Maksim Şevçenko: “Minsk prosesi” yoxdur, onu unutmaq lazımdır - MÜSAHİBƏ

Maksim Şevçenko: “Minsk prosesi” yoxdur, onu unutmaq lazımdır - MÜSAHİBƏ
10 Fev 2022 16:09


Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.

Rusiya və Fransa liderlərinin birgə mətbuat konfransında da “Qarabağ nizamlanması” kontekstində ATƏT-in Minsk qrupu barədə heç nə deyilməyib, sadəcə regionda təcili humanitar və sosial-iqtisadi problemlərin həllinin vacibliyi qeyd edilərkən ATƏT-in Minsk Qrupu xatırladılıb.

Həmçinin Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, ATƏT Qarabağ məsələsi ilə məşğul olmayacaq.

Fransa artıq bu faktla barışıb, lakin regionda vəziyyətin kökündən dəyişməsinə baxmayaraq, Ermənistanda son ana qədər əvvəlki formata qayıtmağa ümid edirlər.

Hazırkı reallıqlarda Minsk prosesinin bərpasına israr etmək nə dərəcədə məntiqlidir? "Realpress.az" bu sualla tanınmış rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenkoya müraciət edib:

- Sual verdiniz, amma mən hətta “Minsk prosesi”nin nə olduğunu dərhal xatırlaya bilmədim (gülür). O, çoxdan şüurun və tarixin uzaq rəflərinə atılıb və 2020-ci ilin payızında yaranan reallıqla heç bir əlaqəsi yoxdur. Azərbaycan öz vətənini qaytardı. Hələlik hər şey nəzarət altında deyil, amma əminəm ki, bu müvəqqətidir. Azərbaycanlılar buna öz zəhmətləri, canlarını verən şəhidlər sayəsində nail olublar. “Minsk prosesi”nin isə bununla heç bir əlaqəsi yoxdur.

Xatırlayırıq ki, Türkiyə Respublikası və “Qarabağ Azərbaycandır” deyən Rusiya Prezidenti Vladimir Putin Azərbaycana kömək edirdi. Bununla o, dərhal Rusiyada çoxlarının “əlini bağladı”.

Hazırda necə “Minsk prosesini” xatırlamaq olar? Bu məsələni qaldırmağa kimin vicdanı var? Milyonlarla azərbaycanlı 30 il öz yurd-yuvasından məhrum edilmişdi, Azərbaycan ərazisi işğal olunmuşdu. “Minsk prosesi”ni unutmaq lazımdır, o, mövcud deyil.

- Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev də bu barədə danışır...

- İlham Əliyev məntiqi düşünən insandır, diplomatdır. O, şübhəsiz ki, haqlıdır. Hər bir proses nəyəsə əsaslanmalıdır. Bəs bu gün “Minsk prosesi”nin başlanması üçün hansı əsaslar var? Mən başa düşürəm ki, humanitar məsələlər var, amma heç kim erməni xalqına, o cümlədən Azərbaycan ərazisində yaşayan ermənilərə zərər verilməsini istəmir.

Azərbaycanın erməni icmasının bütün humanitar məsələləri beynəlxalq prinsiplərə və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq öz həllini tapacaqdır. Söhbət milli azlıqların hüquqlarından və ümumiyyətlə insan haqlarından gedir. Bəs özünü gözdən salan “Minsk prosesi”nin buna nə aidiyyətı var? Yenə deyirəm: o, yoxdur, biz bunu unutmalıyıq! Şuşada idim, qayalardan yaxın kəndlərə baxırdım və düşünürdüm: “Minsk prosesi” hanı? Bunun hazırkı reallıqlarla nə əlaqəsi var?

Gələcəyə baxan “3+3” əməkdaşlıq platforması mövcuddur. Regionun bütün dövlətləri ilə, Gürcüstanla danışılmalıdır. “3+3” işləsə bütövlükdə regionu dəyişə bilər. Avropalılar isə sülhlə bu qədər maraqlanırlarsa, yaxşı olar ki, bu platformanı dəstəkləyən dövlətlərlə əməkdaşlıq etsin.

- Fransa prezidenti Emmanuel Makrona qarşı Ermənistandan gələn ittihamlara münasibətiniz necədir? İrəvan mediası onun ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpası məsələsini gündəmə gətirməməsindən şikayətlənir...

- Diqqət edin, erməni xalqı ilə Fransanın əlaqələri çoxdan məlumdur. Yeri gəlmişkən, Sov.İKP MK-nın sonuncu Baş katibinin, SSRİ Ali Soveti prezidiumunun sonuncu sədrinin, SSRİ-nin ilk və sonuncu prezidentinin həyat yoldaşı Raisa Maksimovna Qorbaçovanın dediyi söz yadıma düşdü. O, bir dəfə Martiros Saryanın (SSRİ xalq rəssamı - red.) tablosunu təqdim edirdi. Həmin vaxt onun dediklərini görüb-eşidirdim, amma ağlım bunu qəbul etməkdən imtina edirdi. Raisa Qorbaçova dedi ki, SSRİ sovet və erməni xalqları arasında dostluğun tərəfdarıdır! Yəni hələ həmin vaxt o, erməni xalqını sovet xalqından ayırıb.

Mövzumuza qayıdırıq. Erməni diasporu həmişə Fransaya yönəlib və Fransada güclü olub. Bir dəfə mən maşınla Parisdən Marselə gedirdim, Cənubi Burqundiyadan keçirdik, orada radiostansiya erməni dilində yayım aparırdı.

Həmçinin Prezident İlham Əliyevin fransalılara Marseldə ikinci erməni dövlətinin yaradılması təklifini xatırlamaq yerinə düşərdi.

Amma humanitar əlaqələr xalqın haqqıdır. Kimsə Martiros Saryanın rəsmlərini sevir, kimisi Marqarita Simonyan (RT telekanalının və “Rossiya Seqodnya” beynəlxalq xəbər agentliyinin baş redaktoru – red.) kimi yatmazdan əvvəl Qriqor Narekatsinin “Hüznlü İlahilər Kitabı”nı oxuyur. Amma bunun siyasi “Minsk prosesi” ilə heç bir əlaqəsi yoxdur.

Fransızları başa düşürəm. Məsələn, Şarl Aznavur (etnik erməni - red.) Fransa mədəniyyətinə inanılmaz töhfə verib. Onun haqqında bütün dünya bilir. Sevgi - ağıldan deyil, ürəkdəndir. Emmanuel Makron isə realistdir. Azərbaycanın Avropaya verə biləcəyi (o cümlədən Fransanı enerji böhranından xilas edəcək) qaz, Parisin Bakı və Moskva ilə yaxşı münasibətləri - bu ağıldandır, siyasətdir. Erməni lobbisi və erməni mədəniyyətinə sevgi ilə Fransa və Avropanın rasional maraqları arasında seçim edən prezident Makron yəqin ki, ikincini seçir. Bu isə fransızların ermənilərə olan sevgisinə zidd deyil. Axı haradansa qaz alınmalıdır… (gülür).


25 Fev 2024
Müsahibə

Kamaləddin Qafarov: “Xocalı soyqırımı bəşər tarixinin qanlı cinayətlərindən biridir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”

21 Fev 2022
Müsahibə

Slobodan Samarciya: “Serbiya ilə Azərbaycan əsl dostdur”

“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.

14 Fev 2022
Müsahibə

Vidadi Əhmədov: "Turan Tovuz"a 100 adamdan biri kimi dəstək verə bilərəm"

Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi

9 Fev 2022
Müsahibə

Aleksandr Proxanov: “Gec-tez Ankara Rusiya ilə qarşıdurmaya gedə bilər” – MÜSAHİBƏ

Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.