vermərəm. Sizin sayt vasitəsi ilə də səslənib demək istəyirəm ki, kimin maraqlı ssenarisi varsa, mənə yazsın. 

Mən böyük sevinc hissi ilə onları da “BaxIram”a çəkə bilərəm. 


-Azərbaycanlılar indi daha çox nəyə gülürlər?

-Əfsuslar olsun ki, Azərbaycanda çox az intellektli, səviyyəli tamaşaçı, izləyici qalıb. Digər milyonlarla baxış sayı toplayan “vine”lara baxıb görürəm ki, çox səviyyəsizdirlər və qurşağdan aşağı zarafatlarla doludurlar. Mən isə daim çalışıram ki, çəkdiyim “vine”larımın intellekt səviyyəsi yüksək olsun. 

-"BaxIram"ı yaratdınız, amma elə bir şey varmı ki, siz ona "baxa bilmirəm, baxmıram" deyəsiniz?

-Baxmağına hər şeyə baxıram, amma çox şeylər var ki, onlarla razılaşa bilmirəm və razılaşmıram da. Bu da hiss edirəm ki, yavaş-yavaş məni infarkta aparır. Birinci növbədə də mənəviyyatsızlıq. Bilirsiniz, mən iqtisadi böhrana, qlobal problemlərə, aclığa dözə bilərəm, amma istər kişi, istərsə də qadın tərəfindən mənəviyyatsızlıq olanda mən onu qəbul edə bilmirəm. 

Allaha dua edirəm ki, heç vaxt o mənəviyyatsızlığı görməyim. 



-Bir neçə gün əvvəl "Bakı uşaqlar üçün" adlı kitabınız işıq üzü gördü. Bilirəm ki, bu, uşaqlar üçün yazdığınız birinci kitab deyil. Ümumiyyətlə, ilk dəfə uşaqlar üçün kitab yazmaq fikrinə necə gəlmişdiniz? 

-İlk dəfə uşaqlar üçün “Bəhram dayıdan testlər” adlı kitabım çıxıb. 16 il bundan əvvəl, övladlarım dünyaya gələndə, mən onlarla bir yerdə böyüyürdüm, tərbiyə prosesi gedirdi və müəyyən kitablar lazım idi, amma onlar yox idi. 

Həyat yoldaşımla bərabər övladlarımızı təbiyə edə-edə fikirləşdim ki, uşaqlar üçün kitab yazım. Bir naşir kimi sevincliyəm, çünki iki həftə ərzində yenicə işıq üzü görən “Bakı uşaqlar üçün” kitabımın tirajının 90 faizi artıq satılıb. Sizin sayt vasitəsi ilə də həmin kitabı alan analara, atalara, nənələrə və babalara təşəkkürümü bildirirəm. 

Yeni tədris ili yaxınlaşır və bu kitab onlara yaxşı hədiyyədir. Artıq orta məktəblər də “Bakı uşaqlar üçün” kitabımı əldə ediblər və sinifdənxaric oxu kimi istifadə edəcəklər. Allaha minnətdaram ki, Azərbaycanda uşaqlar üçün Bakı haqqında ilk kitabın müəllifi olmaq mənə qismət oldu. 

Artıq uşaqlar üçün etikaya və yol hərəkəti qaydalarına aid yeni kitab yazıram. 


-Mənə maraqlıdır, uşaqlar sizə daha çox nə haqda suallar verir? 

-Məndə də daxilən uşaqlıq qalıb deyə, mən onlara çoxlu sual verirəm və cavab alıram. Bununla da sorğu aparıram və nəticələri kitablarımda əks etdirirəm ki, uşaqlara da maraqlı olsun. İlk izləyicilərim, kampaniyonlarım, müəllimlərim - övladlarımdır: Tahirə xanım və Cavid bəy. 

Onlar mənə çox şey öyrədirlər və ona görə də kitablarım maraqlı olur. Kitabımın ideya müəllifi isə anam Tahirə Əfəndiyevadır. Bu illər ərzində o, mənə tərbiyə verib, Allahın izni ilə boya-başa çatdırıb. Bu günə kimi hansı kitabım çıxıbsa, hamısının müəllifi anamdır. 

-Sizinlə "Bakılı oğlanlar" haqqında danışmamaq mümkün deyil. Necə düşünürsünüz, o vaxtın bakılı oğlanları indiki bakılı oğlanlardan nə ilə fərqlənirlər?

-Fərqimiz odur ki, komanda üzvlərimizin çoxu böyüyüb boya-başa çatıblar, onların müəyyən hissəsi müdrikləşib, müəyyən hissəsi isə cavan qalıb. Hər bir komanda üzvünə möhkəm can sağlığı və mənalı ömür arzu edirəm. Allahıma minnətdaram ki, 25-30 il bundan əvvəl məni belə dostlarla tanış edib. Onlar olmasaydı, mən də bu işləri heç vaxt görə bilməzdim. Onların hər birindən nəsə öyrənmişəm. 

Allah hamının canını sağ eləsin. 


-Məlumdur ki, mərhum sənətkar Lütfəli Abdullayev səhnədə həmişə komedik obrazlar yaradırdı, amma həyatda çox ciddi biri idi. Bəs, siz?


-Nəinki Lütfəli Abdullayev, həm də digər komik aktyorlar həyatda çox ciddi insan olublar. Ancaq ciddi insan səhnədə, sirkin arenasında, kamera qarşısında qeyri-ciddi hərəkətlər edə bilər və ancaq əməyi sevən, peşəsini sevən, ümumiyyətlə, sevməyi bacaran insan bu işləri görə bilər. 

Mən də elə insanlardan biriyəm və hər bir işə çox ciddi yanaşıram, köhnə Azərbaycan kişiləri kimi. Düzdür, həyatda səhvlərim də çox olub və bu, normaldır. Həmişə deyirəm ki, heç nə etməyən insan heç vaxt səhv etmir. Daim hərəkətdə olan insan həmişə səhv edir, onları düzəldir və Allahın köməyi ilə irəli gedir. 

- İnşallah gələn ilin bu günündə, 46 yaşınızdan 47 yaşınıza qədər keçdiyiniz yola baxanda nələri görmək istərdiniz?

- Birincisi, Allah-Təala hər kəsə can sağlığı və mənalı ömür versin. O ki qaldı mənə, qoyun qalsın məndə. Bir sözlə, qeyd etmək istəyirəm ki, Allah-Təala bizim milləti qorusun. Mən millətimi çox sevən bir insanam. 

Milliyətindən aslı olmayaraq, Azərbaycanın ərazisində yaşayan hər kəsi xoşbəxt, sağlam, ruzi-bərəkətli, şux görmək istərdim. Millətimiz nə qədər zəngin, varlı, intellektli olsa, mən də bu şəhərdə, məmləkətdə rahat yaşaya bilərəm. 

- Çox sağ olun, Bəhram bəy. Doğum gününüz mübarək!

- Təşəkkür edirəm. Bir daha sizin saytınıza və rəhbərliyinizə minnətdarlığımı bildirirəm ki, bu gün vaxt tapıb məni oxucularımla görüşdürdünüz. Həmişə irəlidə olasınız və ən ürəkaçan, qələbə xəbərlərini ilk siz paylaşasınız. Sağ olun, sağlıqla qalın!














25 Fev 2024
Müsahibə

Kamaləddin Qafarov: “Xocalı soyqırımı bəşər tarixinin qanlı cinayətlərindən biridir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”

21 Fev 2022
Müsahibə

Slobodan Samarciya: “Serbiya ilə Azərbaycan əsl dostdur”

“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.

14 Fev 2022
Müsahibə

Vidadi Əhmədov: "Turan Tovuz"a 100 adamdan biri kimi dəstək verə bilərəm"

Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi

10 Fev 2022
Müsahibə

Maksim Şevçenko: “Minsk prosesi” yoxdur, onu unutmaq lazımdır - MÜSAHİBƏ

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.

9 Fev 2022
Müsahibə

Aleksandr Proxanov: “Gec-tez Ankara Rusiya ilə qarşıdurmaya gedə bilər” – MÜSAHİBƏ

Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.