Telli Pənahqızı: Evinizdə şıllaq atan, şpaqat açanları görmək istərdinizmi?

Telli Pənahqızı: Evinizdə şıllaq atan, şpaqat açanları görmək istərdinizmi?
31 Okt 2018 17:09


Realpress.az-ın müxbirinin suallarına tanınmış telejurnalist Telli Pənahqızı cavab verir:

- Telli xanım, bu anda əhval-ruhiyyəniz necədir? Uzun illərdir jurnalistikadasınız. Hazırda sənət, yaradıcılıq əhval-ruhiyyəniz, bunun üçün stimul varmı?

- Bir az payıza bənzəyir, bir az da yayın nostaljisi var. Amma mən ilin bu fəslini sevirəm. Bu fəsildə sanki insan həyatının inikası var.

Yaşıllığın tədricən sarıya çevrilməsi, dünənəcən kölgələndiyin ağacların çılpaq görkəmi, ayağın altına döşənən xəzəllərin xışıltısı (bəlkə ağrısı), küləyin iradəsinə tabe olub dabanbasaraq hara gəldi yüyürən yarpaqların təngiyən nəfəsi…

Biz də belə deyilmiyik? 

Qayğısız günlərimiz, sevdalı çağlarımız, müdriklik məqamlarımız və həyatın faniliyinə  güclənən inamımız…

- Bu an hansı təklifin gəlməsini istərdiniz və ya nə edərdiniz?

- 30 il əvvələ dönməyi təklif edən varmı?(Təbii ki, sualınızın məqsədi bu deyil).

Çox istərdim ki, böyük bir auditoriya ilə görüşmək  şansım olsun.

Və mən ora toplaşan ağıllı, savadlı, ziyalı insanlardan soruşum ki, biz niyə belə sürətlə insanlıqdan, səmimiyyətdən, şəfqətdən, qayğıdan, ünsiyyətdən, cavabdehlikdən, fədəkarlıqdan, bir sözlə, cəmiyyəti, milləti var edə biləcək gözəl xüsusiyyətlərdən uzaqlaşdıq?

Niyə könlümüzü etinasızlığa, sevgisizliyə, biganəliyə, hərisliyə, insafsızlığa təslim etdik? Dilimizə, mədəniyyətimizə, mənəvi dəyərlərimizə, yazı mədəniyyətimizə, təhsilimizə, səhiyyəmizə, bir-birimizlə səmimi davranışımıza, böyüyə ehtiram, kiçiyə məhəbbət hissimizə asi olmağı kimdən öyrəndik?

Nə vaxtdan bəri hər şeyin meyarı pula, qazanca, var-dövlətə aşırı aludəçilik, bağlılıq oldu?

Eh o qədər belə suallar var ki…

- Sizdən bir neçə il öncə də müsahibə almışdıq. Peşəkar və təcrübəli telejurnalist kimi, telekanallardan və həmkarlarınızdan (müəyyən istisnalarla) ciddi narazılıq etmişdiniz.

Ötən dövrdə dəyişən nə isə varmı? Həm fikirlərinizdə, həm də telejurnalistikada? Müsbətədir, yoxsa, daha da mənfiyə?

- Görünən kəndə nə bələdçi?! Görmürsüz Tv-lər nə gündədir?!

O vaxt çoxları deyirdi ki, sizə də veriliş bəyəndirmək olmur, heç kimi bəyənmirsiniz, cavandırlar, öyrənəcəklər, təcrübə toplayacaqlar. Ancaq…təəssüf ki, bu ötən illərdə artan, sadəcə, telekanalların sayı oldu. Kəmiyyət keyfiyyəti yedi, bitirdi!

Mən həmişə demişəm, yenə təkrar edirəm ki, efir, ekran hər kəsin evinin baş köşəsinə yerləşdirdiyi adi qutu deyil! Bu sehrli cihazın aynasında görünmək hüququ qazananlar dərk eləməlidirlər ki, çağırılmamış qonağı olduqları  evlərə, ailələrə hörmət və ehtiram göstərmək onların boyunlarının borcu, jurnalistikanın yazılmamış əsas qanunlarından biri, bəlkə də birincisidir.

Efirə çıxan, aparıcılıq eşqinə düşən hər kəs bilməli və nəhayət anlamalıdır ki, o evlərin əziz qonağıdır. Bu qonaq ən azından öz nitqi, geyimi, ədəb-ərkanı, mədəniyyəti, davranışı və sadalamaq istəmədiyim onlarla qabiliyyət və bacarığı ilə hər kəsə nümunə olmalıdır. Mən, elə siz də, evinizdə şıllaq atan, şpaqat açan, cümləni başlayıb sonunu tamamlamağa qabiliyyəti çatmayan, efirdə adam “boğuşdurmağı”, söyüş söydürməyi, yersiz sualları, gic-gici, mənasız mükalimələri, cəmiyyətə  heç bir xeyri  olmayan mövzuları ilə “reytinq” qazanmaq istəyən birini görmək istərdikmi?

Məncə, yox! Olmaz!!! Mən evimin yuxarı başına çıxardığım, vaxtımı sərf etdiyim insanlardan ilk növbədə özümə, ailəmə, millətimə, xalqıma sevgi, ehtiram, cavabdehlik, məsuliyyət tələb edirəm. Bu, mənim vətəndaş və ziyalı kimi haqqımdır!

- Telekanallarda, telejurnalistikada nələri, hansı layihələri görmək istərdiniz?

 - Bu gün “mövzu qıtlığıdır”, - deyənləri başa düşmürəm.

Son illərdə efirdə “müğənniciklərdən”, müasir  səsyazma studiyalarının texniki imkanlarına güvənib “güclü səs sahibi” olanlardan, ailə-məişət zəminində yaranan dava-dalaşlarını, narazılıqlarını ictimailəşdirmək həvəsində və qeyrətində olanlardan başqa heç kim və heç bir mövzu yoxdur.

Gecənin hansı saatında televizoru açsanız, özəl kanalların hamısında çalıb-oxuyanlardan başqa heç kəsi görməyəcəksiniz. Niyə? Çünki, bu adamlar o TV kanallara pul verir, sonra da verdiyinin müqabilində ona ayrılan saatda ağlına və ağzına gələni danışmaq sərbəstliyi qazanır. Belə istedadsız və təsadüfü adamlar üçünsə, fərqi yoxdur o verilişə kim baxır, onun haqqında nə düşünür, nə deyir.

Ancaq bir zərərli cəhəti unutmayın: belələri gün keçdikcə “reytinq” toplamaq naminə daha çox canfəşanlıq edir və “məşhurlaşır da”, necə deyərlər, bir də görürsən hamı “onu deyirlər” havası üstə köklənib...

- Son illər telekanallarda milli teleseriallarımız nümayiş etdirilməkdədir. Amma bununla belə, insanlarımız yenə də Türkiyə, Latın Amerikası, Rusiya seriallarını daha maraqla və həvəslə izləyir. Həmçinin, 30 ildən artıq ölkəmiz müharibə şəraitindədir.

Amma “Fəryad”dan sonra insanları duyğulandıracaq, təsirləndirəcək filmlərimiz yoxdur... Sizcə, səbəb nədir? Peşəkarlar yoxdur, ssenaristlər yoxdur, güclü rejissura yoxdur, yoxsa?...

- Bilmirəm. Mən də sadaladığınız tamaşaçılar arasındayam.

Bizdə kino sahəsində əməlli-başlı böhran var. Ancaq insaflı olmaq və kiminsə zəhmətini heçə saymaq istəmirəm. Televiziyada çəkilən filmlər də bir qrup insanın yaradıcılıq məhsuludur, təbii ki, hər işə böyük əmək sərf edilir, əziyyət çəkilir.

Cavanlar nə isə eləməyə çalışırlar, deməli, işləmək istəyən bir gənclik var. Sadəcə, gərək bu cavanlar özlərindən əvvəlki nəsillə yaradıcılıq bağlarını qırmazdı

Bizimkilər çox vaxt çirkli su ilə bərabər ləyəndəki uşağı da atırlar. Ancaq unutmaq olmaz ki, arxalarında illərin təcrübəsi olan yaşlı insanlardan öyrənmək, nəyisə mənimsəmək, yalnız işin xeyrinə ola bilər.

Çox təəssüf ki, bizdə hələ də kino mütəxəssislər qıtlığı var; adicə işıq qurmağı, qrim eləməyi bacaran tək-tük peşəkar tapmaq olar.

Bir də cavanlara söyləyəcəyim bir məqam da var. Arzum budur ki, onlar bir-birilərinə paxıllıq etməsin, bir-birinə düşmən kəsilməsin, əksinə, bir-biri ilə rəqabətləri gözəl işlərin başlanğıcı olsun, bu yarış kinomuzun, televiziyamızın, mədəniyyətimizin xeyrinə olsun!

- Həmçinin, 90-cı illərə kimi olan dövrlə müqayisədə, müəyyən istisnaları nəzərə almasaq, teatrlara gedənlərimizin sayı xeyli dərəcədə azalmaqdadır.

Əvvəlki anşlaqlar yox dərəcəsindədir. Bunun kökü nədən qaynaqlanır?

 - İnsanların həyat qayğısı, narahatlığı artıb.

Şəhərdə əhalinin sayı çox olsa da, “elitar mühit” yoxdur. Əvvəllər, yaşlı adamlar deyərdilər ki, teatra, konsertə gedəndə biz toya-bayrama dəvət edirlər kimi bəzənib-düzənirdik, ən yaxşı libaslarımızı geyinirdik, teatr tamaşalarının bilet və proqramlarını uzun illər əzizləyib saxlayardıq, yaxınlarımızla, dost-tanışlarımızla görüşəndə və ya telefonla danışanda  tamaşa və film haqqında təəssüratımızı bölüşürdük.

İndi hanı o tamaşaçı auditoriyası? İşi şəhəri dolanmaq olan taksi sürücülərinin 90 faizi heç teatrların yerini bilmir.

Özü də ən azından 10-15 ildir şəhərdə yaşadığını deyirlər. Məncə, teatra sevgi uşaq yaşlarından formalaşmalıdır.

Əgər bizdə orta və ali məktəblərdə teatr tamaşalarına bilet satmaq qadağan olunubsa, gələcəyin tamaşaçısı harada yetişə, formalaşa bilər?

Bu, araşdırmaya və təhlilə ehtiyacı olan bir mövzudur. Ancaq inanın ki, teatrlarımızda yetərincə maraqlı tamaşalar və istedadlı aktyor, rejissor heyəti var. Sadəcə, tənbəlliyin daşını atıb bir qədər də mənəviyyatımızı “doyurmaq” qayğısına qalmalıyıq.

- Ciddi mədəniyyət nümunələri (söhbət son illərdən gedir) olsa da, insanlarımızın bir çoxu hələ də bayağı əsərlərə, şou-biznesə həvəs göstərirlər. Bunun səbəbi nədir: zövqlərin korlanması, korlandırılması, mədəniyyət sahəsindəki uzun illər yaşanan boşluq, yoxsa?... 

- Məncə, yuxarıdakı suallarınzı cavablandırarkən qismən də olsa, bu sualınızın da cavabını vermiş oldum.

Lakin bir vacib məqamı qeyd edim ki, heç kəsin heç kəsə güclə “bu verilişə, filmə bax!” demək kimi bir şansı yoxdur!

Sadəcə, hər kəs öz içindəki çırağın işığına tapınır!

İçinizdəki çırağın ziyasını qoruyun, qoyun onun şöləsi daha gur olsun!

Realpress.az

25 Fev 2024
Müsahibə

Kamaləddin Qafarov: “Xocalı soyqırımı bəşər tarixinin qanlı cinayətlərindən biridir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”

21 Fev 2022
Müsahibə

Slobodan Samarciya: “Serbiya ilə Azərbaycan əsl dostdur”

“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.

14 Fev 2022
Müsahibə

Vidadi Əhmədov: "Turan Tovuz"a 100 adamdan biri kimi dəstək verə bilərəm"

Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi

10 Fev 2022
Müsahibə

Maksim Şevçenko: “Minsk prosesi” yoxdur, onu unutmaq lazımdır - MÜSAHİBƏ

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.

9 Fev 2022
Müsahibə

Aleksandr Proxanov: “Gec-tez Ankara Rusiya ilə qarşıdurmaya gedə bilər” – MÜSAHİBƏ

Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.