Heydər Əliyev xatirələrdə və yaddaşlarda

Heydər Əliyev xatirələrdə və yaddaşlarda
10 May 2019 17:17

Bu gün Azərbaycan xalqının və dövlətinin tarixində, həyatında ən önəmli, ən əlamətdar günlərdən biridir.

Bu gün – 10 may tarixində Azərbaycan xalqının və dövlətinin tarixində, istər keçmiş sovetlər dönəmində, istərsə də Azərbaycanın XX əsrdə – ikinci müstəqilliyi dönəmində böyük xidmətləri olmuş tarixi şəxsiyyət, müdrik dövlət və siyasət xadimi Heydər Əlirza oğlu Əliyevin doğum günüdür.

Heydər Əliyev 1923-cü ilin 10 mayında Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub.

Çox gənc, erkən yaşlarından daxili işlər və təhlükəsizlik orqanlarında məsul vəzifələrdə çalışan, işlədiyi sahələrdə hər zaman özünü doğruldan Heydər Əliyev general rütbəsinəcən yüksələrək, cəmi 44 yaşında Azərbaycan SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTX) sədri vəzifəsinə təyin olunub, iki il sonra isə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək, 1969-cu ilin iyulun 14-dən 1982-ci ilin noyabr ayınacan Azərbaycana rəhbərlik edib.

1982-ci ilin noyabrında dünyanın iki supergücündən birinin – SRRİ-nin rəhbərliyinə yüksəlib, həm SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilib, həm də Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsinə irəli çəkilib.

1987-ci ilin oktyabrında Mixail Qorbaçovun yeritdiyi siyasətə etiraz əlaməti olaraq, Siyasi Büro üzvlüyündən və Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verib. Bundan sonra Qorbaçov və onun ərtafında yer alan erməni mafiyası tərəfindən təqib və təzyiqlərlə üzləşən Heydər Əliyev ona yönələn bütün hücumları dəf edib, mətanətlə sinə gərib.

1990-cu ildə yenidən Azərbaycana, doğma Naxçıvanına qayıdan Heydər Əliyev elə həmin ilin payızında Azərbaycan SSRİ Ali Sovetinin sonuncu çağırış seçkilərində deputat seçilib, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə fəal iştirak edib, SSRİ-nin qorunub-saxlanılması ilə bağlı 17 mart referendumunun əleyhinə səs verən cəmi 43 millət vəkilindən biri olub.

Azərbaycanın müstəqilliyinin ilk dövlərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində işləyən Heydər Əliyev polkovnik Surət Hüseynovun 4 iyun 1993-cü il hərbi qiyamından sonra o zamankı AXC-Müsavat rəhbərliyi tərəfindən Bakıya dəvət edilib, 15 iyunda Ali Sovetin sədri vəzifəsinə seçilib, cəmi doqquz gün sonra isə prezidentin səlahiyyətlərini icra etməyə başlayıb.

1993 və 1998-ci ilin payızında Azərbaycan xalqının mütləq əksəriyyətinin dəstəyi ilə ölkə prezidenti seçilib.

İşlədiyi dövr ərzində Azərbaycanı bölünmə, parçalanma, müstəqilliyini itirməsi təhlükəsindən, vətəndaş müharibəsindən xilas edib, Azərbaycanı uğurlu neft strategiyası, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə qısa bir zamanda böyük inkişaf yoluna çıxarıb, ölkəsinin imzasını imzalar içində tanıdıb.

2013-cü ilin dekabr ayının 12-də uzun sürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, mərhum dövlət başçısı hakimiyyətdə olduğu illər ərzində hər zaman xalqı, sıravi insanlarla bir arada olub, onların hər birinin problemləri ilə şəxsən maraqlanıb, diqqət, qayğı göstərib.

Neçə-neçə sadə Azərbaycan insanı, sıravi Azərbaycan vətəndaşı məhz Heydər Əliyevin birbaşa diqqət və qayğısı, böyük etibar və etimadı nəticəsində yüksək, məsul vəzifələrə irəli çəkilib, tanınıb, məşhurlaşıb.

Odur ki, Oxu.Az olaraq Heydər Əliyevin 96-cı doğum günündə həmin insanlardan bir neçəsinin mərhum dövlət başçısı ilə bağlı fikir və xatirələrini bölüşməyə qərar verdik.

Fatma Hüseynova: Heydər Əliyev dedi ki, fiqura saxlayırsınız, niyə yemirsiniz? Siz yeməsəniz, onda mən də nahar etməyəcəyəm...

Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Fatma Hüseynova Oxu.Az-a açıqlamasında ata bildiyi H.Əliyevə daim minnətdar və borclu olduğunu söyləyib:

“Heydər Əliyev mənim mənəvi atam idi. O, məni nə adımla, nə də soyadımla çağırardı, sadəcə, “qızım” deyərdi. Heydər Əliyev ilk dəfə 1969-cu ildə hakimiyyətə gəldi, Azərbaycanın birinci katibi katibi oldu. 1972-ci ildə məni şəxsən özü təsərrüfat  briqadiri seçdirdi. Birinci hakimiyyəti dövründə 14 dəfə Sabirabadda oldu, hamısında da kəndimizə, təsərrüfatıma baş çəkdi, əməkçilərimizlə görüşdü, mənimlə şəxsən söhbətləşdi. Bir dəfə məndən soruşdu ki, işçilərdən, qızlardan aralarında nişanlı olanı varmı, mən də dedim ki, bəli, var. Dedi ki, onları çağır gəlsin, görüm nə istəyirlər. Mən də çağırdım, dedim ki, nə istəyirsiniz, nəyə ehtiyacınız var. Hamısı Heydər Əliyevdən çəkindikləri, utandıqları üçün sözlərini, arzularını mənə dedilər, əksəriyyəti xarici mebel arzusunda olduğunu bildirdi. Üstündən cəmi bir gün sonra, axşamüstü gördüm ki, mebel maşınları dalbadal düzülüb. Dedilər ki, özünüz qol çəkməlisiniz, kolxoz sədri lazım deyil.

Ondan sonra növbəti il rayonumuza gələndə soruşdu ki, qızım, sənin nəyə ehtiyacın var, sən niyə özün üçün bir şey istəmirsən? Hara gedirəm, hamısından soruşuram, hər biri arzusunu bildirir, ancaq sən heç nə istəmirsən.

Onda “yoldaş Əliyev” deyə müraciət edirdik, dedim ki, yoldaş Əliyev, kəndimizdə yararsız, şoranlaşmış torpaqlar var, onları yararlı hala saldırıb, mənə versəniz, bu, mənim üçün ən böyük hədiyyə, mükafat olar, həmin torpaqlardan filan qədər pambıq, məhsul verərəm. Dedi ki, nə qədər, dedim ki, 1500 ton. Yanındakı yoldaşa dedi ki, yaz. Bir gün keçdi, bir də gördüm ki, texnikalar tökülüb, sanki bir diviziya idi...

Azərbaycan SSR Kommunist Partiyasının 30-cu qurultayı idi, Sabirabaddan 50 nəfərlik nümayəndə heyəti getmişdi. Biz hamımız foyedə kənarda dayanmışdıq, mən də bir qıraqda təkcə dayanmışdım. Hamımız gözləyirdik ki, gəlib birinci Heydər Əliyev səs versin, sonra biz. Bir də gördüm ki, Heydər Əliyev düz mənə doğru gəlir, alnımdan öpdü və dedi ki, qızım, səni təbrik edirəm.

Bilmirdim ki, nəyə görə təbrik edir. Dedim ki, çox sağ olun. Sonra hamımız qurultay keçirilən zala daxil olduq, mən də Rəyasət Heyətində əyləşmişdim, arada beş dəqiqəlik fasilə oldu, məni yenə yanına çaığırdı, dedi ki, qızım, sənin tərcümeyi-halını götürdülər? Cavab verdim ki, xeyr. Dedi ki, necə yəni götürməyiblər?! Dedim ki, vallah, götürməyiblər, dedi ki, yaxşı. O vaxt qurultay iştirakçılarını da mehmanxanlarda yerləşdirirdilər.

Mənim qaldığım otaqla Sabirabadın birinci katibinin qaldığı otaq bitişik idi, bir də gördüm ki, katibin otağında səs aləmi bürüyüb. Sonra həmin vaxt birinci katibin yanında olan Mənsimovdan soruşdum ki, nə səs-küy idi? Dedi ki, bəs sənin Sosialist Əməyi Qəhrəmanlığına adın təqdim olunmalıdır, Heydər Əliyev də bu məsələni gecikdirdiyinə görə birinci katibi möhkəm danladı. Deyib ki, axı tapşırmışam ki, o qızın sənədlərini düzəldib, göndərin, niyə etməmisiniz?! Onun üstündə birinci katibi xeyli danlamışdı...”

F.Hüseynova SSRİ Ali Sovetinin deputatlığına namizədliyinin irəli sürülməsində maraqlı məqamın yaşandığını xatırladıb:

“Həmin vaxt Gəncədə, Kənd Təsərrüfatı İnstitutunda oxuyurdum, tətilə gəlmişdim. Bir gün Heydər Əliyev yenidən bizim rayona, təsərrüfatımıza gəldi. Dedi ki, qızım, səndən sənəd almadılar? Cavab verdim, xeyr.

Birinci katib Məmmədov da bizim yanımızda idi. Dedi, axı tapşırmışdım ki, bu qızın sənədlərini hazırlayıb SSRİ Ali Sovetinin deputatlığına namizədliyini verin, niyə etməmisiniz? Katib cavab verdi ki, axı, o, Azərbaycanın deputatıdır, onun yerinə başqasının sənədlərini  hazırlamışıq. Heydər Əliyev dedi ki, çox səhv etmisən, necə ola bilir mən həm Azərbaycanın, həm SSRİ-nin deputatı ola bilirəm, amma bu qız yox?!  Görün Heydər Əliyev necə gözəl insan və necə böyük şəxsiyyətdir ki, mənimlə özündə fərq görmürdü.

Sonra bir gün SSRİ Kommunist Partiyasının 25-ci qurultayında iştirak etmək üçün Moskvaya gedirdik, özü də qatarla. Mühafizəçisi gəldi və dedi ki, yoldaş Əliyev sizi çağırır. Günorta, nahar vaxtı idi. Biz də həyəcanla soruşduq ki, görəsən, niyə çağırır, dedi ki, nahara dəvət edir. Durduq, getdik, bir tərəfində məni, bir tərəfində də Tərlan Musayevanı əyləşdirdi. Bizim xətrimizi çox istəyirdi.

Biz də utandığımızdan onun yanında çörək yeyən idik?! Süfrədə təzə xiyar vardı, götürdüm onu o tərəf, bu tərəf eləməyə. Sən demə, Heydər Əliyev də fikir verirmiş, dedi ki, siz yeməsiniz, mən də yeməyəcəyəm. Dedi ki, fiqura saxlayırsınız, niyə yemirsiniz? (gülür). Siz yeməsəniz, onda mən də nahar etməyəcəm. Çəkinə-çəkinə pendirdən bir az kəsib götürdüm, dedim ki, yoldaş Əliyev, vallah, süfrə başından durub gəlmişik, ona görə yemirik...

Artıq Sosialisit Əməyi Qəhrəmanı seçilmişdim, SSRİ Ali Sovetinin deputatı idim. Bir gün SSRİ Ali Sovetinin sessiyası idi. Artıq Heydər Əliyev onda Siyasi Büroda idi. Amma hər sessiyada bizimlə mütləq görüşər, hal-əhval tutardı.

Hamımız bir kənarda dayanmışdıq. Heydər Əliyev Qazaxıstanın, Orta Asiya respublikalarının birinci katibləri ilə bir yerdə dayanmışdı. Qayıdıb onlara zarafatla, gülə-gülə dedi ki, bir Azərbaycan  gözəllərinə baxın, bir də  öz gözəllərinizə, onların  geyim-keciminə niyə fikir vermisiniz?! (gülür) Yəni Heydər Əliyev ciddi insan olduğu kimi, həm də çox zarafatcıl, böyük yumor hissi olan bir insan idi.

Bir gün yenə bizim kolxoza,təsərrüfatımıza gəlmişdi. Dedi, axı, niyə özün üçün də nəsə istəmirsən, dedim ki, yoldaş Əliyev, vallah, sizin gəlişiniz elə mənim üçün hədiyyədir. Əgər mümkün olsa, kəndimizin balalarına müasir məktəb binası tikilib, istifadəyə verilsin.

Mənim xahişim və onun göstərişi ilə qısa zamanda kəndimizdə ən müasir tipli üç mərtəbəli məktəb binası tikilib istifadəyə verildi və onun açılışında şəxsən özü iştirak etdi. Ancaq Qarabağ müharibəsi ilə əlaqədar məcburi köçkünlərimizin bir qismi həmin məktəb binasında yerləşdirildi. Həmin məktəb mənim evimlə üzbəüz idi. Artıq məktəb binası köhnəlmiş, məktəb üçün yararsız hala düşmüşdü.

Hər dəfə bütün tədbirlərdə yeni məktəbin tikilməsi məsələsini qaldırırdım. Bir gün maliyyə naziri Samir Şərifov rayonda qəbul keçirərkən, söz aldım və xahiş etdim ki, kəndimizdə yeni məktəb binasının tikilməsi üçün maliyyə ayrılsın. Ancaq elə oldu ki, bu məsələ həmin  vaxt alınmadı. Ancaq bundan bir müddət sonra cənab prezident İlham Əliyev bizim rayona,  Rayon Mərkəzi Xəstəxasının açılışına gəlmişdi. O zaman ondan xahiş etdim ki, həmin məktəbin təmirinə kömək göstərilsin.

O da dərhal göstəriş verdi və artıq həmin bina tam dəyişdirilmiş bir hala gətirilib, sanki yeni bina tikilib, bütün müasir standartlara cavab verir, baxanda adamın ağzı açıq qalır. Artıq işlər yekunlaşmaq üzrədir və inşallah, Heydər Əliyevin tikdirdiyi həmin məktəbin təmirdən sonra açılışında cənab prezidentimiz İlham Əliyevin də iştirakı gözlənilir. 

Xatirələr çoxdur. Birini də danışmaq istərdim. Bir gün Heydər Əliyev dedi ki, qızım, bəlkə, səni  katib təyin edim.

Mən də  əvvəlcə elə bildim ki, zarafatla deyir, sən demə, gerçəkdən deyirmiş. Dedim ki, yoldaş Əliyev, çox sağ olun, mən torpaqla başlamışam, bu həyatı torpaqla da başa vurmaq istəyirəm. Dedi ki,  qızım, sənə bir ay vaxt verirəm, get, fikirləş. Dedim ki, yoldaş Əliyev, yenə də çox sağ olun, istəmirəm, bu iş mənlik deyil, yalan danışa bilmərəm, biz ata-balayıq.

İndi onun davamçısı olan cənab prezidentimiz də rəhmətlik Heydər Əliyev kimi, mənim nə adımı, nə soyadımı deyir, mənə “bacı” deyə müraciət edir. Bildiyiniz kimi, üç il öncə rayonumuza, bizim təsərrüfata gəlmişdi. Mən də tez ona süfrə açdırdım, dedilər ki, ehtiyac yoxdur, sahəyə baxıb, gedəcək.

Dedim ki, olsun, süfrədə əyləşsə də, sağ olsun, əyləşməsə də. Pambıq sahəsinə baxıb, əməkçilərlə görüşdükdən sonra dedim ki, cənab prezident olarmı bir söz deyim, dedi ki, buyur, bacı. Dedim ki, mən sizə süfrə açdırmışam, ilk dəfədir ki, bizim təsərrüfatda olursunuz, 14 dəfə Heydər Əliyev burada olub, birinci dəfədir də siz, əyləşsəniz də sağ olun, əyləşməsəniz də. Gəldi, süfrə arxasında əyləşdi, mürəbbə ilə çay içdi, bir-iki gilə üzüm də yedi, şirniyyatdan da bir balaca daddı... Yəni demək istəyirəm ki, Heydər Əliyev daim mənim mənəvi dayağım, arxam, böyüyüm, atam olub. İndi də həmin münasibəti oğlundan – cənab prezidentdən görürəm. Allah Heydər Əliyevə rəhmət etsin, ölkə prezidentinə də can sağlığı versin!”

Eldar İbrahimov: Heydər Əliyev zarafatyana soruşdu ki, mənim yanıma yaxın adam kimi gəlirsən, yoxsa?

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüskarlarından və yaradıcılarından, məşhur “91-lər”dən olan professor, Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov hələ gənc yaşlarından H.Əliyevin pərəstişkarı, heyranı olub. Hər zaman bir anlıq olsun belə, onunla görüşəcəyi anın xəyalı ilə yaşayıb. E.İbrahimov deyir:

“1982-ci ildə belə bir imkan yaransa da, son anda Heydər Əliyevlə yaxından tanış olmaq, görüşmək istəyim baş tutmamışdı. Bununla belə, nəhayət, 1990-cı ilin yayında ürəyimdə neçə illərdən bəri  arzum reallaşdı. Həmin ilin iyul ayında Heydər Əliyev Naxçıvana gəldi. Bu, o vaxtlar idi ki, keçmiş SSRİ və Azərbaycanın o dönəmki rəhbərliyi tərəfindən bu böyük şəxsiyyətə qısqanc münasibət hökm sürürdü, ona qarşı açıq-gizli təqiblər, təzyiqlər mövcud idi. Heydər Əliyevlə görüşmək böyük risk tələb edirdi, qorxulu idi.

Düzünü desəm, bunları göz önünə gətirib mən də bir qədər tərəddüd, götür-qoy etdim. Çünki yenə deyirəm, hələ SSRİ dövrü idi, Naxçıvan Vilayət Partiya Komitəsinin  Büro üzvü idim, Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini idim, yüksək vəzifəm vardı. Amma bütün bunlara baxmayaraq, bir insan kimi Heydər Əliyevə olan məhəbbətim, bir naxçıvanlı kimi qeyrətim qəbul etmədi ki, onunla görüşməyim. Və bir gün gedib Heydər Əliyevlə görüşdüm.

Görüşdüm, özümü təqdim etdim, ordan-burdan bir xeyli söhbətləşdik. Dedi ki, Eldar, qorxmadın, mənimlə görüşməyə gəldin? Dedim ki, yox, niyə qorxuram ki?! Dedi ki, axı, mənimlə görüşməyə gəldiyin üçün səni işdən çıxara bilərlər? Cavab verdim ki, yoldaş Əliyev, ömür müvəqqətidir, o ki vəzifə olsun, mən bu vəzifəyə gələndə çıxacağımı da gözümün qarşısına almışam.

Mən qorxaq adam deyiləm. Siz bizim xalqımızın böyük, dahi oğlusunuz, mənim bir insan kimi haqqım yoxdur ki, sizinlə görüşməyəm. Hətta onu da  dedim ki, bəlkə, başqa biri olsaydı, gəlməyə bilərdim, amma mən naxçıvanlıyam, qeyrətim yol verməz ki, sizin görüşünüzə gəlməyim”.

İlk görüşün üstündən bir ay keçəndən sonra E.İbrahimov yenidən H.Əliyevin görüşünə gedir:

“Ümumiyyətlə,  imkan yaranan kimi, onun görüşünə gedirdim, ona baş çəkirdim. İkinci dəfə görüşəndə dedi ki, Eldar, mən öyrəndim, sən mənə yaxın adamsan, özün də Cəhridənsən, rəhmətlik atan Rza kişi tanınmış dülgər olub. Sonra gülə-gülə, zarafatyana soruşdu ki, bura – mənim yanıma yaxın adam kimi gəlirsən, yoxsa?

Dedim ki, mən sizi xalqımızın böyük oğlu kimi tanımışam, pərəstiş etmişəm, həsrətinizi çəkmişəm ki, haçansa sizinlə görüşə biləcəmmi?! Lap əvvəldən başladım, hər şeyi açıb danışdım. Dedim ki, 1982-ci ildə siz Naxçıvana gəlməli idiniz. O zaman hələ Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi idiniz. 1982-ci ilin may ayında Naxçıvana möhkəm qar düşmüşdü.

Siz də həmin vaxt Gürcüstana səfərdən birbaşa Naxçıvana gəlmişdiniz. O vaxt “obkom”un ikinci katibi məni yanına çağırıb dedi ki, Heydər Əliyev gələcək, sən də birinci katibin qəbul otağında növbətçi duracaqsan, bu sözləri deyəcəksən, məruzə edəcəksən… Mən sizin pərəstişkarınız olduğumdan bu xəbərdən həm sevindim, həm də məsuliyyət hiss etdiyimdən qorxdum ki, Heydər Əliyevlə necə görüşəcəyəm.

Axı Heydər Əliyevin ömrü boyu həsrətində olmuşdum, bəzən öz-özümə deyirdim, görəsən, haçansa onunla görüşə biləcəmmi ki, əlim onun əlinə dəysin. Eyni zamanda, Heydər Əliyev necə geyinir, necə qalstuk bağlayır, yerişi-duruşu necədir.

Bir sözlə, həm çox sevinirdim, həm də qorxurdum. Ancaq qismət elə gətirdi ki, siz gəldiniz, yuxarıya – ikinci mərtəbəyə qalxmadınız, birbaşa iclas zalına daxil oldunuz, çıxışınızı edib getdiniz. Sizinlə görüşmək istəyim beləliklə, baş tutmadı, bir növ arzum ürəyimdə qaldı. Ancaq Allah sizinlə görüşmək qismətini mənə nəsib edibmiş.

Bu əhvalatı danışandan sonra Heydər Əliyev yenidən  özünəməxsus tərzdə gülə-gülə zarafatla dedi ki, bilsəydim, qalxardım yuxarıya – birinci katibin qəbul otağında səninlə görüşərdim. Heydər Əliyevə dedim ki, məhz bu mənada sizin yanınıza gəlmişəm, qohumluq, yaxınlıq da öz yerində. Çox sağ olun ki, yaşca məndən böyük olduğunuz üçün siz özünüz bunları deyirsiniz, mən desəydim, başqa cür çıxardı.

Elə o vaxtdan Heydər Əliyevlə bizim aramızda çox səmimi bir münasibət yarandı və qismət elə gətirdi ki, 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçkiləri zamanı Heydər Əliyev Babək rayonunun Nehrəm kəndindən – 340-cı dairədən, mən isə həmin rayonun 342-ci Cəhri seçki dairəsindən deputat seçildik”.

Tərlan Musayeva: Həm bu günümə, həm keçmişimə, həm də gələcəyimə görə Göydə Allahıma, Yerdə Heydər Əliyevə borcluyam

Daha bir məşhur əmək qəhrəmanı, SSRİ Ali Sovetinin deputatı, ilk çağırış MM-in üzvü, sabiq millət vəkili Tərlan Musayeva da Heydər Əliyevlə bağlı xatirələrinin həddindən çox olduğunu bildirib:

“Heydər Əliyev barədə günlərlə danışsam, yenə kifayət etməz. Onunla bağlı fikirlərim, xatirələrim həddindən artıq çoxdur. Məni Tərlan Musayeva edən o kişi olub. Göydə Allahım, Yerdə Heydər Əliyev mənim arxa-dayağım, qol-qanadım olub.

Mən ondan özümə daim atalıq qayğısı görmüşəm. O, mənə daim övladlarından biri kimi yanaşıb, qayğı, diqqət göstərib. İstər birinci hakimiyyəti dönəmində, istər ikinci hakimiyyəti dönəmində həmişə mənimlə maraqlanıb, axtarıb, tapıb, söhbətləşib, dərdləşib.

Heydər Əliyev o zamanlar hər dəfə Bərdəyə gələndə mənimlə görüşərdi, mənimlə görüşməmiş Bərdədən ayrılmazdı. Yadımdadır, bir dəfə yenə Heydər Əliyev Bərdəyə gəlməli olur, ancaq nədənsə, rayon rəhbərliyi məni protokola daxil etmir. Heydər Əliyev rayona gələrkən, bizimlə qonşu kənddən keçən zaman mənimlə maraqlanır, deyir ki, bəs Tərlan niyə yoxdur, onun kəndi buraya yaxındırmı?

Deyirlər ki, elə bizimlə qonşu kənddəndir, təsərrüfatı da bizə yaxındır. Özünüz də bilirsiniz, hər bir səfər öncəsi qarşılama mərasimi üçün xüsusi hazırlıq işləri görülər, milislər, hüquq-mühafizə orqanlarının əməkdaşları yollara düzülərdi. Mən də təssərrüfatda, öz işlərimlə məşğul idim. Bir də gördük ki, kimsə maşınla gəlir, toz-duman aləmi götürüb.

Çatanda gördük ki, rayonumuzun Milis Şöbəsinin rəisi Məhər Quliyevdir, dedi ki, hazırlaşın, Heydər Əliyev bura gəlir. Hamımızı həyəcan götürdü, nə edəcəyimizi bilmirdik. Mən tez özümə nahar etmək üçün gətirdiyim azuqəni, çörəyi, duzu, lavaşı bir padnosa süfrə salıb yığdım, həmçinin, bir gül dəstəsi düzəldib, pambıqçı qızlardan birinə verdim ki, Heydər Əliyevi qarşılayarkən təqdim edək. Heydər Əliyev gəldi, özü də mühafizəsiz, filansız, çox sərbəst şəkildə. Hər kəslə səmimi şəkildə görüşdü, o cümlədən, mənimlə.

Dedim ki, kəndimizə, təsərrüfatımıza gəlmisiniz, heç olmasa, sizi duz-çörəklə qarşılayaq. Heydər Əliyev bundan şad oldu, lavaşdan götürdü və dedi ki, Naxçıvan lavaşı yadıma düşdü, amma Ordubad pendiri də olsaydı, lap əla olardı. Mən də Həcər xalaya dedim ki, çantamda pendir var, tez onu gətir.

Dedim ki, Heydər Əliyeviç, Ordubad pendirimiz yoxdur,amma Qarabağ pendirimiz var. O da pendirdən bir az götürüb lavaşını içinə qoyub yedi və dedi ki, çox gözəl dadır. Bəs bu lavaşı kimi bişirib? Dedim ki, nənəm. Dedi ki, halal, əlləri var olsun, bu, həm də öz halal əməyinin, halal qazancının məhsuludur”.

T.Musayeva keçmiş SSRİ Ali Sovetinin üzvü olan dövrlərdə yaşananları xatırladıb:

“Siyasi Bürönün üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Heydər Əliyev həm də SRRİ Ali Sovetinin  deputatı idi. O vaxt SSRİ Ali Soveti iki palatadan – Millətlər və İttifaq Palatasından ibarət idi. İttifaq Palatası daha nüfuzlu idi və bizim hər ikimiz İtiifaq Palatasının üzvü idik. Bütün iclaslarda görüşür, hətta stollarımız belə yanaşı idi. Heydər Əliyev Siyasi Büronun üzvü olan zaman yuxarıda əyləşərdi.

Onun yerində isə rəhmətlik Zərifə xanım oturardı. Zərifə xanım onun həm həyat yoldaşı, həm ən yaxşı silahdaşı, həm də həkim-nəzarətçisi idi. Heydər Əliyev üçün çox böyük həyəcan keçirərdi, deyərdi ki, gərək dərmanın vaxtı keçməsin, gərək bu qədər həyəcanlanmasın və sair. Yəni Zərifə xanım o dərəcədə Heydər Əliyevə bağlı bir insan idi.

Heydər Əliyev Siyasi Bürodan istefa verib gedəndən sonra isə aşağıda, mənimlə eyni sırada və yanbayan əyləşdi. O vaxt artıq çoxları ondan uzaqlaşmağa başladı, Azərbaycanın birinci katibindən tutmuş bir çox vəzifə sahibləri də SSRİ Ali Sovetinin deputatları idi, ancaq onlar Heydər Əliyevə yaxınlaşmağa ürək etmirdilər, çəkinirdilər. Bu isə istər-istəməz ona təsir edirdi.

Onu da deyim ki, o daha çox bizlərlə, sıravi insanlarla, yəni əmək, zəhmət insanları olan deputatlarla daha çox ünsiyyətə üstünlük verirdi. Xüsusilə mənimlə hər bir məsələdən danışırdı. Ailə məsələlərindən tutmuş, dövlət, siyasət məsələlərinə qədər hər şey barədə sğhbətləşirdik. Mən də şəxsi ehtiyaclarımı deyil, bütün sirlərimi, düşündüklərimi onunla bölüşürdüm.

Aramızda belə bir səmimi, ata-bala münasibətləri vardı. Bunları etməyə də bilərdi, mən adi bir əmək, zəhmət adamı, o isə nəhəng dövlət və siyasət xadimi. Amma o, mənimlə o qədər səmimi idi ki, bütün məsələlərdən, başına gələnlərdən, Qarabağ məsələsindən, hətta onun dövründə ermənilərin gizli oyunlarından, ancaq onların vaxtında qarşısının alınmasından bəhs edərdi və  son zamanlar Qarabağda baş verənlərdən üzüntü ilə söz açardı.

Həmçinin, deyərdi ki, kimisə qınamıram, hamının ailəsi, vəzifəsi var, onları da başa düşürəm, istəmirəm mənə görə təzyiqlərə, sıxıntılara məruz qalsınlar. Mənə deyərdi ki, sən cavansan, qadın xeylağısan, mənə görə özünü çətin vəziyyətə salma, mənimlə bağlı hər yerdə fikirlərini açıq şəkildə bildirmə, sənə də ziyan, xələl yetirirlər... Bu, Heydər Əliyevin nə qədər böyük ürək sahibi və şəxsiyyət olmasından irəli gəlirdi, bunu hər kəs bacara, edə bilməzdi.

Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra da mənimlə maraqlandı, dəfələrlə görüşlərimiz oldu. Bir dəfə ikilikkdə bir saatdan artıq söhbətimiz oldu, gəldi, mənimlə üzbəüz əyləşdi, çox şeylərdən danışdı. Sanki ürəyini boşaldırdı. Mən də bir böyük şəxsiyyət və bir mənəvi atam kimi ona hər şeydən danışırdım.

Əvvəl məni həyəcan bürüsə də, onun isti, səmimi münasibəti bir anın içərisində o həyəcanı mənə unutdururdu, onunla söhbətləşir, dərdləşirdim. Mənə icra başçısı vəzifəsi təklif etsə də, imtina etdim. Onda dedi ki, artıq Rayon Xalq Deputatları Soveti ləğv olunmaq üzrədir, icra başçılığını istəmirsən, heç olmasa, deputatlığa namizədliyini irəli sür.

Düzünü desəm, tərəddüd içində idim, çünki uşaqlarım körpə idi, Bakıda evimiz yoxu idi. Ancaq 1995-ci ildə namizədliyimi irəli sürdüm və deputat seçildim. Həmin vaxtdan da Bakıda köçüb yaşamalı olduq. Mənə Bakıda mənzil verdirdi. 2000-ci ildən heç bir yerdə işləmirəm, ancaq bu gün də onun çörəyini yeyirəm.

Həm deputat pensiyası alıram, həm də prezident təqaüdü. Mən həm bu günümə, həm keçmişimə, həm də gələcəyimə görə Göydə Allahıma, Yerdə bu insana borcluyam. Mən yaxınlarımdan görmədiyim sevgini, diqqəti, qayğını bu insandan görümüşəm. Məni mən edən Heydər Əliyev olub.

Buna görə də daim o insanın qarşısında, onun ruhu önündə borcluyam. Hər zaman  ona dua edirəm, hər bir məclisdə onu “Quran” oxutdururam, hətta əzizlərimdən öncə onun adını yazıb verirəm. Allah o böyük insana qəni-qəni rəhmət, ruhunu şad etsin, torpağı sanı ailə üzlərinə, əzizlərinə can sağlığı versin”.

Niyaməddin Musayev: Səni tapdırdım, gətirtdim, indi də Xalq artistisən...

Hər zaman H.Əliyev şəxsiyyətinə pərəstiş etdiyini bildirən tanınmış sənətkar, Xalq artisti Niyaməddin Musayev sabiq dövlət başçısını Azərbaycan mədəniyyəti və sənət aləminin ən yaxın dostu və himayədarı adlandırıb.

O, eyni zamanda, 90-cı illərin ortalarında bir çox həmkarları kimi, onun da H.Əliyevin iştirak edəcəyi dövlət konsertinə çağırıldığını xatırladıb:

“Heydər Əliyevin mənim sənətimə böyük hörmət vardı və hər zaman tapşırıq verərdi ki, məni dövlət konsertlərinə çağırsınlar. Növbəti konsertlərdən birində incə yumor hissinə malik olan Heydər Əliyev məni görüncə bunları dedi:

“Bir gün soruşdum ki, Niyaməddin hardadır, dedilər ki, bizneslə məşğul olur. Dedim ki, nə biznes, o hara, biznes hara, onun gözəl səsi var… Sonra da səni tapdırdım, gətirtdim, indi də Xalq artistisən” (gülür).

Aslan Nəsibov: Bu  jest o zamankı rayon rəhbərlərinin heç birinə qismət olmamışdı

Uzun illər partiya-sovet orqanlarında yüksək rəhbər vəzifələrdə işləmiş, Tovuz, Xaçmaz, Şabran (keçmiş Dəvəçi) rayonlarında birinci katib olmuş, Azərbaycan SSR və SSRİ Ali Sovetinin keçmiş deputatı Aslan Nəsibov H.Əliyevi Azərbaycan xalqının və dövlətinin tarixində müstəsna xidmətləri olmuş bir dövlət və siyasət xadimi kimi dəyərləndirib, H.Əliyev onun ömür yoluma işıq salan bir şəxsiyyət olduğunu dilə gətirib:

“O işıqlı yolda Ulu Öndər hər zaman işgüzarlığımı, bacarıq və qabiliyyətimi qiymətləndirib. Uşaqlığım yetimxanada keçib, yeniyetməliyimi fəhləliklə başa vurandan sonra həyatın qoynuna atılan bir  gənc olaraq  ali təhsilli iqtisadçı kimi idarəçiliyin əsas qolu olan partiya-sovet işində siravi  təlimatçılıqdan rəhbər vəzifəyə qədər irəli çəkilmiş və ən vacib post olan birinci katib kreslosunda  oturmuşam.

Üç rayona  üst-üstə 15 il  rəhbərlik etmişəm. Onun 13 ili Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrə düşür. Həmin 13 ildə çoxlu sayda mükafat və medallarla yanaşı, Lenin,  “Oktyabr inqilabı” və “Şərəf nişanı” ordenlərini mənə Ulu Öndər şəxsən özü təqdim edib.

1972-ci il idi. Ali  Partiya Məktəbini bitirmişdim, partiya-sovet işində 10 illik təcrübəm var idi. Bir il əvvəl  Mərkəzi Komitənin təşkilat partiya işi şöbəsində inspektor vəzifəsinə təyin olunmuşdum. İsti iyul günlərində Ağcabədiyə ezamiyyətə getmişdim. Ezamiyyətim başa çatmamış Bakıya çağırıldım. MK-da dedilər ki, Heydər Əliyev mənimlə görüşmək istəyir. O zamana kimi Ulu Öndərlə üz-üzə gəlməmişdim, şəxsən  söhbətimiz olmamışdı.

O, mənə suallar verdi, kuratoru olduğum rayonlar haqqında ətraflı danışmağımı xahiş etdi. Ucar, Ağdam, Mirbəşir (Tərtər), Ağsu, Bərdə, Kürdəmir Ağcabədi rayonlarının kənd təsərrüfatında işlərin gedişatı haqqında məlumat verib,  birinci katiblərdən söz  açdım. Lider məni dinlədikdən sonra dedi ki, şəxsi işinlə tanış olmuşam, görürəm öz bacarığınla fəhləlikdən bu vəzifəyə qədər  gəlmisən. Şöbə müdirinə irad tutdum ki,  sənin kimi bir kommunistin irəli çəkilməsi üçün  indiyə kimi niyə təklif verməyib? Büro üzvlərinə də məsləhət  gördüm ki, etiraz etməsinlər, səni Dəvəçi rayon Partiya Komitəsinə birinci katib vəzifəsinə göndərirəm.

Doğrusu, çox həyəcanlandım, gözləmədiyim bir anda mənə yüksək vəzifə tapşırılırdı. Odur ki, Ulu Öndərə təşəkkür edərək etiraz etdim, birinci katib olmağa hələ hazır olmadığımı bildirdim. Söylədim ki, Mərkəzi Komitə mənim üçün bir universitetdir, dövlətçiliyi, partiya rəhbərliyinin forma və metodlarını hələ dərindən  öyrənməmişəm, üstəlik, kənd həyatına bələd deyiləm, təsərrüfat işlərini mükəmməl bilmirəm. Müdrik şəxsiyyət  mənim etirazım müqabilində dedi:

“Mən də Mərkəzi Komitəyə birinci katib seçiləndə çox şeylərdən xəbərdar deyildim, lakin vəzifəm, xalq qarşısında götürdüyüm məsuliyyət hər şeyi öyrənməyimə səbəb oldu. Sən də öyrənəcəksən, zəhmət və bacarıqla irəliləyən  adamlar öz işinin şərəfini və məsuliyyətini yaxşı dərk edirlər. Ən vacibi odur ki, təmiz katib olmalısan, çirkin işlərdən uzaq durmalısan. Sənə inanıram, etibar edirəm. Bilirəm ki, etimadımı doğruldacaqsan”. 

Bu qədər inam və etibardan sonra mənim deməyə başqa sözüm qalmadı. Təkrar minnətdarlıq edib otağından çıxdım.

Ümummilli lider adamları tanıyırdı, partiya-sovet işində çalışanlardan kim kimdir, kim daha çox nüfuz sahibidir, kim  işgüzar və bacarıqlıdır – hamısını yaxşı bilirdi. “Raykom” katiblərinin şəxsiyyətinə, ailə həyatına,  dünəninə və  indisinə bələd idi.

Eləcə də, Mərkəzi Komitənin əməkdaşlarına qarşı çox diqqətli davranır, sanki onların kim olduqlarını, nə  bacardıqlarını təkbaşına, kimsəyə demədən öyrənmək istəyirdi. Hər hansı bir adama vəzifə tapşıranda, partiya-sovet işini etibar edəndə ona inandığını söyləyirdi ki,  qarşısındakı şəxs özünə hörmət etsin, işin məsuliyyətini dərk edib ondan ikiəlli yapışsın. Bu, mənim taleyimdə də belə oldu”.

A.Nəsibov Xaçmaza birinci katib göndərilməsindən danışıb:

“Üç il sonra Xaçmaz rayon partiya komitəsinə birinci katib seçildim. Xaçmaz Dəvəçi ilə müqayisədə böyük rayon idi. Amma burada kənd təsərrüfatı və  sənaye sahəsində böyük gerilik yaranmışdı. Odur ki, gerilikləri aradan qaldırmaq, problemləri həll etmək üçün yollar axtarmağa başladım. Qısa müddətdə rayonda nəyin çatmadığını, nəyin yerində olmadığını öyrəndim. Əhalinin psixologiyası ilə tanış oldum, Xaçmaz camaatı ilə necə münasibət qurmağı araşdırdım. Çünki bunlar partiya idarəçiliyində çox vacib amildir.

Onu da deyim ki, bu sadaladıqlarımı öyrənmək ölkə rəhbəri Heydər Əliyevin tələbi idi. Ulu Öndər, demək olar ki, Azərbaycanın bütün rayonlarına səfər etmişdi. Regionlarda kolxoz və sovxozlarda əməkçilərlə görüşür, gördükləri işlərlə tanış olur, dolanışıqları ilə maraqlanırdı. Görəndə ki, “raykom” katibindən razılıq edirlər, məmnun olurdu.

Ona görə də işində nöqsan olmayan, uğurları nəzərə çarpan katiblər istəyirdilər ki, Heydər Əliyev onun işlədiyi rayona səfər etsin. Mənim də Dəvəçidə işləyəkən onunla görüşmək fürsətim olmuşdu, amma bu, dövlət başçısının rayona rəsmi səfəri deyildi. Bəri başdan deyim ki, 1975-ci ildə baş tutan o görüş mənim həyatımda çox gözəl iz qoyub, 43 ildir unuda bilmirəm.

Rayonda üzüm yığımının başlandığı günlər idi. Bir gün Mərkəzi Komitənin şöbə müdiri mənə zəng vurub dedi ki, Heydər Əliyev sabah Dəvəçiyə gələcək. Səfər haqqında niyə indi məlumat verildiyini soruşdum. İsmayıl Əsgərov dedi ki, heç bir hazırlığa gərək yoxdur, Qalaaltına baxacaq, zəng vurdum ki, xəbərin olsun, amma  sənə bu barədə məlumat verdiyimi Heydər Əliyev bilməsin. Səhəri gün Qalaaltına getdim, çox həyəcanlı idim, bir kənarda dayanıb Heydər Əliyevin gəlişini gözləməyə başladım. Bir az keçmiş maşın karvanı gəldi.

Avtomobillərdən Heydər Əliyev, həyat yoldaşı Zərifə xanım, oğlu İlham, qızı Sevil, Nazirlər Sovetinin sədri və ailə üzvləri, həmçinin, Mərkəzi Komitənin ikinci katibi düşdü. Ulu Öndər məni görüb təəccübləndi, onun gəlişindən necə xəbər tutduğumu soruşaraq, bu barədə heç kimə göstəriş vermədiyini bildirdi.

Təbii ki, dünənki telefon zəngindən söz açmadım, sadəcə, söylədim ki, sanatoriyanın yanındakı sovxozda üzüm yığımının gedişatını öyrənmək üçün  gəlmişdim. Uzaqdan maşın karvanını gördüm və sizin avtomobilləri tanıyıb yaxınlaşdım. Liderlə aramızdakı qısa söhbətdən məlum oldu ki, istirahət günü olduğu üçün ailəsi ilə birlikdə Qalaaltına gəlib dincəlmək istəyir. Mənə onu da xatırlatdı:

“Vaxtilə Qalaaltına baxmağımı xahiş etmişdin, gəlmişəm, yaxşı ki, burdasan, göstər, görüm, hansı işləri görmüsən, nə yeniliklər etmisən?”

Mən ölkə başçısını və digər qonaqları Qalaaltı sanatoriyası ilə tanış etdiyim müddətdə meşənin çox gözəl, əsrarəngiz yerində nahar etmək üçün süfrə hazılandı. Qonaqlarla qalmaq istəmədim, xudahafizləşib getmək istəyəndə Heydər Əliyev məni onlarla birlikdə nahar etməyə dəvət etdi.

O gün Mərkəzi Komitənin birinci katibi, nəhəng şəxsiyyət, həm də  çox sadə insan olan Ulu Öndər  bütün rəsmiyyətçiliyi kənara qoyub mənimlə səmimi söhbət  etdi, ailəmlə tanış oldu. Mən də onun övladları ilə yaxından tanış oldum. Çox xoşdur ki, o vaxt gördüyüm 14 yaşlı yeniyetmə oğlan indi ölkə başçısıdır, Azərbaycanı dünyada tanıdıb. Bu gün də fəxr edirəm ki, dahi şəxsiyyət şərəfimə badə qaldırdı. Bu  jest ozamankı rayon rəhbərlərinin heç birinə qismət olmamışdı”.

Realpress.az



20 İyul 2019
Siyasət

İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul etdi - FOTO

İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul etdi - FOTO

19 İyul 2019
Siyasət

İlham Əliyev Məmmədağa Şirəliyevlə bağlı sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Akademik Məmmədağa Şirəliyevin 110 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

19 İyul 2019
Siyasət

Ermənilərin “Gülüstan” qalasını “mənimsəmək” cəhdinə imkan verilmədi

Ermənilərin “Gülüstan” qalasını “mənimsəmək” cəhdinə imkan verilmədi