Görkəmli bəstəkar Tofiq Quliyevin xatirəsi anılıb

Görkəmli bəstəkar Tofiq Quliyevin xatirəsi anılıb
04 Okt 2018 15:39

Bu gün görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin xatirə günüdür. Böyük sənətkarın vəfatından 18 il ötür.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri Fəxri xiyabana gələrək Tofiq Quliyevin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.

Anım mərasimində Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə ötən əsrin 30-cu illərində sənət yoluna qədəm qoymuş Tofiq Quliyevin Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, Tofiq Quliyevin yaradıcılığı geniş və rəngarəng olmaqla həmişə diqqəti cəlb edir. O, müxtəlif illərdə 5 musiqili komediya bəstələyib, valslar, fortepiano üçün prelüd, variasiyalar yazıb. Eyni zamanda, bir çox kino musiqilərinin müəllifidir. Bütün bunlarla yanaşı, Tofiq Quliyev estrada musiqisinin əvəzsiz sənətkarı kimi də tanınıb. Bəstəkarın lirik, şux, nikbin və oynaq çalarlı musiqiləri əbədiyaşardır: “Bu gün böyük bəstəkar aramızda olmasa da, onun mahnıları müxtəlif tədbirlərdə, konsertlərdə daim eşidilir. Ona görə ki, T.Quliyevin mahnıları, ayrı-ayrı tamaşalar üçün yazılan musiqiləri bizim musiqi tariximizə qızıl həriflərlə yazılıb və könlümüzdə daim yaşayacaq. Fəxr edirəm ki, bu böyük bəstəkarın rəhbərliyi altında Bəstəkarlar İttifaqında onunla bir yerdə çalışmışam”, - deyə F.Əlizadə bildirib.

Ümummilli lider Heydər Əliyevin bəstəkara olan münasibətdən söhbət açan F.Əlizadə deyib: “1997-ci ildə Tofiq Quliyevin 80 illiyinə həsr olunan yubiley mərasimində ulu öndər Heydər Əliyev bəstəkara xitabən bildirmişdi ki, vaxt gələcək hər şey dəyişəcək, yaddan çıxacaq, ancaq Tofiq Quliyev musiqisi yaşayacaq”.

Görkəmli sənətkarın musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov Tofiq Quliyevin mahnıları ilə milyonlarla dinləyicinin qəlbini fəth etdiyini söyləyib: “O, Azərbaycan xalqının qəlbinə təkcə sənəti və musiqisi ilə deyil, eyni zamanda, şəxsiyyəti ilə yol tapan görkəmli ziyalılardandır”.

Tofiq Quliyev adına 12 saylı musiqi məktəbinin direktoru Gülnarə Səfərova çıxışında bildirib ki, bəstəkarın adını daşıyan məktəbin üzərinə böyük məsuliyyət düşür: “Çalışacağıq ki, onun adını layiqincə doğruldaq. Azərbaycan xalqı yaşadıqca, böyük bəstəkarın əsərləri daim səslənəcək”.

Tədbirdə bəstəkarın ailə üzvləri adından oğlu, görkəmli kinorejissor, Xalq artisti Eldar Quliyev çıxış edərək atasının xatirəsinə göstərilən ehtirama görə iştirakçılara minnətdarlığını bildirib.

Realpress.az


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.