Real arzular və ya “Ağıllı” Bakı – gələcəyin şəhəri

Real arzular və ya “Ağıllı” Bakı – gələcəyin şəhəri
04 İyun 2020 15:53


Deyək ki, 2050-ci ildə Azərbaycanın necə olacağını düşünmüsünüzmü? Təsadüfən bu tarixi seçmədik, çünki Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və göstərişinə əsasən və Aİ-nin texniki yardımı ilə Nazirlər Kabinetində ölkəmizin 2050-ci ilə qədər İnkişaf Strategiyası üzərində iş aparılır.

Beləliklə, nəzəri cəhətdən indi xəyal etmək və bəlkə də, bununla yaxın onilliklərdə ölkənin inkişaf perspektivlərinin axtarışında hökumətə kömək etməyin əsl vaxtıdır.

Ondan başlayaq ki, “ağıllı şəhərlər” adlandırmaq qəbul olunsa da, bu gün biz ümumilikdə, alternativ enerji haqqında danışacağıq. Bakı hazırda onsuz da nəinki Zaqafqaziya bölgəsində, bütün Qafqazda lider şəhərdir. Bu fikir həm əhali sayı, həm də bütün iqtisadi komponentlər baxımından doğrudur.

Yəni paytaxtımız elektrik enerjisi istehlakı baxımından da liderdir. Bu, bir çox texniki yeniliklərə baxmayaraq, Bakını innovasiya nöqteyi-nəzərindən “ağıllı şəhər” kimi təsnif etməyin hələlik çətin olduğu halda da belədir.

Bu gün dünyada yalnız bir neçə belə şəhər var və onların, demək olar ki, yarısı Asiya bölgəsində cəmləşib. Ancaq qeyd etdiyimiz kimi, gec-tez Bakı da belə şəhərlərin klubuna daxil olacaq və bu, o deməkdir ki, artıq bu gün çoxmilyonluq şəhərin elektrik enerjisi təchizatının bütün aspektləri barədə düşünülməlidir.

Əgər bu gün “Azərenerji” ASC-nin nümayəndələri problemlə üzləşirsə və tez-tez şəhərin konkret bir rayonunda elektrik enerjisi istehlakının kəskin artması məsələlərini “ayaqüstü” həll etməyə məcburdurlarsa, bu qədər çətin bir işin öhdəsindən necə gəlmək olar?

Məsələn, yeni tikilmiş bina və ya hətta yaşayış binaları kompleksini istismara verən tikinti şirkəti elektrik enerjisinin verilməsini tələb edir. Bəs şəhərsalmanın hazırkı sıxlığında evlər arasında yeni transformator quraşdırmaq, demək olar ki, mümkün deyilsə, onu haradan almaq olar?

Gələcəyin Bakısı - küçələri boyu elektrikli maşınların hərəkət edəcəyi meqapolisidir. Buna görə də artıq bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi paytaxtın avtomobil yollarının alternativ enerji vasitələrilə təchiz olunması konsepsiyasını düşünməlidir.

Söhbət təkcə alternativ enerji hesabına küçələrin banal işıqlandırılmasında deyil, baxmayaraq ki, bu da önəmlidir, həm də yolları avtomobillər üçün xüsusi elektrik enerjisi doldurma məntəqələri ilə təmin etməkdən gedir.

Bu elementar tədbirlər olmasa, elektrikli avtomobillər heç vaxt şəhərimizin küçələrində görünməyəcək və ən yaxşı halda biz həm də benzinlə işləyən hibridlərə arxalana bilərik. Belə də ola bilər, ancaq onda Bakı şəhərinin gələcəkdə “ağıllı” statusu əldə etmək imkanı benzin qoxusu ilə pozula bilər.

Nəhayət, paytaxtın avtomobil yolları müxtəlif rəngli, ultramüasir reklam lövhə və nişanları ilə bəzədilmək üçün kifayət qədər elektrik enerjisi almalı olacaq.

Gələcəyin Bakısı - bütün ekoloji tələblərə cavab verən şəhərdir. Burada, əlbəttə ki, ağıla gələn ilk şey şəhər müəssisələri tərəfindən atmosferə atılan zərərli tullantıların miqdarının dəqiq tənzimlənməsidir. Bununla birlikdə, ekologiya uğrunda mübarizə - yalnız bu cür tullantıların minimum miqdarı və ya tamamilə ləğv edilməsi deyil, eyni zamanda, hətta inanılmaz dərəcədə çox insanın yaşadığı yerlərdə belə təbiətin daha yaxşı olmasına və maksimum təbiiliyini qorumasına kömək etməkdir.

Demək, gələcəyin paytaxtı - damlarda hidroponika, evlərin yaşıllaşan divarları və daha çox şey deməkdir ki, bu da xeyli miqdarda elektrik enerjisi tələb edir. Burada məhz alternativ elektrik enerjisi mənbələri – günəş, külək və hətta dəniz köməyə gələ bilər.

Gələcəyin Bakısı – kompleks yanaşmanın yalnız alternativ energetika hesabına elektrik enerjisi istehsalı məsələsində tətbiq edildiyi şəhər deyil, həm də enerji saxlanılması və paylanmasının təhlükəsiz və effektiv sistemlərinin etibarlı istismarı tətbiq olunan sıx məskunlaşılmış şəhərdir.

Gələcəyin enerji sənayesini onun maksimal məhsuldarlığı baxımından məhz belə idarə etmək olar. Artıq enerjinin yenidən bölüşdürülməsi və həmin enerjinin hesabına alternativ enerjiyə keçid zamanı elektrik şəbəkəsində olduqca təbii olan istehsalın azalmasını kompensasiya etmək üçün bu cür sistemlərə ehtiyac olduğu aydındır.

Təcrübə aydındır: elektrik enerjisinin saxlanması sistemi işləyirsə, o zaman yüksək günəş aktivliyi və güclü külək dövründə günəş elektrik stansiyaları və ya külək fermalarında əldə olunan artıq enerji saxlanıla, sonradan sistem “yatarkən” istifadə edilə bilər.

Nəhayət, gələcəyin Bakısı - alternativ energetika sahəsində fəaliyyət göstərən müəssisələrin cəmləşdiyi meqapolisdir. Bunlar həm də şəhər küçələrinin, yeraltı tunellərin və digər nəqliyyat kommunikasiyalarının işıqlandırma sistemlərinə xidmət göstərən şirkətlərdir.

Eləcə də, əhaliyə günəş panelləri və ya elektroboylerlərin quraşdırılması xidmətləri göstərən şirkətlər, əhalidən artıq elektrik enerjisinin alınması, evlərdə saxlanması və geri qaytarılması üzrə müəssisələr, reklam lövhələrinə elektrik enerjisinin fasiləsiz verilməsindən məsuliyyət daşıyan biznes subyektləri və s. də bura aiddir.

Seçim böyük, bazar seqmentləri fərqli ola bilər. Hər şey istehlakçıların zövqlərindən və bu sahəni tənzimləyən normativ aktlardan asılıdır.

Etiraf edin ki, hamımız nə vaxtsa gələcəyin belə bir şəhərində yaşamaq istərdik. Maraqlısı budur ki, təsvir olunan mənzərənin realizmi vacib bir amili - məhz hazırda Azərbaycanda alternativ energetika sənayesinə kifayət qədər investisiya yatırılmamasını göstərir. Bu ifadənin bütün paradoksallığı ilə birlikdə burada bizim böyük üstünlüyümüz də nəzərə çarpır.

Məsələn, nümunə üçün Almaniyanı götürək.

Son 15 ildə bu ölkədə yekun enerji istehlakında bərpa olunan mənbələrin payı cüzi - iki faizdən on beş faizdən bir qədər artıq olub, elektrik enerjisi istehsalı isə 20 faizi keçib. Nəticə olaraq, bu gün bərpa olunan enerji mənbələrindən istifadəyə əsaslanan istehsal bu ölkənin enerji təsərrüfatının vacib hissəsini təşkil edir.

Bu, o deməkdir ki, sözügedən inkişafa yatırıla biləcək on milyardlarla vəsaitin hamısı artıq biznes tərəfindən cəlb edilib və uğurla istifadə olunub. Eyni şey keçən il bərpa olunan enerji mənbələrinin 1880-ci illərin ortalarından bu yana ilk dəfə enerji səbətində kömürü keçdiyi ABŞ-a da aid edilə bilər.

ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyası Xidmətinin (Energy Information Administration, EIA) hesabatına görə, bu ölkədə kömür istehlakı ötən il 2018-ci illə müqayisədə 15% - 11,3 kvadrilyon Britaniya istilik vahidinə (BTU) qədər azalıb, alternativ enerjidən istifadə isə rekord həddə - 11,5 BTU səviyyəsinə qalxıb.

Bütün bunlar da on, bəlkə də, yüz milyardlarla dollar investisiya tələb edirdi. Azərbaycan isə hələ alternativ enerji sənayesinin sürətli böyüməsi mərhələsindən keçməlidir, çünki qeyd etdiyimiz kimi, bu sahədə maliyyələşdirmə potensialından, demək olar ki, istifadə olunmayıb.

Dünyada kömür, neft və hətta qaz dövrünün başa çatması və yeni hidrogen yanacağı dövrünün gəlməsi daha da aktualdır. Bu da müəyyən şəkildə alternativ enerji sayılır. Bu sahədə də çatdıra bilərik, xüsusən də Cənub Qaz Dəhlizinə həsr olunmuş növbəti konfrans zamanı investorlar gələcəkdə bu karbohidrogen daşınma marşrutundan Avropaya hidrogen göndərilməsi üçün bir vasitə kimi istifadə etmə variantını nəzərdən keçirəcəklərini bizə işarə ediblər.

Bəlkə də, Azərbaycanın və doğma Bakımızın gələcəyi elə budur.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.