Xalq artisti Polad Bülbüloğlunun 81 yaşı tamam olur

Xalq artisti Polad Bülbüloğlunun 81 yaşı tamam olur
04 Fev 2026 10:39

Bu gün Xalq artisti Polad Bülbüloğlunun 81 yaşı tamam olur.

Polad Murtuza oğlu Məmmədov 1945-ci ilin bu günü, fevralın 4-də Bakıda dünya şöhrətli müğənni, Xalq artisti, professor Bülbülün ailəsində dünyaya göz açıb.

1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsini (Qara Qarayevin sinfi) bitirib. Azərbaycan estrada ifaçılığı sənətini xarici ölkələrdə yüksək səviyyədə dəfələrlə təmsil edən müğənni beynəlxalq festivallarda diplom və mükafatlara layiq görülüb. 1975-ci ildə təşkil etdiyi Azərbaycan estrada ansamblı, "Aşıqlar" vokal-instrumental ansamblı ilə birgə müxtəlif ölkələrdə uğurla çıxış edib.

Geniş yaradıcılıq diapazonuna malik olan bəstəkar öz istedadını musiqinin müxtəlif janrlarında sınayaraq balet, müzikl, instrumental, vokal, simfonik, kamera əsərləri, kinofilmlərə, dram tamaşalarına musiqi, mahnı və romanslar yaradıb.

Bəstəkarın "Kitabi-Dədə Qorqud" eposunun motivləri əsasında yaratdığı "Eşq və Ölüm" baleti ilk dəfə 2005-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vyana Balet Akademiyasının professoru, baletmeyster Vakil Usmanov tərəfindən səhnəyə qoyulub. Həmin ildə Akademik Opera və Balet Teatrının balet truppası bu tamaşanı Sankt-Peterburqda Mariinsk Teatrında, daha sonra Moskvada Böyük Teatrın səhnəsində nümayiş etdirib.

Bənzərsiz ifası ilə estrada sənətimizi zənginləşdirən Polad Bülbüloğlu həmçinin populyar bəstələrin müəllifidir. Onun "Gəl, ey səhər", "Doğma diyar", "Durnalar", "Bayatılar", "Bakı", "Məni gözlə", "Bənövşələr" və digər nəğmələri Azərbaycan estrada mahnı irsinin parlaq nümunələri kimi bu gün də sevilir.

Polad Bülbüloğlu 1987-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru, 1988-ci ildən 2006-cı ilədək Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifələrində çalışıb.

Sənətkarın Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri yüksək qiymətləndirilib, o, 1973-cü ildə "Əməkdar incəsənət xadimi", 1982-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb, 2005-ci ildə "İstiqlal", 2015-ci ildə "Şərəf" ordenləri ilə təltif edilib.

Polad Bülbüloğlu Prezident İlham Əliyevin 3 fevral 2020-ci il tarixli sərəncamı ilə mədəniyyətimizin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Azərbaycanın ən ali mükafatına - "Heydər Əliyev" ordeninə layiq görülüb.


9 Fev 2026
Cəmiyyət

Ötən həftə 670 hektara yaxın ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə fevralın 2-dən 8-dək 8 tank əleyhinə mina, 97 piyada əleyhinə mina, 223 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

9 Fev 2026
Cəmiyyət

Amnistiya aktı indiyədək 15 mindən çox şəxsə şamil edilib

"Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarı 22 dekabr 2025-ci il tarixdən 8 fevral 2026-cı il tarixədək prokurorluq və məhkəmə orqanları ilə birgə Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri, habelə İstintaq idarəsi üzrə 15 min 119 şəxs barəsində tətbiq olunub.

9 Fev 2026
Cəmiyyət

Naxçıvan Muxtar Respublikasına yeni Baş nazir təyin olunub

Naxçıvan Muxtar Respublikasına (MR) yeni Baş naziri təyin olunub.

9 Fev 2026
Cəmiyyət

Sabah Bakıya qar yağacaq - 10.02.2026

Azərbaycanda fevralın 10-na gözlənilən hava şəraiti açıqlanıb.

9 Fev 2026
Cəmiyyət

Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

Biləsuvar rayonunda Azərbaycanın şəhid Milli Qəhrəmanı Mübariz İbrahimovun anım mərasimi keçirilib.