Hökumət iqtisadiyyatı pandemiyadan sığortalayacaq

Hökumət iqtisadiyyatı pandemiyadan sığortalayacaq
04 Apr 2020 11:55

Deyirlər, sən saydığını say, gör fələk nə sayır. 2019-cu ili çox uğurla başa vurmuşduq. Həmin ilin sonuncu günündə belə ağlımıza gəlməzdi ki, bu ilin elə birinci rübündə iqtisadıyyatımız pandemiya bəlası ilə üzləşəcək.

Nəticədə, ötən il başlanılan islahatlar sığorta tədbirləri ilə əvəzlənəcək, sosial istiqamətdə həyata keçirilən inqilabi addımların davamı kompensasiya, müvafiq maliyyə yardımları və güzəştlər ucbatından dalana dirənəcək.

Lakin ilin əsas hissəsi hələ qarşıdadır. Bununla belə, xatırladım ki, keçən il iki böyük sosial paket icra edildi və bu, 4,2 milyon insanı əhatə etdi. Minimum əməkhaqqı bir il ərzində iki dəfə artırılaraq, 130 manatdan 250 manata, minimum pensiya isə 116 manatdan 200 manata çatdırıldı.

Qeyd olunan rəqəmlər yaşayış minimumu göstəricisini keçdi.

Əlavə olaraq, bütün müavinətlər də yüksəldildi, yeni müavinət növlərinin tətbiqinə başlanıldı. O cümlədən, dövlət büdcəsindən maliyyələşən sahələrdə və dövlət orqanlarında çalışan işçilərin aylıq əməkhaqları dövlət başçısının müvafiq sərəncamları ilə artırıldı.

Problemli kreditlər məsələsi də həllini tapdı. Ümumiyyətlə, bütövlükdə, cəmi 1 il ərzində dövriyyəyə 4,2 milyon nəfəri əhatə edən, maliyyə tutumu 2,3 milyard manat olmaqla, gələcək üçün artıq xərc vəsaitinin qarşılanması tələbi ortaya qoyuldu.

Bütün bunlar nəyin hesabına başa gəldi? Sözsüz ki, ən başlıcası, kölgə iqtisadiyyatına qarşı aparılan mübarizənin, yəni həm inzibati metodların sərtləşdirilməsi, həm də büdcə-fiskal, gömrük və vergi sahəsində aparılan islahatların nəticəsində əldə olunan uğurların hesabına...

2019-cu ildə vergi və gömrük orqanlarının xətti ilə büdcəyə 1 milyard manat əlavə vəsait daxil oldu. Bu gəlirlər dövlət tərəfindən əhalinin sosial, iqtisadi cəhətdən müdafiəsini yaxşılaşdırmaq üçün islahatları dərinləşdirməyə yol açdı. O cümlədən, 2019-cu ildən Vergi Məcəlləsində qüvvəyə minən 300-ə qədər əlavə və dəyişikliklər vacib rol oynadı.

Sözüm bunda deyil.

Dövlət başçımız İlham Əliyevin qeyd etdiyi kimi, 2020-ci ili də yaxşı başlamışdıq. Yanvar-fevral aylarında ümumi daxili məhsul (ÜDM) 2,8 faiz, o cümlədən qeyri-neft sektoru 6,7 faiz, qeyri-neft sənayesi 21,7 faiz artmış, inflyasiya cəmi 2,8 faiz, əhalinin gəlirləri isə 9 faiz olmaqla, sonuncu birincini üstələmişdi.

Yeri gəlmişkən, birinci rübdə dövlət büdcəsinin icrasına dair məlumat bəlli olduğundan, qeyd edə bilərəm ki, vergi və gömrük orqanları ilk üç ayda dövlət büdcəsinə müvafiq surətdə 221 milyon və 91 milyon manat olmaqla, ümumilikdə, 300 milyon manatdan çox vəsait daxil ediblər.

“Əlbəttə, bizim ümidlərimiz ondan ibarət idi ki, il boyunca bu dinamika özünü saxlayacaq, beləliklə, büdcəmizə əlavə gəlirlər gələcək və bunun hesabına əlavə sosial proqramların icrası mümkün olacaq”, - deyə Prezident qeyd edib.

Amma...

Koronavirus pandemiyası milli iqtisadiyyatımıza həm dünyaya sirayət etməklə kənardan, həm də daxildə yayılaraq içdən ciddi şəkildə zərər vurdu. Bütün yuxarıda sadalananlar böyük duman qatına daxil oldu. Ölkə iqtisadiyyatı hələ belə şok yaşamamışdı. Ən acınacaqlısı isə odur ki, proses davam edir və nə vaxt bitəcəyi bilinmir.

Ona görə də, mürəkkəb vəziyyət yaranıb. Dövlətin və hökumətin qarşısında birdən-birə iki olduqca vacib və mühüm məsələni həll etmək vəzifəsi durub. Birincisi, əhalinin sağlamlığının qayğısına qalmaq, ikincisi isə, iqtisadiyyatı neftin qiymətinin kəskin şəkildə aşağı olmasından, həmçinin, maliyyə və iqtisadi sarıdan daxili nizam-intizamın pozulmasından, baş verə biləcək tənəzzüldən sığortalamaq.

Bunun axırı necə olacaq?

Bayaq qeyd etdiyim kimi, hələ məlum deyil. Lakin Azərbaycan dövlətinin və hökumətinin yaranmış vəziyyətlə əlaqədar çevik reaksiyası, yuxarıda vurğuladığım hər iki vəzifəni həll etmək istiqamətində operativ fəaliyyəti və atdığı addımlar alqışlanmalıdır.

Hər iki vəzifənin icrası sinxron həyata keçirilməkdədir.

Əvvəlki yazılarımda da qeyd etmişəm ki, bizdə iqtisadiyyata maliyyə dəstəyi tələb olunur. Dövlət başçımızın bu mənada koronavirus pandemiyasının və bundan irəli gələrək, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirlərini azaltmaqla bağlı bir sıra tədbirlər haqqında imzaladığı 19 mart 2020-ci il tarixli sərəncamı çox əhəmiyyətli oldu.

Məlumdur ki, həmin sərəncamla cari ilin dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayrılıb. Ölkəmizin böyük maliyyə ehtiyatları olduğundan, bundan da artıq vəsait ayırmaq mümkündür. Azərbaycanın mövcud valyuta ehtiyatları 52 milyard ABŞ dollarından çoxdur. Lakin əsas bu deyil.

Sözügedən sərəncamla yaradılan İşçi Qrupunun pandemiyanın iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirini azaltmaqla bağlı hazırladığı və hökumətin həyata keçirəcəyi tədbirlər bəllidir. Bunlar hansılardır? Birincisi, özəl sektorda çalışan ümumən 640 min işçinin 304 min nəfərinin (45 faizinin) maaşları ödəniləcək, ikincisi, 290 mindən çox mikro və fərdi sahibkara maliyyə dəstəyi göstəriləcək, üçüncüsü, biznes üçün müxtəlif xarakterli vergi güzəştləri, tətilləri və imtiyazlar olacaq, dördüncüsü, vergi ödəyicilərinin bank kreditlərinə dəstək veriləcək, beşincisi, əhalinin elektrik enerjisinin kommunal limiti 100 kvts artırılacaq, altıncısı, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə yardım ediləcək, yeddincisi, həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə dəstək həyata keçiriləcək və sairə...

Təkrar edirəm, ölkə iqtisadiyyatına koronavirusun vurduğu və vurmaqda davam etdiyi zərərləri, o cümlədən, neftin ucuzlaşmasının yaratdığı təsirləri aradan qaldırmaq, həmçinin, bütün bunlardan sığortalanmaq üçün düzgün istiqamətləndirilərsə, heç 1 milyard ABŞ dollarına da ehtiyac yoxdur.

Vacib olan vəsaitin düzgün xərclənməsidir.

Məsələn, hazırda ölkədə 1 milyon 555 min əmək müqaviləsi ilə çalışan muzdlu işçi olduğu deyilir. Hansı ki, bunun 915 mini dövlət və neft, qalan 640 mini isə qeyri-dövlət və qeyri-neft sektorlarında çalışır. Dövlət büdcəsindən maaş alanlar onsuz da sığortalıdır. Bizdə hüquqları ən çox tapdanan məhz özəl sektordakılardır. Böhran həmişə ilk olaraq onları vurur. Koronavirusun da iqtisadi qurbanları, əsasən, özəl sektorda çalışanlardır. Üstəlik, pandemiya ilə əlaqədar sosial izolyasiya tələbləri ilə bağlı xoşagəlməz vəziyyət yaranıb.

Məsələ bundadır ki, dövlət qoyduğu məhdudiyyət tələblərinin mənfi təsir və təzyiqlərinin qarşısından qaçmır. 304 min muzdlu işçi 44 min sahibkarlıq subyektini əhatə edir ki, onların maaşları dövlət tərəfindən ödəniləcək. Bu, həm vətəndaşlara, həm də birbaşa olaraq özəl sektora dəstəkdir. Üstəgəl, 290 mindən çox mikro və fərdi sahibkar... Bu, 600 minə yaxın fiziki şəxs deməkdir.

Çünki söhbət fərdi şəkildə fəaliyyət göstərən sahibkarlardan gedir.

Sözün qısası, pandemiyadan zərər çəkmiş sahələr dörd böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir ki, bu zaman ən çox zərər dəyən, əhəmiyyətli dərəcədə təsirlənən, minimal təsirə məruz qalan və heç qalmayan sahələr təsnif edilib.

Dövlət dəstəyinin ümumən 2,5 milyard manat təşkil edəcəyi deyilir ki, bu da ÜDM-in 3 faizidir. Ancaq görək, cari ilin yekununa hesablanmış proqnozlara əsasən, adıçəkilən göstərici ötən ilki 81 milyarda rəğmən, 83 milyard manat təşkil edəcəkmi?

Bu, ayrı söhbətin mövzusudur. Sözüm bunda deyil.

Sonda qeyd etmək istəyirəm ki, ötən il sosial sahədə başlanan genişmiqyaslı maliyyələşdirmə tədbirləri üzrə 2020-ci ildə də bəzi sahələrdə əməkhaqlarının əlavə olaraq artırılması nəzərdə tutulurdu, nəticədə, 2019-cu ildə tətbiq olunan və 2020-ci ilə proqnoz edilən artımlar üçün 4 milyard manata qədər əlavə vəsait xərclənəcəkdi.

Bunun 2,5 milyard manatını koronavirus “mənimsədi”...

Başlıcası odur ki, vətəndaşlarımız kimi, iqtisadiyyatımız da bütün sektorlar üzrə pandemiyadan maksimum səviyyədə sığortalanmalı və bu böhrandan sağ-salamat çıxmalıdır.

28 Mar 2024
Cəmiyyət

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.

28 Mar 2024
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi auditor seçir

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.