Ali Baş Komandan: “Hərbi Qənimətlər Parkı Zəfərimizin nümayişidir”

Ali Baş Komandan: “Hərbi Qənimətlər Parkı Zəfərimizin nümayişidir”
24 Sent 2021 13:29


Azərbaycan Prezidenti İlham Əliyev Zəfər paradının gerçəkləşdirilməsi, ssenarisi ilə bağlı danışıb. 

O, fikirlərini nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsində bölüşüb:

“Bu qərarı demək olar ki, Ermənistan kapitulyasiya aktı imzalayandan dərhal sonra qəbul etdim. Elə dərhal müdafiə nazirinə sərəncam verdim ki, parada hazırlaşsın, hazırlıq təqribən 1 ay çəkdi. Ona görə ki, necə deyərlər, hələ hamının başı döyüş əməliyyatlarına qarışmışdı, biz buna yaxşı hazırlaşmalı idik, başa düşürdük ki, bu, qeyri-adi paraddır. Biz əvvəllər də hərbi paradlar keçirmişdik, lakin sizin düzgün olaraq dediyiniz kimi bu, Zəfər paradı idi. Buna görə o, Azərbaycan vətəndaşlarının bütün gələcək nəsilləri üçün rəmzi məna və tarixi əhəmiyyətə malik idi.

Yadımdadır, 2018-ci ildə biz Azərbaycan Ordusunun yaradılmasının 100 illiyini qeyd edərkən mən paradda çıxış edərək demişdim ki, indi parada 2016-cı il döyüşləri zamanı işğaldan azad edilmiş Lələtəpə ərazisində ucaldılmış bayrağı gətirəcəklər. O vaxt demişdim ki, gün gələcək, biz azad edilmiş ərazilərdə ucaldılmış bayrağı Zəfər paradına gətirəcəyik. Həmin gün gəldi. Təbii ki, orada hərbi texnikanı nümayiş etdirdik, müharibə iştirakçıları paraddan keçdilər. Biz Ermənistan ordusundan qənimət götürülmüş hərbi yük maşınlarının və hərbi maşınların nömrələrindən ibarət divar nümayiş etdirdik. Biz bunu nə üçün etdik? Ona görə ki, Birinci Qarabağ müharibəsində insanlar öz əmlakını, o cümlədən şəxsi avtomobillərini atıb qaçanda ermənilər bizə bizim onların getməsinə verdiyimiz vaxtı vermədilər, onlar Azərbaycan xalqını alçaltmaq üçün həmin şəxsi avtomobillərin nömrələrindən bir divar düzəltmişdilər, hərçənd, əslində, bu divar onların hərbi cinayətlərinə dəlalət edirdi. Ona görə ki, dinc əhaliyə qarşı vuruşmaq, xüsusən qarət edilənləri belə nümayişkaranə şəkildə göstərmək, hərbi cinayətdir. Lakin onlar bunu etdilər və bunu turistlərə, işğal dövründə qanunsuz olaraq bu regiona gələn müxtəlif siyasətçilərə nümayiş etdirirdilər. Buna görə biz onlara cavab verməli idik, lakin bizim cavabımız da layiqli oldu. Biz bu pannonu düzəltdik, hazırda o, Hərbi Qənimətlər Parkında nümayiş etdirilir, o, bütünlüklə atılmış və qənimət götürülmüş yük maşınlarının nömrələrindən ibarətdir”.

Dövlət başçısı qeyd edib ki, Hərbi Qənimətlər Parkı Zəfərimizin nümayişidir:

“Bu, məhz ağır döyüşlərdə qazanılmış Zəfərimizin nümayişidir. Ona görə ki, bir daha deyirəm, biz düşməni əsla zəif hesab etməməli idik və heç vaxt belə etməmişik, onlar çox yaxşı silahlanmışdı. Təbii ki, həmin parkda məhv edilənlərin və ələ keçirilənlərin az bir hissəsi nümayiş etdirilir. Bütün qənimətlərin və məhv edilmiş hərbi texnikanın tam siyahısı isə mətbuatda var, mən bunu demişəm. Buna görə də, ilk növbədə, bu, qələbənin nümayişi, həlak olanlara ehtiram əlaməti, gənc nəslin, artıq qalib xalqın nümayəndələri kimi yaşayacaq insanların nəsillərinin tərbiyəsi üçündür. Bu, tamam başqa emosional duyğular, tamam başqa əhval-ruhiyyədir. İşğalın bütün çətinliklərini hiss etməmiş, fiziki və mənəvi əzablara məruz qalmamış, daim ədalətsizlik, təhqir hissini keçirməmiş insanların öz torpaqlarından qovulmuş xalqdan 44 gün ərzində qalib xalqa çevrilmiş Azərbaycan xalqının keçirdiyi hissləri anlaması bəlkə də çətindir. Bu, çox ciddi hisslərdir.

Həmin parkın rəmzi mənalarından biri də ondan ibarətdir ki, biz bu müharibəni heç vaxt unutmayaq. Mən dəfələrlə demişəm, bəli, müharibə başa çatıb, biz bu səhifəni çevirməyə hazırıq, biz hətta Ermənistan ilə sülh müqaviləsi üzərində işə başlamağa hazırıq, lakin biz heç vaxt işğal dövrünü unutmamalı, Xocalının günahsız qurbanlarını, həlak olmuş mülki və hərbi vətəndaşlarımızı unutmamalıyıq. Bu xatirəni daimi yaşatmaq üçün bu park lazımdır. Orada həm də erməni komandirlərin öz hərbi qulluqçularına qeyri-insani münasibəti azacıq da olsa nümayiş etdirilir. Biz tərk edilmiş səngərlərdə oraya zəncirlə bağlanmış insanları tapırdıq. Məhv edilmiş hərbi yük maşınlarında onların sürücülərini tapırdıq. Bu adamlar qaçmamaları üçün zəncirlə sükana bağlanmışdı. Bu, sadəcə, barbarlıqdır və bunu hamı bilməlidir – onların himayədarları da, necə deyərlər, bütün işğal illəri ərzində onları təbliğ edənlər də, bizim vətəndaşlar da. Yəni bu, böyük rəmzi məna daşıyır və biz bəlkə də şəhərdə ən yaxşı yeri seçmişik. Bu yer çoxdan boş idi, əvvəllər orada hansısa təsərrüfat tikililəri, hansısa müəssisələr yerləşirdi. Bu yer əvvəl bulvar deyildi. Biz həmin istiqamətdə bulvar tikəndə o yeri təmizlədik və sadəcə, boş saxladıq, düşünürdük ki, lazım gələr. Həqiqətən lazım gəldi. Elə orada - yaxınlıqda tikiləcək Müharibə Muzeyinin, Zəfər Muzeyinin layihəsi artıq təsdiq edilib, yəqin ki, yaxın vaxtlarda biz Zəfər Muzeyinin tikintisinə başlayacağıq”.

29 Mar 2024
Siyasət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

29 Mar 2024
Siyasət

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

29 Mar 2024
Siyasət

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər - VİDEO

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri Sahibə Qafarova və Alen Simonyan mayın ortalarında növbəti görüşlərini keçirəcəklər.

28 Mar 2024
Siyasət

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.