Banişevskinin nəvəsi: “Çox istərdim ki, babam kimi “ikinci mərtəbə”də oynaya bilim” - MÜSAHİBƏ + FOTO

Banişevskinin nəvəsi: “Çox istərdim ki, babam kimi “ikinci mərtəbə”də oynaya bilim” - MÜSAHİBƏ + FOTO
28 Dek 2021 11:09



SSRİ yığmasının və “Neftçi” klubunun sabiq futbolçusu Anatoli Banişevskinin nəvəsi, hazırda karyerasını Ukraynada davam etdirən Əli Banişevskinin Realpress.az saytına müsahibəsi.

– Bilirik ki, hazırda Ukraynanın “Niva” klubunda çıxış edirsiniz. Ora gedişiniz necə alındı?

– Ukraynaya gələnədək Litvanın Majeykyay şəhərini təmsil edən və I liqada mübarizə aparan “Atmosfera” klubunda çıxış edirdim. Həmin vaxt başqa azərbaycanlı futbolçu Cəmil Hacıyevlə birgə idik. O deyəsən futbol karyerasını başa vurub. Həmin il üçüncü olduq. Ancaq klub maaşları ödəyə bilmədiyindən, legionerləri göndərməli oldu. Qayıtdım Bakıya. Onda bir menecer mənə dedi ki, Ukraynada Kiyev “Arsenal”ından təklif var. “Arsenal”da məşqlərə də çıxdım. Lakin klub maddi problemlər üzündən dağıldı. Daha sonra həvəskar “Çayka” klubu ilə oyunlara çıxdım. Orada “Niva” klubunun prezidenti Oqtay Əfəndiyev məni görüb öz komandasında oynamağa dəvət etdi.

– Klub haranı təmsil edir?

– Kiyevdən 30-40 km aralıda yerləşir. Kiyev vilayətindəki Kiyevo-Svyatoşinski rayonunun Buzovaya kəndində fəaliyyət göstərir.

– “Niva” hazırda hansı liqada mübarizə aparır?

– “Niva” həvəskar liqa olan Kiyev vilayətində mübarizə aparırdı. Bu il Kiyev vilayətinin çempionluğunu və kubokunu qazandıq. Eyni zamanda Həvəskarların Liqasında da çıxış edirik. Demək olar ki, çempionluğu təmin etmişik. Növbəti mövsümdən komanda peşəkar çempionat sayılan II liqada mübarizə aparacaq.

– Klubda sizdən başqa, azərbaycanlı futbolçu var?

– Yox. Bir klubun prezidenti Oqtay Əfəndiyev azərbaycanlıdır, bir də mən. O insanın mənə çox böyük yaxşılığı dəyib. Oqtay Əfəndiyev biznesmen, iş adamıdır.

– Mövqe olaraq hansı ampluada çıxış edirsiniz?

– Cinah hücumçusu. Həm sağ, həm də solda çıxış edə bilirəm. Oyun ərzində mövqelərimizi dəyişirik.

– Sonuncu mövsüm fərdi çıxışınız necə alınıb?

– 10 qoldan çox vurdum. Dəqiq 5-6 məhsuldar ötürmə də etdim. Orada futbol üçün mənə hər cür şərait yaradılıb.

– Anatoli Banişevski kimi futbolçunun nəvəsi olmağın karyeranız üçün üstünlüyü var, yoxsa əksinə?

– Böyük məsuliyyət hissi yaradır. Amma deməzdim ki, nə ziyanı var, nə faydası. Mən onun nəvəsi olmağımla fəxr edirəm. Onun soy adına burada hörmət çoxdur. Ukraynada Banişevski forması ilə meydana çıxanda hamı söhbətin hansı futbolçudan getdiyini bilir. Onun soyadını Ukraynada yaşadıram.

– Yəqin ki, kumiriniz də babanız olub. Sizdə onda olan nə çatışmır?

–  “İkinci mərtəbə”də oynaya bilmirəm. Sürətim və driblinqim, şükür Allaha, yaxşıdır. Ancaq başla onun kimi oynaya bilmirəm. Onun başla oynaması başqa səviyyə olub. Ümumiyyətlə, istərdim ki, onun oyununun 10 faizini göstərə bilim. Bu mənə uğurlu karyera üçün bəs edərdi.

– Bəlkə də indi sağ olsaydı, sizə daha çox motivasiya olardı...

– Sağ olsaydı, hər şey başqa cür olardı. Qismət belə imiş...

– Azərbaycanda “İnter” (indiki “Keşlə”) və “Neftçi”də çıxış etmisiniz. “Neftçi”dən incik ayrılmısınız. Babanıza görə sizi saxlamaq olmazdı?

– Mən heç kimdən inciməmişəm. Yenə də Azərbaycanda “Neftçi”nin azarkeşiyəm. Əsas odur ki, mən oradan ayrılanda həvəsdən düşmədim. Hazırda Ukraynada oynadığım üçün şadam. Bu qərarı verdiyim üçün heç peşman deyiləm. Futbolçu kimi Ukraynada bir az da böyüdüm. Burada futbolun səviyyəsi başqadır.

– Millimizin futbolçusu Rüstəm Əhmədzadənin Ukraynadan Azərbaycana qayıdışını necə dəyərləndirirsiniz?

– “Qarabağ” yaxşı klubdur. Onun çıxış etdiyi “Minay” klubu da autsayderdir. Klubun Premyer Liqada qalacağı dəqiq deyil. Digər klublara keçmək üçün isə rəqabətdən qalib ayrılmaq olduqca çətindir. Ona görə də onun Azərbaycana getməsini normal qarşıladım.

– Aşağı yaş qruplarında milliyə çağırılmısınız?

– 17 və 19 yaşadək milliyə çağırılmışam. Səhv etmirəmsə, baş məşqçi Nikolay Adam idi. Ancaq U-21 millimizə çağırılmadım.

– Banişevski nəslində hazırda futbolu davam etdirən yeganə şəxs sizsiniz. İstərdinizmi ki, oğlunuz olsa, futbolçu olaraq bu peşəni davam etdirsin?

– 100%. Uşaq özü də seçməlidir bu peşəni. Oğlum olsa və futbolçu olmaq istəsə, əlimdən gələn köməyi ona etməyə çalışaram.

– Siz “Neftçi”də əvəzedici komandaya kimi gəlmisiniz. Əsas komandaya düşməyə nə mane olurdu?

– Onda “Neftçi”də tez-tez baş məşqçi dəyişikliyi olurdu. Samir Əliyev, daha sonra Vəli Qasımov əsas komandaya baş məşqçi təyin edildi. Əsas komanda ilə məşqlərə də çağırılmışdım. Amma bu, “Neftçi”də həmişə olub ki, əvəzedici komandadan əsasa futbolçu çağırılsın. Bəlkə də məşqçi dəyişiklikləri tez-tez olmasaydı, əsas komandaya düşə bilərdim.

– Yaxınlarda Kiyevdə Ukrayna Azərbaycanlıları Radasında xeyriyyəçilik aksiyasında tədbirində iştirak etdiniz. Bu nə ilə əlaqəli idi?

– Həmin qurumun sədri Hikmət Cavadovla tanışıq. Onun da mənə Ukraynada çox köməyi dəyib. “Niva”nın prezidenti Oqtay Əfəndiyev də burada azərbaycanlı ailələrə ərzaq qismində yardım edir. Radanın ofisində həmin qida məhsullarını çeşidləməyə biz futbolçular kömək edirik.

– Sonuncu sualım. Banişevskinin adının uca tutulması sizi nə dərəcədə razı salır?

– Banişevskinin adına əvvəl Masallıda stadion vardı. İndi isə bildiyim qədəri ilə o stadion yoxdur. Onun adına “Neftçi”nin indi ev oyunlarını keçirdiyi “Bakcell Arena”ya vermək olardı. Ancaq yada salan da yoxdur. Əvvəl Bakı Kəndlər Futbol Federasiyası tərəfindən Banişevski turniri keçirilirdi. Sonuncu dəfə şirkətlər arasında belə turnir təşkil olundu. Son illər o turnirin də səviyyəsi düşüb. 


25 Fev 2024
Müsahibə

Kamaləddin Qafarov: “Xocalı soyqırımı bəşər tarixinin qanlı cinayətlərindən biridir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”

21 Fev 2022
Müsahibə

Slobodan Samarciya: “Serbiya ilə Azərbaycan əsl dostdur”

“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.

14 Fev 2022
Müsahibə

Vidadi Əhmədov: "Turan Tovuz"a 100 adamdan biri kimi dəstək verə bilərəm"

Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi

10 Fev 2022
Müsahibə

Maksim Şevçenko: “Minsk prosesi” yoxdur, onu unutmaq lazımdır - MÜSAHİBƏ

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.

9 Fev 2022
Müsahibə

Aleksandr Proxanov: “Gec-tez Ankara Rusiya ilə qarşıdurmaya gedə bilər” – MÜSAHİBƏ

Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.