Mayın 29-da Beynəlxalq Muğam Mərkəzində “Unudulmayanlar” layihəsi çərçivəsində Azərbaycan xanəndəlik məktəbinin bənzərsiz simalarından biri, Xalq artisti Seyid Şuşinskinin anadan olmasının 130 illiyinə həsr edilmiş tədbir keçirəcək.
Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbir Prezident İlham Əliyevin görkəmli xanəndənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncama əsasən reallaşacaq.
Mədəniyyət Nazirliyi və İctimai Televiziyanın dəstəyi ilə gerçəkləşəcək yubiley gecəsində Seyid Şuşinskinin bənzərsiz sənət dünyasından söz açılacaq, muğam ustadları sənətkarla bağlı xatirələrini bölüşəcəklər. Tədbirdə həmçinin tanınmış xanəndələrin ifasında muğam dəstgahları səsləndiriləcək.
Konsertə giriş sərbəstdir.
Qeyd edək ki, Qarabağ xanəndəlik məktəbinə mənsub qüdrətli sənətkar Seyid Şuşinski xalqımızın mənəvi dünyasının formalaşmasında müstəsna əhəmiyyət daşıyan qədim muğam ənənələrimizi layiqincə qoruyub yaşadıb. Geniş diapazonlu nadir, ecazkar səsə və yüksək səhnə mədəniyyətinə malik böyük muğam ustası təkrarolunmaz mükəmməl ifaçılıq nümunələri ilə Azərbaycanın musiqi xəzinəsini daha da zənginləşdirib. Seyid Şuşinski müəllim kimi uzun illər ərzində istedadlı musiqiçilərin yetişdirilməsi sahəsində də təqdirəlayiq fəaliyyət göstərib.
Seyid Şuşinski ifa üçün mürəkkəb muğam olan “Cahargah”ı xüsusilə böyük məharətlə oxuyub, özü də həmişə onu “mayə”dən deyil, “Mənsuriyyə”dən başlayıb. Məhz bu ustalığına görə Azərbaycan muğam tarixinin əfsanələrindən olan Cabbar Qaryağdıoğlu onu “Şərq musiqisinin incisi” adlandırıb.
Realpress.az
“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.
Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.