Bəs sənin mədəniyyətinə nə olub?!

Bəs sənin mədəniyyətinə nə olub?!
04 Apr 2020 12:13

Bir neçə gündür, sosial şəbəkələrdə yeni mövzu tüğyan edir. Lifti ayağı ilə çağıran şəxsin videosu hamıda qəzəb yaradıb. Çox sayda statuslar yazılır - mədəni olanı da var, təhqirlə dolu olanı da. Çox zaman isə şərhlərdə təhqirə keçilir, senzuradan kənar sözlər işlədilir. Bu yerdə mədəniyyət və davranış məsələsi ortaya gəlir.

İlk növbədə, sosial şəbəkələrdəki qınağa diqqət çəkmək istəyirəm. Həmin şəxs çox mədəniyyətsiz, düşünülməmiş hərəkət edib. Əlbəttə, günahkar cəza almalıdır ki, başqalarına dərs olsun. Deyək ki, işlədiyi şirkətin rəhbərliyi onun üç aylıq maaşını COVID-19-la mübarizə fonduna köçürərək cəzalandıra bilər. Çünki maddi cəza ən effektli üsuldur.

Biz hamımız səhv edə bilərik, edirik də. Heç kim o qədər müdrik deyil ki, səhv hərəkətlər etməsin. Əgər peşman olub səhvini anlasa, üzrxahlıq etsə, həm də bu, ona dərs olsa, heç zaman həmin hərəkəti təkrarlamayacaq. Digərlərinə də ibrət olacaq.

İctimai qınaq yaxşı şeydir, amma etika sərhədini keçməzsə. Heç kimin digər şəxsi təhqir etmək haqqı yoxdur. Fikri mədəni formada ifadə etmək lazımdır, əgər yazan həmin şəxsi nalayiq sözlərlə adlandırırsa, onda bu iki insanın arasındakı fərq nədir?!

Kədərli tərəfi odur ki, ictimai yerlərdə utanmadan tüpürən, siqaret kötüyünü yerə atan, küçələri zibilləyən, başqalarına hörmət etməyən şəxslər də onu qınayır, xüsusi canfəşanlıqla. Atalar demişkən, öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır.

İctimai yerlərdə davranış mədəniyyəti çox ciddi məsələdir. Məsələn, götürək Bakıda fəaliyyət göstərən ticarət mərkəzlərinin tualetlərini. Ayaqyolundan istifadə insanın mədəniyyət göstəricisidir. Ticarət mərkəzlərində artıq həmin yerlərə gün boyu təmizliyə nəzarət edən işçilər cəlb edilib. Çünki belə olmasa, zibil əlindən və antisanitariyadan ora daxil olmaq mümkün olmaz. Bunu edən də ziyarətçilərdir. Səbəbi isə adi davranış mədəniyyətinin olmamasıdır. Bu, ailədən, valideynlərdən, məktəbdən aşılanır. Yəni, uşaq gördüyünü götürür.

Digər bir ağrılı məsələni də qeyd edim. Bir çox yeni tikililərdə zibillə dolu paketləri çıxarıb pilləkən meydançasına qoyurlar ki, evdə qalmasın. Bunun məntiqi nədir? Deməli, mənzildə qoxu, zibil olmaz, amma blokun dəhlizində olar. Axı bura da sənin yaşadığın yerdir! Belə şəxslərin hərəkəti lifti ayağı ilə çağırmaqdan da aşağı səviyyədədir. Əgər evdə saxlamaq olmursa, apar həyətdəki zibil qutusuna at, bu, cəmi 10 dəqiqə vaxt alacaq.

Mən neçə dəfə liftin içərisində kiminsə zibil paketlərini ataraq, qeyb olmasının şahidi olmuşam. Halbuki, evdən çıxan yol zibil qutularının yanından keçir. Aparıb atmışam, axı mən də həmin evdə yaşayıram, liftdən istifadə edirəm. Yəni, bu hərəkəti edən şəxsin intellektual səviyyəsi o qədər aşağıdır ki, öz mənzilindən kənar yerləri zibilxana hesab edir. Elə həmin şəxslərdir ki, balkonlardan və avtomobillərdən zibili çölə atırlar.

Bu hadisə yenidən tərbiyə, mədəniyyət, etiket məsələsinə diqqət çəkir. Təəssüf ki, orta və ali məktəblərdə mədəniyyət və etiket dərsləri tədris olunmur. Evdə bu mədəniyyətsizliyi görüb-götürən uşaq haradan bilsin ki, belə hərəkətlər qəbuledilməzdir? 

Biz məktəbdə oxuyarkən, “Ailə həyatının etika və estetikası” adlı fənni ilk dəfə dərs proqramına əlavə etmişdilər. Müəllimlər bu dərslərdə davranış, mədəniyyət, etiket barədə məlumatlar verirdilər. 90-cı illərin qarışıqlığından sonra bu fənn yaddan çıxdı. Ona görə də, bu gün belə hallarla qarşılaşmağımız adiləşib.

Əgər bu gün həmin dərsləri yenidən tədris etsək, çox qısa zamanda hər şey dəyişə bilər. Çünki uşaqlar dərslərdə öyrəndiklərini valideynlərinə, dostlarına, qohum-qonşulara da aşılayacaq. Bəlkə böyüklər də uşaqlardan utanıb, belə hərəkətlər etməzlər.

25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.