Eldənizə tapşırmışdım ki, dayısı olduğumu heç yerdə deməsin - MÜSAHİBƏ

Eldənizə tapşırmışdım ki, dayısı olduğumu heç yerdə deməsin - MÜSAHİBƏ
27 Okt 2018 12:58


Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatında 55 kq-da dünya çempionu olmuş Eldəniz Əzizlinin dayısı, futbol millimizin sabiq baş məşqçisi Şahin Diniyevin Oxu.Az-a müsahibəsi:

– Siz, deyəsən, Eldəniz Əzizlinin dayısısınız...

– Artıq məlumat tutmusunuz? Doğru məlumatdır.

– Bu il Dağıstanda Avropa çempionu olanda ondan müsahibə götürmüşdüm. Maraqlıdır ki, qohumluğu haqda bir kəlmə də deməmişdi...

– Mən özüm ona belə tapşırmışdım. İstəmirdim ki, kimsə bunu bilsin. Özüm qazandığım nailiyyətlərə öz gücüm hesabına gəlmişəm. Onun da uğurlara Şahin Diniyev adı olmadan nail olmasını istəyirdim. Sonra kənarda deməsinlər ki, Şahin Diniyevin bacısı oğludur.

Qoy, öz gücü hesabına tanınsın. Ona görə ona tapşırmışdım ki, heç yerdə bu barədə demə... Əslinə qalsa, mən heç Bakı çempionu da olmamışam (gülür). O, indi məndən daha məşhurdur.

Yeri gəlmişkən, onu 15 yaşında Beyləqandan Bakıya - Elçin müəllimin (Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərovu nəzərdə tutur – S.M.) yanına gətirmişdim. Dedim, bax, gör, ondan güləşçi olacaq, ya yox. Sağ olsun, Elçin müəllimin onun üzərində çox əməyi olub.

– Dünya çempionu olmaq çox çətin məsələdir. Çünki burada tək Avropa yox, Asiyanın da güclü idmançıları mübarizə aparır. İnanırdınız onun dünya çempionu olacağına?

– Düz qeyd edirsiniz. Dünya çempionu olmaq çox da asan iş deyil. Açığı, çempion olacağına inanmırdım. Amma bu onun gücünə inamsızlıqla bağlı deyildi. O, Minskdəki turnirdə əlindən zədə almışdı. Əlində çat vardı. Fikir verdinizsə, gürcü idmançı ilə mübarizədə zədəsi özünü göstərirdi. Bu baxımdan onun dünya çempionu olacağına inanmırdım. Amma dünya üçüncüsü ola biləcəyinə inamım vardı. Şükürlər olsun, ən yüksək nəticəyə nail ola bildi.

– Final görüşünü canlı izlədinizmi?

– Əvvəlki görüşlərinə sonradan baxmışdım. Amma finala hələ baxa bilməmişəm. Onun görüşü olanda mən Yessentukidən gəlirdim.

– Adətən, Olimpiya və dünya çempionu olduqdan sonra nəsil yığışır, qonaqlıq təşkil edir. Sizin nəsildə də belə bir şey olacaqmı?

– Bu sualı onun ata və anasına vermək lazımdır. Yəqin ki, bir qonaqlıq verərlər, bir quzu kəsərlər. Biz də iştirak edib o quzunun bir hissəsindən yeyərik (gülür).

– Onun qələbəsinin ruhuna ithaf etdiyi jurnalist Akif Şahverdiyevlə nə yaxınlığı var?

– Bəlkə də, deməməliyəm. Amma səmimi söhbət gedirsə, deyim. Rəhmətlik onun qayınatası olub. İyunda dünyasını dəyişdi. Həmişə deyirdi ki, Eldənizi böyüklər arasında dünya çempionu görmək istəyirəm. Amma bunu görə bilmədi...

– Eldənizi iki ildən sonra Olimpiya çempionu kimi görə bilərik?

– Bilirsiniz, yüksəkliyə çıxmaq üçün gərək aşağı baxmayasan. Qazandığın nailiyyətlər sənin başını dumanlandırmamalıdır. Onun özünə də həmişə bu haqda deyirəm. Gələndə də deyəcəm. Özünüz bilirsiniz ki, bizdə ikiqat Olimpiya çempionu yoxdur. Hamısı bu kimi şeylərdən irəli gəlir. Eldəniz başını aşağı salıb bundan sonra daha da səylə məşqlərini davam etdirsə, onun Olimpiya çempionu olacağına da inanıram.

Realpress.az


27 Mar 2020
Müsahibə

Nyu-Yorkda koronavirusa yoluxan azərbaycanlı gənc: “Sağaldığım üçün çox xoşbəxtəm” - MÜSAHİBƏ

Bu gün ABŞ koronavirus xəstələrinin sayına görə birinci yerdədir. Xəstəlik ABŞ-ın 50 ştatının hamısına yayılıb.

19 Mar 2020
Müsahibə

Ölkəmizdə bu problemi yaşayanların 99 faizi qadınlardır - MÜSAHİBƏ

Son zamanlar dünyada, o cümlədən Azərbaycanda artıq çəkidən əziyyət çəkən insanlar ən radikal üsula əl ataraq, mədəkiçiltmə əməliyyatına gedirlər. Bəs bunun yan təsirləri, zərərli tərəfləri varmı?

19 Mar 2020
Müsahibə

“Bunu qiyamətin əlaməti saymaq...” – Hacı Şahin Həsənli ilə müsahibə

Məşədi Dadaş” məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli cavablandırıb:

29 Okt 2019
Müsahibə

Fədayə Laçın "Qoca"nın məzarını ziyarət edəcəkmi? - MÜSAHİBƏ

Realpress.az ölkə.az-a istinadən bu gün həbsdən çıxan Fədayə Laçın müsahibəsini təqdim edir: