Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan bəyanat imzalayıblar - FOTO

Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan bəyanat imzalayıblar - FOTO
27 Noy 2021 09:34


Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar.

“Azərbaycan Respublikası Prezidentinin,

Ermənistan Respublikası baş nazirinin və

Rusiya Federasiyası Prezidentinin Bəyanatı

26 noyabr 2021-ci il


Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin 2021-ci il noyabrın 26-da Soçi şəhərində görüşdük və Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tamamilə dayandırılması haqqında 2020-ci il 9 noyabr tarixli Bəyanatın, həmçinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası haqqında 2021-ci il 11 yanvar tarixli Bəyanatın yerinə yetirilməsinin gedişini müzakirə etdik.

Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddəalarının bundan sonra ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduğumuzu təsdiq etdik. 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlardan irəli gələn, həllini gözləyən məsələlərin tezliklə həllinə yönəlmiş birgə səyləri fəallaşdırmaq barədə razılığa gəldik.

Regionda vəziyyətin sabitləşməsinə və təhlükəsizliyin təmin edilməsinə Rusiya sülhməramlı kontingentinin mühüm töhfəsini qeyd etdik.

Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə şərtləşdik.

2021-ci il 11 yanvar tarixli Bəyanata müvafiq olaraq, Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirlərinin müavinlərinin və Rusiya Federasiyası hökumətinin sədrinin müavininin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyətini yüksək qiymətləndirdik. Regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyini vurğuladıq.

Rusiya Federasiyası Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşması, Azərbaycan və erməni xalqları arasında etimad mühitinin formalaşması, habelə regionda mehriban qonşuluq münasibətlərinin bərqərar olması məqsədilə bundan sonra da zəruri olan hər cür köməyi göstərəcək.


Azərbaycan Respublikasının Prezidenti

İ.H.Əliyev

Ermənistan Respublikasının baş naziri

N.V.Paşinyan

Rusiya Federasiyasının Prezidenti

V.V.Putin

Açıklama yok.

29 Mar 2024
Siyasət

Ankarada Azərbaycan Evi açılıb

Ankarada Keçiören Bələdiyyəsinin nəzdində yerləşən Esterqon Muzeyində Azərbaycan Evi açılıb.

29 Mar 2024
Siyasət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

29 Mar 2024
Siyasət

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

29 Mar 2024
Siyasət

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər - VİDEO

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri Sahibə Qafarova və Alen Simonyan mayın ortalarında növbəti görüşlərini keçirəcəklər.