“Bakıda koronavirusa vaxtında reaksiya verdilər, İtaliyada isə 30 dəqiqədən bir dəfn edirlər” - MÜSAHİBƏ

“Bakıda koronavirusa vaxtında reaksiya verdilər, İtaliyada isə 30 dəqiqədən bir dəfn edirlər” - MÜSAHİBƏ
19 Mar 2020 15:11

Koronavirus sürətlə bütün dünyada yayılır. Virusa ən çox yoluxma halına görə, ölkələrin sırasında İtaliya ilk üçlüyə daxildir. Bu ölkədə 35 713 nəfər koronavirusa yoluxub. İtaliyada hazırda koronavirusla bağlı vəziyyət kritikdir.

Qeyd etmək lazımdır ki, bu virusla mübarizə aparmaq üçün hökumətin təxirəsalınmaz tədbirlər gördüyü Azərbaycanda isə yoluxanların sayı 23 nəfərdir. 

“Mən artıq çox sayda yoluxma halının qeydə alındığı Milanda yaşayıram. Şəhərdə təşviş olduğunu deməzdim, amma vəziyyət kritikdir. Əvvəlcə insanlar vəziyyətin ciddiliyini başa düşmədilər. Koronavirusa yoluxan ilk 10 şəxs barədə məlumat açıqlanandan sonra təhsil müəssisələri bağlandı. Lakin ticarət mərkəzləri işini davam etdirdi. Eyni zamanda, bu virusun adi qripdən daha təhlükəli olmadığı və yalnız patologiyası olan yaşlı xəstələrin ölməsi barədə təsəlliverici məlumatlar peyda oldu. İnsanlar parklarda, restoranlarda gəzməyə davam etdilər. Bir çoxları xizək kurortlarında istirahət etdilər”, - deyə S.Kərimova bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində virus çox yayılıb, daha çox qurbanların olması barədə məlumatlar ortaya çıxıb. 

"Xəstəxanalardakı yerlər artıq kifayət etmir. İndi İtaliyada daha sərt tədbirlər görülür. Barları, restoranları, teatrları, kinoteatrları, muzeyləri, bərbərləri bağladılar...Yalnız ərzaq dükanları, poçt şöbələri və apteklər açıq qaldı.

Əhəmiyyətli bir səbəb olmadan evdən çıxmaq qadağan edildi. İtaliya Səhiyyə Nazirliyinin saytında bir insanın mənzili tərk etmək istədikdə doldurmalı olduğu blank yerləşdirilib. Blankı doldurarkən evdən çıxmaq səbəbini göstərmək lazımdır, çünki yalnız uzaqdan işləmək mümkün olmadıqda işə getməyə icazə verilir. Bundan əlavə, ərzaq və ya dərman almaq üçün evdən çıxmaq olar. Həmçinin, itləri gəzdirməyə icazə verilir. Polis sizi saxladığı halda blankın çap formasının olması mütləqdir”, - deyə S.Kərimova qeyd edib.

Onun sözlərinə görə, ilk qurbanlar haqqında bilinən kimi insanlar supermarketlərə axın ediblər: 

“Mağazalarda insanların sıxlıq yaratması daha çox yoluxmaya səbəb olub. Bununla belə ərzaq həmişə kifayət etdi, problem yaranmadı və indi də yoxdur. İndi marketə bir neçə nəfəri buraxırlar və ən azı bir metr məsafə saxlamaq tələb olunur. Hamı maska ​​taxır, əlcək istifadə etmək də arzuolunandır”.

S.Kərimova təəssüf hissi ilə bildirib ki, İtaliyada yoluxanların sayı mütəmadi şəkildə artır. Onların arasında çox sayda gənclər də var, virus yalnız yaşlıların həyatına son qoymur.  

“Tədricən qorxu bizi ələ alır. Bu yaxınlarda televiziyada Berqamodan qəbiristanlıqda cənazə maşınlarının sıra yaratması ilə bağlı reportaj göstərildi. Hər yarım saatdan bir orada kimsə dəfn olunur. Üstəlik, dəfnlər kilsədə cənazə mərasimi keçirilmədən və yaxınlarının iştirakı olmadan edilir. Toy və digər kütləvi tədbirlər də qadağan edilib”, - deyə S.Kərimova bildirib.

İtaliyadakı bir çox ailənin ev karantinində olmasına gəldikdə isə S.Kərimova deyib ki, uşaqlar onlayn tədris keçirlər, insanların çoxu evdən işləyir.

“İnsanlar küçələrdə maska ​​taxırlar. Amma indi apteklərdə maskaları, eləcə də əllər üçün dezinfeksiya vasitələrini tapmaq mümkün deyil. Xəstəxanada işləyən bir tanışımız vəziyyətin ağır olduğunu deyir. Xəstəxanalarda yer yoxdur, virusa yoluxmuş insanlar isə daim gətirilir. Bu səbəbdən keçmiş sərgi salonu 500 yerlik reanimasiya otağı kimi təchiz edilir”, - deyə həmyerlimiz vurğulayıb.

İtaliyada yaşlıların ölümə tərk edilməsi, gənclərin müalicəsinin üstün tutulması ilə bağlı suala cavab verən S.Kərimova bu barədə yerli mətbuatda yazıldığını deyib.

“Bu nə dərəcədə doğrudur, bilmirəm. Ancaq düşünürəm ki, burada hər həyat uğrunda mübarizə aparılır. Ancaq problem ondadır ki, bir çoxlarına nəfəs almağı dəstəkləmək üçün xüsusi cihazlar lazımdır. Ümumiyyətlə, İtaliya səhiyyə sistemində çökmə tamamilə mümkündür”, - deyə S.Kərimova qeyd edib.

S.Kərimova xəstəliyə qalib gələnləri tanımasa da, onlar haqqında yazıldığını bildirib:

“İndi məlum olub ki, xəstəliyin əsas simptomu yüksək temperaturdur, hansı ki, aşağı salmaq çox çətin və ya imkansızdır. Həm də quru öskürəkdir. Sonra nəfəs darlığı yaranır, nəfəs almaqda çətinlik müşahidə olunur, interstisial pnevmoniya inkişaf edir. Belə simptomlar olduqda, hökumət təcili yardıma deyil, xüsusi xidmət orqanlarına müraciət etməyi tapşırıb”.

S.Kərimovanın sözlərinə görə, çətin vəziyyətə baxmayaraq, italiyalılar ümumi bəla fonunda birləşiblər.

“İnternet provayderlərindən biri bütün istifadəçilərə limitsiz internet təqdim etdi. İş burasındadır ki, indi çoxları onlayn tədrisə və evdən iş rejiminə keçiblər, buna görə də şəbəkəyə giriş zəruridir. Taksi sürücüləri tək və yaşlı insanlara xidmətlərini pulsuz təklif edirlər. Bloqerlər və inflyuenserlər xəstəxanalara kömək məqsədi ilə vəsait toplama kampaniyası başladılar. İnsanlar bir-birilərini dəstəkləməyə çalışırlar, ruhdan düşməmək üçün eyvanlarda fləşmoblar təşkil edirlər. Qonşular bir-birinə alış-veriş etməkdə kömək edirlər”, - deyə S.Kərimova söyləyib.

“Anam Bakıda yaşayır, hər gün onunla əlaqə saxlayıram. Azərbaycanda görülən tədbirlər barədə mənə danışır, özüm bu barədə KİV-dən oxuyuram. Qeyd etmək istəyirəm ki, bəzi ölkələrlə müqayisədə Azərbaycan koronavirusa vaxtında reaksiya verdi. Vaxtında məktəblər bağlandı və kütləvi tədbirlər ləğv edildi. Bu virusa qalib gəlmək üçün 2-3 həftə evdə oturmaq daha yaxşıdır”, - deyə S.Kərimova vurğulayıb.

28 Mar 2024
Dünya

Tokayev Çinə səfər edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Boao Asiya Forumunun (BAF) 23-cü sessiyasında iştirak etmək üçün Çinə səfər edib.

28 Mar 2024
Dünya

Yük gəmisinin çırpıldığı körpüdə ölənlərin sayı açıqlandı

ABŞ-ın Merilənd ştatının Baltimor şəhərində körpünün uçması nəticəsində 6 nəfərin öldüyü təsdiqlənib.

28 Mar 2024
Dünya

Rusiyanın şərqində güclü qum fırtınası - FOTO/VİDEO

Rusiyanın Amur vilayətində, Çin-Monqolustan sərhədi yaxınlığında güclü qum fırtınası yaşanıb.

28 Mar 2024
Dünya

Peruda güclü zəlzələ olub

Peruda 5,3 maqnitudalı zəlzələ olub.

28 Mar 2024
Dünya

Fransada həyəcan təbili: Silah ehtiyatı azalır

“Fransanın raket və sursat ehtiyatı çox zəifdir”.