Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib (FOTO)

Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib (FOTO)
06 Okt 2026 15:26

6 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstounu qəbul edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, habelə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində 8 avqust 2025-ci il tarixində Vaşinqtonda keçirilmiş tarixi Zirvə görüşünün əhəmiyyətini qeyd edib. Vaşinqtonda əldə olunmuş razılaşmaların ardınca ikitərəfli əlaqələrin müxtəlif istiqamətlər üzrə sürətli inkişafının məmnunluq doğurduğu bildirilib.

Bu çərçivədə, 10 fevral 2026-cı il tarixində imzalanmış Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının ikitərəfli əlaqələrin institusional əsaslarının daha da möhkəmləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Xartiyanın icrası çərçivəsində yaradılmış işçi qruplarının fəaliyyəti və qarşıdakı dövr üçün konkret layihə və yol xəritələrinin müəyyənləşdirilməsi istiqamətində görülən işlər nəzərdən keçirilib.

Azərbaycan-ABŞ iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsi məsələlərinə toxunulub. Bu çərçivədə, Bakı Enerji Həftəsi və II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində enerji, investisiya, yüksək texnologiyalar və digər sahələrdə əldə olunmuş razılaşmaların ikitərəfli strateji tərəfdaşlığın iqtisadi əsaslarının gücləndirilməsinə töhfəsi qeyd edilib.

Azərbaycanın regionun enerji, nəqliyyat və logistika potensialının inkişaf etdirilməsi, Orta Dəhlizin genişləndirilməsi, investisiyaların təşviqi və regional bağlantıların gücləndirilməsi istiqamətində həyata keçirdiyi infrastruktur layihələri barədə məlumat verilib.

TRIPP layihəsinin regionda nəqliyyat və iqtisadi bağlantıların inkişafına, Azərbaycan ərazisindən onun Naxçıvan Muxtar Respublikasına maneəsiz bağlantının təmin edilməsinə və daha geniş regional tranzit imkanlarının formalaşdırılmasına mühüm töhfə verəcəyi vurğulanıb.

Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ətrafında da fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Azərbaycanın sülh gündəliyinin irəlilədilməsi istiqamətində atdığı addımlar, əldə olunmuş razılaşmaların həyata keçirilməsi, regional kommunikasiyaların açılması və regionda davamlı sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə qarşı tərəfi məlumatlandırıb, ölkəmizin mövqeyini diqqətə çatdırıb.

Tərəflər Azərbaycan-ABŞ strateji tərəfdaşlığının bundan sonra da qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə inkişaf etdirilməsi və əldə olunmuş razılaşmaların praktiki nəticələrlə zənginləşdirilməsi istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.


6 Noy 2026
Siyasət

Üçrəngli bayrağımız Azərbaycanın müstəqillik yolunun canlı salnaməsidir - Azər Qarayev

Hər bir xalqın tarixində onun azadlıq mübarizəsini, milli kimliyini və dövlətçilik ənənələrini təcəssüm etdirən müqəddəs rəmzlər var. Azərbaycan xalqı üçün belə rəmzlərin başında üçrəngli Dövlət Bayrağımız gəlir. 

6 Noy 2026
Siyasət

Azərbaycançılıq ideologiyası: Heydər Əliyevdən İlham Əliyevə

Azərbaycan cəmiyyətində Qarabağdakı tarixi Zəfərdən və ərazi bütövlüyümüzün tam bərpa edilməsindən sonra həm müstəqillik dövründə keçdiyimiz çətin və məsuliyyətli inkişaf yolunun tarixi dərslərini ümumiləşdirmək, həm də yeni tarixi dövrün ümummilli vəzifəsini müəyyən etmək dövlət əhəmiyyətli bir məsələ kimi gündəmə gəlmişdir. Bu, ölkəmizdə uzaq və yaxın keçmişin tarixi dərslərindən düzgün nəticə çıxararaq daha işıqlı sabahlara doğru inamla addımlamaq və eyni zamanda, hansı hədəflərə doğru və necə getməli olduğumuzun strategiyasını qurmaq baxımından həlli zəruri olan aktual bir problemdir.

6 Noy 2026
Siyasət

İğdırda 8 Noyabr – Zəfər Günü qeyd olunub (FOTO)

8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə Türkiyə Respublikasının İğdır şəhərində silsilə tədbirlər keçirilib.

6 Noy 2026
Siyasət

Hikmət Hacıyevdən Azərbaycan Televiziyası və Radiosu Günü ilə bağlı paylaşım - Foto

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Televiziyası və Radiosu Günü münasibətilə bu sahədə çalışan şəxsləri təbrik edib.

6 Noy 2026
Siyasət

İlham Əliyev və Mehriban Əliyeva Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunda "Sunbeverage" MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər.