Faiq Ağayev xalq artisti ilə arasındakı SİRRİ açdı: Dedi ki, şayiə yaymalıyam ki, sənə ərə gedirəm - VİDEO

Faiq Ağayev xalq artisti ilə arasındakı SİRRİ açdı: Dedi ki, şayiə yaymalıyam ki, sənə ərə gedirəm - VİDEO
23 Okt 2018 11:56

Realpress.azxalq artisti Faiq Ağayevin qafqazinfo-ya müsahibəsini təqdim edir:

 Sizin nəsil “Qızıl dövr” adlanır və o dövrün qadın sənətçilərinin əksəriyyəti plastik əməliyyat, idman və sairə üsullarla cavan qalmağa çalışır, gənc rəqibləri ortaya çıxır. Bəs siz? Sizdə necə?

 - Qadınlarımız arasında inqilabı Aygün Kazımova etdi. Daha sonra yollar açıq olduğu üçün çox iddialı və keyfiyyətli yeni nəsil ifaçılar ortaya çıxdı. İradə İbrahimova, Röya Ayxan, Natavan Həbibi, Elnarə Xəlilova kimi xanımlar şou-biznesə gəldi. Qadın müğənnilər arasında gülüstandır, bir-birindən ətirli güllərdir onlar.

 Bəylər arasında isə belə bir problem var - bayaq bu məsələyə toxunduq. Mental dəyərləri düzgün qiymətləndirməyən, çeynə-tüpür vəziyyətinə gətirən insanlar var. Kişiliyi şortla, saçın uzun-qısalığı, qulağındakı sırğa ilə ölçürlər. Bilmirəm, bəlkə də hansısa sahələrdə kişiliyi belə hallarla ölçmək olar. Amma bu, incəsənətə şamil edilməməlidir. Müğənninin vulqar görünməyən geyiminə heç kəs irad tuta bilməz.

 Bu, bizim sənətimizdir. Həklimlər ağ xalatda gəzirlər deyə, irad tutursuz? Bu, onların iş geyimidir, işinin tələbidir. Bəylərimizin bunun kimi çəpərlərdən hoppanmaq qorxusu var. “Toylarımı itirərəm”, “Qonşular, futbola birgə getdiyim qaqalar nə deyər?” kimi ağrılar, sancılar var və onları anlayıram. Amma mən qorxmuram.

 İctimaiyyətin fikri hansısa ümumi problemlərdə işləyir. Vətənə, valideynə, müəllimə münasibət və sairə. Bu məqamlarda keçərli olar, amma səhnədə - yox. İndi Mir Yusif, Rəhim Rəhimli, Zamiq Hüseynov, Ramal İsrafilov kimi ulduzlarımız var. Kimlərin adını unudub çəkməmişəmsə, üzrlü saysınlar. İnsanın qarşısında məqsəd olmalıdır, cəsarətli və qınaqlara hazır olmalısan. Bəylərimiz yəqin ki, çəpərlərdən aşmaq üçün ehtiyat edirlər.

Mənim belə gümrah və cavan qalmağımın sirri isə vaxtıylə həftədə 4 dəfə ( 8 il ) vəhşi kimi idmanla məşğul olmağımdır. Üzgüçülüyü çox sevirəm, pəhriz də zaman-zaman saxlayıram. Artıq 10 ildir ki, idmana getmirəm və pəhrizlə formada qalmağa çalışıram.

Estetikə gəldikdə isə təkcə burnumu əməliyyat etdirmişəm, bu barədə də dəfələrlə danışmışam.

Hansısa estetik qüsuru olan insanlar kənardakıların gülüşünə dözməlidir bəyəm? Əgər abartılı olmursa, “Qayınana” filmindəki kuklaya bənzəmirsə, donmuş siması olmursa, plastik əməliyyat etdirsinlər.

Hər kəs öz dərdini çəksin. O lağ edənlərin özlərinin o qədər dərdləri var ki, vedrələr quyruqlarına qalaq-qalaq bağlanıb.


- Sizin hər zaman səmimi olduğunuzu düşünmüşəm. Mənə maraqlıdır ki, bu günə kimi hansısa bir yalan quraraq layihənizi PR üçün istifadə etmisiz?

 - Həyatımda bircə dəfə həmkarım Aygün Kazımovanın ricası ilə baş verib belə hal. Bir-birimizin evinə qonaq gedib, səhərə kimi oturub, söhbət edən insanlarıq. Dedi ki, belə şayiə yaymalıyam ki, sənə ərə gedirəm. Ona söylədim ki, mənə bir gün möhlət ver.

 İnsanın böyüyü var axı. Gedib, rəhmətlik atamı narahat etmədim, anama danışdım. Anam üzümə baxdı, söylədi ki, Aygün səni dostu kimi qəbul edir və ona dəstək lazımdır, elə. Amma bir də onu dedi ki, “mənə söz ver ki, iki həftədən sonra efirə çıxıb, bunun bir zarafat olmağını deyəcəksən”.

 Aygünə də zəng vurub dedim. Sən demə, iki həftə sonra 1 aprel imiş. Həmin günü bu “evlənmənin” zarafat olduğunu açıqladım, Aygün də təsdiqlədi.

 Təkəbbür kimi qəbul çıxmasın, amma bir sənət insanı kimi o qədər qüdrətim və qüvvəm var ki, süni üsullara ehtiyacım qalmır. Yenə deyirəm, dediklərim özündən razılıq kimi qəbul olunmasın.

 - Elə bir şey olub ki, 30 yaşınızda etmisiz və “40 yaşımda həmin şeyləri əsla etmərəm” demisiz?

- Dostlarımın hamısı məndən yaşca böyükdür. 1992-ci ildən ailəlikcə dostluq etdiyimiz bir həkim xanım var. O mənə dedi ki, bilirəm, səni haqqın yandırır və ona görə sən bu mövzulara təkrar-təkrar qayıdacaqsan, həmişə əzab çəkəcəksən. Kamillik edib, bağışlamaq lazımdır. Bu səbəbdən 30 yaşımda bağışlamağı öyrəndim.

 Amma belə bir şey olmayıb ki, 40 yaşımda etməyəcəyimi deyim. Əksinə, özümə planlar qurmuşam. Elə şeylər var ki, həyatda onların dadına baxmamışam. İndiki cavanlar kosmik sürətlə yaşayırlar. Elə bil ki, Allahın onlara verdiyi 90 yaşa 18 yaşında çatmağa çalışırlar. Kiçik yaşlarımdan öz hərəkətlərimi ölçmüşəm. Anam mənə balacalığımdan “ağsaqqal” deyərdi. Buna da layiq olmağa çalışıram. İnsanın daxilində uşaq qalırsa, o insandır.

 - Ailəyə çox bağlı birisiz. Hər zaman ailə üzvləriniz barədə danışırsız, onlara diqqət yetirirsiz. Atanızın itkisi sizin üçün çox ağır oldu. Onun ölümüzdən sonra həyatınızda nələr dəyişdi?

 - Ən çox anamı sevirəm. Hətta rəhmətlik atama söylədim ki, ata, bağışla, amma mən anamı səndən daha çox sevirəm. Ömrümdə belə müdrik cavab görməmişdim.

 Dedi ki, əcəb edirsən, biz səninlə eyni insanı sevirik. İnsanın hər zaman “Mənim arxamda kimsə durur” kimi bir inamı olmalıdır. Atamı itirəndən sonra məni ən çox narahat edən odur ki, anam arxa-dayaqsız qaldı. Biz - oğulları nə qədər başına fırlansaq da, atanın göstərdiyi qayğını əvəzləyə bilməyəcəyik.

 Həyatımda nələr dəyişdi?.. Əmin oldum ki, atam məni nəinki oğul, həm də bir müğənni kimi sevirdi. Həkimlər ona siqareti qadağan etmişdi. Maşınını idarə etmədiyindən, satmışdı. Onunla həkimdən qayıdanda dedim ki, yarım il siqaret çəkmə, sənə maşın alacam. Sözünü tutdu, ona maşın aldım.

 Dünyasını dəyişdi, öz maşınımı kənara atıb, bir müddət onun avtomobilini sürdüm. Əlim gəlmirdi ki, onun maşınında əşyalarına baxım. Sonra cürət etdim və gördüm ki, CD-lər üçün rəfdə 17-18 disk var. Onun 6-sı mənə məxsus idi. Deməli, atamın 30 faiz zövqü mən olmuşam. Bəlkə daha çox mahnım olsaydı, 50 faizədək gəlib çatardı. Mənim üçün ən böyük fəxr budur.

 Atam çox mehriban və qayğıkeş biri, anamın qoruyucusu idi.

 - Bəs indi kiminlə yaşayırsız?

 - 20 ildir ki, tək yaşayıram. Tək yaşamağım üçün evdə 3-cü dünya müharibəsi baş vermişdi (gülür). Anam hər zaman bütün övladlarına qarşı “Getmə gözümdən, gedərəm özündən” prinsipi ilə yaşayıb. Nəhayət ona izah etdim ki, evə gec gəlirəm, mən qapıya açarı salmamışdan, sən açırsan. Yatmır, səhərə kimi məni gözləyirdi. Ona qıymıram, istirahət etməlidir, yatmalıdır. Elə yaşamalıyam ki, onu narahat etməyim. Ayrı yaşasam da, anamı tez-tez görürəm. Görməyəndə də, gündə iki dəfə zəngləşirəm.

 - Ailə həyatınızla yalnız bir dəfə gündəmə gəldiz. İkinci dəfə gündəmə gəlmək fikriniz var?

 - Özüm kimi eşq-məhəbbət üçün “sinov” gedən ikinci bir adam yoxdur (gülür). Mənim üçün vacib odur ki, kimsə mənə sığal çəksin, gözəl sözlər desin. İşdən qayıdanda o qayğıkeş gözləri görmək istəyirəm. Sənətim çox qısqancdır. Kəbinli arvadım - səhnədir.

 Şablon səslənməsin, sənət insanının həyat yoldaşı olmaq çox çətindir. Hardasa səni öpürlər, kimsə şəkil çəkdirir. Xanımlar o zərlərdən elə istifadə edirlər ki, evlərdə “lov salmaq” üçün başqa vasitəyə ehtiyac qalmır. Evə gəlirsən, pencəyin kənarında bir balaca zər qalır. “Əzrail” yaxandan yapışır ki, bu kimindir, hardandır? Baxın, bu məsələləri içində boğub, sevdiyini sevməyə davam edən çox az xanım var. Heç kim bu həyata kiminsə köləsi olmaq üçün gəlməyib. Bu məsələnin üstündən müdrikcəsinə keçməyi hər kəs bacara bilməz. Digər tərəfdən evlənmə dələduzlarının ən sevimli hədəfiyəm. “Evi, pulu, maşını var” deyirlər. Özümü ayıq-sayıq aparıram.

 Çox çətindir. Bilirsiz, 18 yaşında insanın sadə tələbləri olur. Gözəl olsun, qəşəng yeməklər bişirsin, anamla yola getsin və deyingən olmasın. 46 yaşlı bir insanın ən azı 46 çəpəri var. Təkcə yaxşı yemək bişirmək prinsipi azlıq edir. Mən çox istəyərəm ki, ailə qurum. Elə sevmək istəyirəm ki,..

 

 - Bəs uşaq sahibi olmaq istəyiniz yoxdur?

 - 1990-ci illərin əvvəlində vəziyyət çox pis idi. Hamı bir neçə yerə işləyirdi ki, pul qazana bilsin. Mən 3 qızın əmisiyəm, onların ikisinə özüm baxırdım.Yedizdirirdim də, çimizdirirdim də, yatızdırırdım da. Yəni, təcrübəm də var, uşaqları da çox sevirəm.

 Ana-atasının sözünə baxmayan uşaqlar mənim yanımda elə bil ki, ipəkdəndirlər. Çünki heç vaxt edə bilmədiyim şeylərlə onları qorxutmuram. Demirəm ki, sənin iki gözünü bir deşikdən çıxararam. Uşaq görür ki, bir dəfə vəd etdiyin cəza baş vermədi, ikinci dəfə sənin başına çıxacaq. Elə cəza fikirləşməlisən ki, o, bunun baş verəcəyini anlasın.

 Fikirləşirəm ki, ikinci bahar baş versə, uşağın ora-burasını öpməklə məşğul olaram. Sənəti də ataram (gülür).



























8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.