Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO
29 Noy 2018 16:27

Azərbaycan Mətbuat Şurası nekroloq yayıb.

Realpress.az xəbər verir ki, Şuradan Trend-ə verilən məlumata görə, nekroloqda deyilir:

"Azərbaycan jurnalistikasına və incəsənətinə ağır itki üz verib. “Xalq qəzeti”nin əməkdaşı, Əməkdar mədəniyyət işçisi, “Qızıl qələm” mükafatı laureatı Rafiq Məmməd oğlu Salmanov 2018-ci il noyabrın 28-də ömrünün 69-cu ilində dünyasını dəyişib.

Rafiq Salmanov 1949-cu ildə Bakıda anadan olub. Orta məktəb illərindən bədii yaradıcılığa maraq göstərib. İncəsənət sahəsində ixtisas təhsili aldıqdan sonra bir müddət paytaxtın mədəni-maarif ocaqlarında çalışıb.

Bədii fotoqrafiya sahəsində ərsəyə gətirdiyi seçilən nümunələr, mədəniyyət mövzusunda ilk qələm təcrübələri və qəzet-jurnal redaksiyaları ilə sıx əlaqələri çox keçmədən Rafiq Salmanovu jurnalistikaya gətirib. Bu sahədə çoxillik fəaliyyətə “Azərbaycan pioneri” uşaq qəzetində başlamış fotojurnalist sonrakı illərdə fəaliyyətini “Azərbaycan qadını” jurnalında və “Vışka” qəzetində davam etdirib. Fotojurnalistika sahəsində uğurları və musiqi incəsənəti ilə bağlı silsilə yazıları ilə diqqəti cəlb etmiş R.Salmanov müstəqilliyin ilk dövründən “Xalq qəzeti”nin redaksiyasına dəvət alıb, ömrünün sonunadək burada çalışıb.

Milli müsiqimizin klassik ifaçılıq məktəbləri, tanınmış simaları, uğur və inkişaf meylləri barədə çoxsaylı yazıları, ölkənin son 40 illik həyatının müxtəlif sahələrinin görüntülü salnaməsinə çevrilmiş fotoreportyorluq fəaliyyəti Rafiq Salmanova geniş auditoriyada populyarlıq və professionallıq nüfuzu qazandırıb. Onun incəsənətlə bağlı yazılardan ibarət 4 kitabı Azərbaycanda jurnalist tədqiqatının ən yaxşı örnəkləri sırasında yer alıb, çoxsaylı foto nümunələri isə ölkəmizdə və xaricdə sərgilənib. Təcrübəli jurnalist və səriştəli müsiqiçi kimi Rafiq müəllim Heydər Əliyev Fondunun gerçəkləşdirdiyi muğam müsabiqələrinin və digər incəsənət layihələrinin fəal təbliğçilərindən olub.

Jurnalistika və mədəniyyətimizin inkişafında göstərdiyi xidmətlərə görə Rafiq Salmanova Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi adı verilib, yaradıcılıq uğurları müxtəlif mükafatlara layiq görülüb.

Tanınmış jurnalist və müsiqiçi, fəal vətəndaş, gözəl insan Rafiq Salmanovun işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır. Bu fikri bu gün mərhum jurnalisti yaşadığı Əli bəy Hüseynzadə küçəsindəki evin həyətindən son mənzilə yola salmış sənət dostları çox dərin üzüntü ilə dilə gətiriblər. Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin və “Xalq qəzeti” redaksiyası təmsilçilərinin vida mərasimindəki çıxışlarında R.Salmanovun jurnalistika və musiqi incəsənəti qarşısındakı xidmətləri yada salınıb, ruhuna dualar oxunub.

Allah rəhmət eləsin!"


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.