Azərbaycanlı “iş adamları”nın Dağıstandakı şok biznesi: Buradan adam oğurlayıb kölə edirlər

Azərbaycanlı “iş adamları”nın Dağıstandakı şok biznesi: Buradan adam oğurlayıb kölə edirlər
19 İyun 2019 17:01


Dağıstanda bir neçə Azərbaycan vətəndaşı köləyə çevrilib. Üstəlik, bunu edənlər elə həmvətənləri olub. DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi qanunsuz azadlıqdan məhrumetmə və icbari əməyə cəlb etmə maddələri üzrə cinayət işi açıb.

Bu barədə realpress.az-a Azərbaycan Respublikası DİN-dən məlumat verilib.

Hazırda fakt üzrə araşdırma aparılır, Azərbaycan vətəndaşlarının xarici dövlətin ərazisində istismarında iştirak etmiş şəxslərin əhatə dairəsi müəyyən edilir. Şübhəli şəxslərin saxlanılaraq, məsuliyyətə cəlb olunması üçün Dağıstanın hüquq-mühafizə orqanları ilə danışıqlar aparılır.

DİN-dən bildiriblər ki, istintaqın davam etməsi ilə əlaqədar araşdırmanın təfsilatları barədə məlumat verə bilməzlər, bununla belə, cinayətdə təqsirli olan hər kəsin cəzalandırılacağını söyləyiblər.

Bu arada, Bakı sakini Elşad Ağayev realpress.az-a istismarçıların Dağıstanda azərbaycanlıların başına hansı oyunlar açdıqlarından danışıb. Köləlikdən qaçmağa nail olmuş azərbaycanlılardan biri E.Ağayevin qohumudur. O, Ağayevə cinayətkar qrupun tələsinə necə düşdüyünü və köləlikdə olarkən onunla necə davrandıqlarını danışıb.

1965-ci il təvəllüdlü Hadıyev Sevdiyar Muxtar oğlu Lerik rayonunun Piran kəndinin sakinidir. Bir neçə cəhddən sonra əsarətdən qaçmağı bacarıb. Azərbaycana geri dönər-dönməz DİN-ə şikayət ərizəsi ilə müraciət edib.

10 iyul 2018-ci ildə işsiz S.Hadıyevə Lənkəran rayonundan olan qohumu Vidadi Mirzəcanov yaxınlaşıb. O, bir nəfərin məşğulluq sahəsində çalışdığını və ürəyi istəsə, onu həmin kişi ilə tanış edə biləcəyini söyləyib.

S.Hadıyev həmin vaxt işə çox ehtiyacı olduğundan razılıq verib. İyulun 16-da Mirzəcanov həmin şəxslə görüşüb və sonuncu növbəti gün Hadıyevin Bakıya gəlməsini istəyib.

İyulun 18-də metronun “Koroğlu” stansiyasının qarşısında S.Hadıyevi “90 TU 367” nömrə nişanlı, “Opel” markalı maşında Tahir H. (redaksiyada bütün şübhəlilər barədə şəxsi məlumatlar olsa da, istintaqın davam etməsini nəzərə alaraq, adlar şərti verilir – red.) qarşılayıb.

“O, Sevdiyarı maşına əyləşməyə dəvət edib. Orada tanış olublar, sürücü Tərlan N. adlı biznes şərikinin olduğunu və birlikdə Mahaçqalanın “Uçxoz” məhəlləsində yerləşən fermada 10 tərəvəz istixanasına sahib olduqlarını söyləyir.

Tahir H. bildirib ki, S.Hadıyev aya 20 min rubl (533 manat) maaşa razılaşsa, onu özü ilə apara bilər. Onlar elə həmin gün Azərbaycan-Rusiya sərhədini keçiblər”, - deyə E.Ağayev bildirib.

Yolda olanda Tahir H. mütəmadi olaraq Azərbaycandan Dağıstana (Mahaçqalaya) fəhlələr daşıdığını dilə gətirib. Təyinat nöqtəsinə çatdıqdan sonra Tahir H. fəhləni öz şəriki ilə tanış edib və müvəqqəti yaşayış qeydiyyatına salmaq bəhanəsi ilə onun pasportunu alıb. Ancaq nə Hadıyevin pasportu qaytarılıb, nə də onu yaşayış qeydiyyatına salıblar. Bundan başqa, S.Hadıyevin mobil telefonunu da əlindən alıblar.

Artıq bir neçə gündən sonra “işəgötürənlər”in azərbaycanlıya olan münasibəti dəyişib. Qeyd edək ki, şəriklərin xiyar və pomidorun yetişdirildiyi istixanalarında Hadıyevdən başqa, bir neçə azərbaycanlı da olub. Onlar ağır şəraitdə yaşayıb. Fəhlələr harada gəldi yatıb, onlara ən adi çarpayı belə verilməyib. “Əsirləri” faktiki olaraq ac saxlayıblar.

Başqa bir zərərçəkən - Səlahət Yasubovun polisə təqdim etdiyi şikayət ərizəsinə görə, onları hər gün 04:00-da oyadıblar. İş saat 05:00-da başlayıb və axşam 21:00-a kimi davam edib. Saat 12:00-da (günorta) fəhlələrə şirinçay və çörək, axşam saat 20:00-da isə qaynadılmış kartof veriblər. “Sözə baxmayan əsirləri” döyüblər.

S.Yasubovun dişlərini sındırıblar. İstixana hüdudlarından kənara heç kim çıxa bilməyib. Ərazini iki çoban iti mühafizə edib. Nadir hallarda əsirlərə mobil telefon verib, nəzarətçinin qarşısında ailələləri ilə əlaqə saxlamalarına (sağ-salamat olduqlarını bildirmək üçün) icazə veriblər. Aydın məsələdir ki, onlara heç bir məvacib verməyiblər.

S.Hadıyev dörd ay on gün ağır şəraitdə işləyib və yaşayıb. Noyabrın 18-də o, qaçmaq üçün pasportunu götürməyə cəhd edib, ancaq çoban iti onun üzərinə atılaraq əlini ağır yaralayıb.

Nəyahət, noyabrın 29-da fürsətdən istifadə edərək, dörd metrlik hasarı aşaraq qaçıb. Yolda o, polis əməkdaşına rast gəlib və başına gələnləri ona danışıb. Hadıyevə kömək etmək üçün asayiş keşikçisi onunla fermaya qayıdıb. Yarım saat ərzinə polis əməkdaş Tərlan N. ilə söhbət aparıb. Hüquq-mühafizə orqanı əməkdaşı köləlikdən qaçmış Hadıyevin pasportunu fermerdən almağa nail olur.

Polis əməkdaşı ona Azərbaycana qayıtmağı və oradan istismarçılardan yerli hüquq-mühafizə orqanlarına şikayət etməyi tövsiyə edib. Ancaq Tahir H. Hadıyevin içində olduğu avtobusa çataraq onu saxladıb. Sonuncu onun avtomobilə minməsini xahiş edib, onunla söhbət etmək istədiyini bildirib. Ona Bakıya çatan kimi 80 min rubl verəcəyini and-aman edib, polisə şikayət etməməsi üçün yalvarıb. S.Hadıyev onun sözlərinə inanıb.

Tahir H. yolüstü sərnişinlər toplayaraq, onlarla birlikdə Hadıyevi Bakıya çatdırıb. Ancaq zərərçəkəni yenə aldadıblar. Tahir H. ona vəd etdiyi pulu vermir. Burada  köləlikdən qaçmış Hadıyev Elşad Ağayevlə əlaqə yaradıb, sonuncu onu evinə çatdırıb.

Bir neçə gündən sonra S.Hadıyevə poçtla beş min rubl göndərilir. Əmək istismarına məruz qalmış zərərçəkən hazırda günahkarların cinayət məsuliyyətinə cəlb edilməsini və 75 min rubl məbləğində pulun tutularaq, ona təzminat şəklində verilməsini tələb edir.

“Zərərçəkənlər iddia edir ki, qrup dörd nəfərdən ibarətdir və hər birinin öz funskiyası var. Göyçaylı Tərlan N. biznesi idarə edir. Tahir H. müəssisəni kölələrlə təmin edir. Başqa bir göyçaylı - Sarvan isə fermada işçilərə və onların qaçmamasına nəzarət edib. Bundan başqa, bir qadın da olub, onun adı hələlik bizə məlum deyil, yalnız o məlumdur ki, qadın təsərrüfatın mühasibat işlərinə cavabdeh olub”, - deyə mənbə bildirib.

Bu arada, Səlahət Yasubov köləlikdən 12 sentyabr 2018-ci ildə qaça bilib. Zərərçəkənin sözlərinə görə, fermada onunla Ucar rayonundan olan bir neçə fəhlə çalışıb. S.Yasubov S.Hadıyevdən fərqli olaraq, öz pasportunu ələ keçirə bilib.

Qeyd edək ki, S.Yasubovun ifadəsi onunla həmdərd olan Hadıyevin polisə təqdim etdiyi şikayət ərizəsində yazılanlarla üst-üstə düşür. Hər ikisi bildirib ki, onlara az qala İkinci Dünya Müharibəsi dövründə konsentrasiya düşərgələrində saxlanılan əsirlər kimi, bəlkə də, daha pis münasibət göstəriblər.

Elşad Ağayevin sözlərinə inansaq, istintaqın  Mahaçqala fermalarında istismara məruz qalmış doqquz azərbaycanlı “kölə” barədə məlumatı var.  

“Biz yalnız onu istəyirik ki, bütün cinayətkarlar qanun çərçivəsində ən sərt şəkildə cəzalandırılsın. XXI əsrdə yaşayırıq, amma köləlik hələ də çiçəklənməkdədir”, - deyə E.Ağayev söyləyib.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.