Süd vəzi xərçəngi. Risk faktorları, diaqnostika, müalicə

Süd vəzi xərçəngi. Risk faktorları, diaqnostika, müalicə
10 İyul 2019 10:17

Süd vəzi xərçəngi qadınlar arasında rast gəlinən bədxassəli şişlər arasında birinci yeri tutur. ÜST  statistikasına görə, hər il dünyada 1 milyondan cox süd vəzi xərçəngi ilə xəstələnmə hadisəsi  qeydə alınır.

Xüsusilə son 20 ildə sud vəzi xərçəngi ilə xəstələnmə halları artıb və ildən-ilə artmaqdadır.

Demək olar ki, hər 8 qadından biri həyatının müəyyən dövründə bu xəstəliklə xəstələnir.

Süd vəzi xərçənginin səbəbi tam məlum deyil, lakin müəyyən risk faktorları var ki, bu bədxassəli şiş əmələgəlmə riskini artırır. Əsas  risk faktorları 2 yerə bölünür: dəyışməsi mümkün olmayan və olan risk faktorları.

Dəyişilməsi mümkün olmayan faktorlar- cins, yaş, irsiyyət kimi amillərdir.  

Qadın cinsi olmaq birinci əsas risk faktorudur, kişi - qadın nisbətı 1/100 - dir. Digər əsas risk faktoru qadının yaşıdır. Xəstəlik istənilən yaşda qadınlarda inkişaf etsə də, yaş artdıqca xəstəliyin rastgəlmə tezliyi artır, xüsusən 60 yaşdan sonra.

Süd vəzi xərçəngi olan xəstələrin 7-10 %-i genetik olaraq süd vəzi xərçəngi geninin daşıyıcılarıdır.  BRCA 1, BRCA 2  genləri irsiyyətdə süd vəzi xərçəngini kodlayırlar.  Buna görə də birinci dərəcəli qohumlarında (ana, bacı, xala) süd vəzi xərçəngi olanlar yüksək risk altındadır. Bu genlərin daşıyıcısı olan qadınlarda süd vəzi xərçəngi daha cavan yaşda əmələ gəlir, çox  zaman hər iki süd vəzini zədələyir. Bir süd vəzisində xərçəng olan qadınların ikinci süd vəzisində xərçəng olma riski 4-5 dəfə coxdur. Eləcə də endometrium, yumurtalıq xərçəngi olan qadınlarda da bu risk yüksəkdir. Dəyişməsi mümkün olan risk faktorlarına həyat tərzi, qidalanma və s. aiddir.  

Qadın cinsiyyət hormonu olan estrogenlər də süd vəziyə kanserogen kimi  təsir edir və  əsas risk faktorlarından biri kimi tanınır. Buna görə fərd olaraq estrogenlərin təsirinə daha uzun müddət məruz qalan qadınlar – ilk menstruasiyası 12 yaşdan tez başlayan, eləcə də menopauza dönəminə daha gec qədəm qoyanlar, az uşaq doğmuş və ya heç doğmamış qadınlar, ilk hamiləliyi 35 yaşdan sonra baş verənlər, əmizdirməyən və ya qısa müddət əmizdirən qadınlar da bu baxımdan yüksək risk altındadırlar.

Estrogenlərin digər mənbəyi, xüsusən postmenopauza dövründə piy toxumasıdır. Buna görə də yanlış qidalanma  və düzgün olmayan həyat tərzi  önəmli risk faktorlarıdır.  Tərkibində vitamin və minerallarla zəngin  qidaların azlığı, əksinə,  yüksək kalorili heyvani yağ və zülallarla, rafinə karbohidratlarla qidalanma, gündəlik fiziki aktivliyin olmaması nəticəsində bədən kütləsi artır ki, bu da xəstələnmə riskini artırır.  Həmçinin, tərkibi kimyəvi  konservantlarla zəngin hazır qidalar, siqaret, alkoqol  istifadə edən qadınlar arasında süd vəzi xərçəngi daha cox rast gəlinir.

Bəs süd vəzi xərçəngi necə yaranır? Süd vəzi xərçəngi süd vəzi toxumasını təşkil edən hüceyrələrdən birinin genetik dəyişikliyə uğrayaraq kontrolsuz artıb çoxalması nəticəsində bir şiş kütləsi- tumor əmələ gətirməsilə baş verir. Xərçəng hüceyrələri əvvəl ətraf toxumalara, sonra yaxın limfa düyünlərinə yayılır. Vaxtında diaqnoz qoyulub müalicə olunmadıqda uzaq orqanlara da yayılaraq müalicəsi çətin mərhələyə qədər inkişaf edir.

Süd vəzi xərçənginin əlamətləri onun klinik formasından asılıdır- düyünlü, iltihabi formalar və gilə xərçəngi ayırd edilir.

Süd vəzi xərçənginin düyünlü formasının əsas və ilkin əlamətlərindən biri vəzidə bir bərklik və ya düyün şəkilli bir kütlənin əllənməsidir. Bəzən kütlə əllənmir, xəstəlik özünü gilədən axıntı, gilədə qabıqlanma, soyulma, sağalmayan yara və xoralar, qoltuqaltı limfa düyünlərinin böyüməsi nəticəsində qoltuq altında  əllənən bir  düyünün meydana çıxması ilə bəlli edir.

Xəstəliyin itihabi süd vəzi xərçəngi adlanan formalarında əsas əlamət vəzi dərisində eritematoz qızartı (bütun süd vəzi və ya onun bir hissəsi qızarmış, göyümtül bənövşəyi, kofe rəngi alır), dəri temperaturunun yüksəlməsi, dərinin  ödemli qalınlaşması, portağal qabığı görüntüsü kimi olur. Süd vəzində heç bir düyün olmaya bilər. Belə formalı xərçəngin diaqnozu dəri və dərialti toxumanın biopsiyası ilə qoyulur.

Süd vəzi xərçənginin gecikmiş əlamətləri də var. Bunlar şiş toxumasının inkişaf edərək dəri və ətraf toxumalara yayılması nəticəsində əmələ gəlir:  süd vəzi dərisində çuxurlaşma və ya büzüşmə, dərinin və ya gilənin içəriyə dartılması, süd vəzinin böyüməsi, portagal qabığı görüntüsü, dəridə yara və xoraların əmələ gəlməsi  və s.

Süd vəzi xərçənginin diaqnozunun qoyulması üçün əsasən USM, mammoqrafiya, süd vəzi MRT-si aparılır, İİAB,  tru cut biopsiya, eksizion biopsiya və s. ilə bir toxuma parçası alınaraq patohistoloji müayinə olunur. Əgər xərçəng  aşkarlanarsa, onun lokal bir şiş və ya yayılmış proses olmasını müəyyən etmək üçün əlavə olaraq kliniki laborator muayinələr, KT, MRT, PET KT və s. kimi instrumental müayinələr aparılır.

Süd vəzi xərçənginin müalicəsi müasir dövrdə  uğurla aparılır. Əsas müalicə üsulları - cərrahi əməliyyat,  sitostatik, hormon və tarqet preparatların istifadəsi   və süa mualicəsidir. Bu müalicə üsulları  həm də  xəstəliyin mərhələsinə uyğun olaraq  kombinə və ya kompleks şəkildə istifadə olunur. Erkən mərhələdə aşkarlanmış xəstəliyin müalcəsi  nisbətən asandır, qısa müddətə başa  gəlir və uğurla nəticələnir. Belə ki, birinci mərhələdə aşkarlanmış xəstələrin 94% -nin tam sağalma şansı var. Buna görə də, xüsusən yüksək risk qruplu əhali, müəyyən yaşdan sonra müntəzəm tibbi müaynələrə cəlb olunmalıdır.

Qeyd edildiyi kimi, süd vəzi toxumasında dəyişilmiş  bir hüceyrənin inkişaf edərək bir kütlə əmələ gətirməsi üçün xeyli  zaman keçir. Çoxalan hüceyrələr ətrafa yayılmadan, vəzi içərisində kiçik bir kütlə halında olduğu dönəmdə onu aşkarlayıb müalicə etmək mümkündür və cox önəmlidir.

Buna görə heç bir şikayəti olmayan qadınlar arasında süd vəzi xərçəngini aşkarlmaq üçün skrininq proqram var: bura öz–özünü süd vəzi müayinəsi, həkim (klinik)  müayinəsi  və mammoqrafiya aiddir.  

Amerikan Xərçəng Cəmiyyəti 20-40 yaş arası qadınlara  hər ay mens donəminin  7- 10 günü  öz –özünü süd vəzi müayinəsi etməyi tövsiyyə edir. Eyni zamanda, 40 yaşa qədər 3 ildə bir dəfə, 40 yaşdan sonra isə ildə 1 dəfə həkim müayinəsindən keçmək məsləhət görülür. Menopauza dövründə olan və uşaqlıq əməliyyatı keçirmiş qadınlara hər ayın ilk həftəsi self-müayinə etməkləri tövsiyyə olunur.

Mammoqrafiya - effektivliyi sübut olunmuş əsas müayinə vasitəsidir. Tədqiqatlar göstərir ki, son 50 ildə müntəzəm mammoqrafiya keçirilən inkişaf etmiş ölkələrdə süd vəzi xərçəngindən ölüm 20%-30% azalmışdır.

Mammoqrafiya ilə süd vəzi xərçəngi klinik əlamətlərdən iki il əvvəl aşkarlana bilər. Beləliklə, 39-49 yaşlı qadınlara iki ildə bir dəfə, 49 yaşdan sonra ildə bir dəfə mammoqrafiya etmək lazımdır. 50-69 yaş arası qadınlarda süd vəzi piy involyusiyasına uğradığına görə mammoqrafiyanın həssaslığı daha yüksəkdir. Həkim müaynəsi  50 yaşdan cavan qadınlara daha əhəmiyyətlidir, mammoqrafiya ilə birlikdə aparılması aşkarlama faizini yüksəldir.

Profilaktik müayinələrin əhəmiyyəti xərçəngi  aşkarlamaqla bitmir. Müayinə nəticəsində  xərçəng riskini artıran  xərçəngönü prosesləri və xəstəlikləri də vaxtında aşkar edib müalicə etmək olar ki, bu da süd vəzi xərçənginin əmələ gəlməsinin qarşısını alar.

Daha yaxşısı bu xəstəlik yaranmadan onun qarşısını ala biləcək tədbirlər görməkdir. Bunun üçün əhali arasında süd vəzi xərçənginin səbəbləri, risk faktorları, sağlam həyat tərzi, düzgün qidalanma, artıq çəkidən uzaq olma, gündəlik idmanın əhəmiyyətini qeyd etməklə  maarifləndirmək  lazımdır.

Bəzi tövsiyyələr xərçəng riskini azalda bilir. Xüsusilə menopauza dönəminə girmiş qadın mütləq qidalanmasına diqqət  göstərməlidir. A və C vitamini ilə zəngin qidalar istifadə etmək, heyvani yağlardan uzaq durmaq və daha cox bitki tərkibli qidaların istifadəsi  süd vəzi xərçəngindən qoruya bilər. Bununla bərabər  duzlu, hisə verilmiş, konservə edilmiş, fast-food qidalardan, alkoqol  və siqaretdən uzaq durulmalıdır. Normal bədən çəkisi  vacib şərtlərdən biridir.

Ayrıca həftədə 3-4 saat idman etmək süd vəzi xərçəngi riskini 18% azaltmaqla önəmli yer tutur.

Yaxın qohumlarında bu xəstəlik  olan qadınlar isə daha diqqətli olmalıdır.

Mümkün qədər stresdən uzaq olmaq lazımdır.

Profilaktik müaynələrdən yayınmayın, çünki incə bir toxunuş bir ömrü xilas edir. 


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.