Politoloq “Ərəb baharı”nı və ABŞ-dakı iğtişaşları şərh edib: “Onlara icazə verilən, digərlərinə qadağandır”

Politoloq “Ərəb baharı”nı və ABŞ-dakı iğtişaşları şərh edib: “Onlara icazə verilən, digərlərinə qadağandır”
05 İyun 2020 16:15


ABŞ-ın Fox News telekanalının “qiyam” adlandırdığı ölkədəki iğtişaşlar Ukraynadakı hadisələri (ikinci “Maydan”) və “Ərəb baharı”nı xatırladır. Növbəti mövzulardan birində Ukraynadakı “Maydan” hadisələri ilə müqayisəyə geri qayıdacağıq. “Ərəb baharı”na gəldikdə, hadisələr faktiki olaraq 18 dekabr 2010-cu ildə Tunisdə polisin korrupsiyaya və pis rəftarına etiraz edən Məhəmməd Buazizinin özünü yandırmasından sonra başladı. ABŞ-dakı iğtişaşlar isə öz növbəsində polisin afroamerikalı Corc Floydla amansız rəftarından sonra başladı.

Xatırladaq ki, “Ərəb baharı” zamanı bir milyondan çox insan öldürüldü, təxminən 10 milyon insan evini tərk etdi.

ABŞ-dakı hadisələri şərh edən misirli politoloq Əmr Eldib həqiqətən son hadisələrin “Ərəb baharı” ilə oxşar olmasını təsdiq edib.

 - Başlanğıc üçün mən ABŞ Prezidenti Donald Trampın Ağ Ev administrasiyasının əvvəlki illərdəki fəaliyyətindən fərqli olan siyasətinə diqqət çəkmək istərdim. D.Tramp düşüncələrini birbaşa dilinə gətirir. Bu isə ABŞ-da çoxunun xoşuna gəlmir. Biz D.Trampın verdiyi qərarların icra edilmədiyini müşahidə etmişik. Ağ Evin rəhbəri qoşunların Suriyadan çıxarılacağını elan etdi, lakin ABŞ daxilində olan əks təsir nəticəsində bu baş vermədi.

ABŞ-ın daxilində D.Trampın apardığı siyasəti çoxları dəstəkləmir və bu gün Amerikada baş verənlər bunun əyani sübutudur. Nə baş verir? Qığılcım – kameralar qarşısında həlak olan qurbandır (Corc Floyd - red.). Ardınca küçələrə kütlələr çıxır. Bu, Tunisdə, Misirdə və digər ölkələrdə gördüyümüz eyni ssenaridir.

Lakin ABŞ Tunis, Misir, Ermənistan və ya Ukrayna deyil. Küçə etirazlarına baxmayaraq, ABŞ prezidentini devirmək mümkün olmayacaq. Ancaq əlbəttə ki, bütün bunlar Donald Trampın payızda keçiriləcək prezident seçkilərində qalib gəlmək şansının azalmasına təsir edəcək. D.Trampa dəstək verilsə də, səslərin nəticələrini əvvəldən proqnozlaşdırmaq olduqca çətindir. Unutmaq lazım deyil ki, o, ABŞ iqtisadiyyatı ilə məşğul oldu. Səudiyyə Ərəbistanı ilə əlaqələrə xüsusi diqqət yetirdi. Baxmayaraq ki, faktiki olaraq maddi vəsaiti Səudiyyə Ərəbistanı kralından xahiş etməli oldu.

Beləliklə, ABŞ-dakı hadisələr “Ərəb baharı”na bənzəsə də, çətin ki, Yaxın Şərqdəki ssenari üzrə inkişaf etsin. Lakin Birləşmiş Ştatların yeni reallıqla üzləşməsi çox aydın görünür.

 - Anarxiyanın miqyası, qurbanların sayı, yanan şəhərlər, qarətlər - bütün bunlar sadəcə, heyrətləndiricidir. Eyni zamanda, ABŞ hər cür “narıncı inqilabların”, “ərəb baharı”nın necə təşkil edildiyini çox yaxşı bilir. Bəs Donald Tramp bu hadisələrin öz ölkəsində baş verməsinə necə icazə verdi?

 - O, əslində, icazə vermədi. Lakin situasiya - həm də koronavirus fonunda çox mürəkkəbləşdi. Amerikalıların gəlirləri azalıb. Bütün bunlar işə düşdü. Milli Qvardiya, ABŞ hökuməti qanunu pozan aksiya iştirakçılarına qarşı sərt tədbirlərin həyata keçiriləcəyinə dair vəd verib. Bu barədə D.Tramp da danışıb.

Əlbəttə, çox sayda insan Ağ Evin hazırkı rəhbərini bəyənmir, onun siyasətini dəstəkləmir. Lakin bu məqam soyğunçuluqları dəstəkləməyə əsas vermir. Burada “kütlə effekti” işə düşür, bir nəfər soyğunçuluq edir, digərləri də ona qoşulur. Məhz bu səbəblərdən bütün dünya dövlətlərinin vəzifəsi qəzəbli kütlələrin küçəyə çıxmasının qarşısını almaqdır. Bu yaxşı sonluqla bitməyə bilər.

 - “Ərəb baharı” zamanı hökumətlərin hazırda Donald Tramp kimi davranmaq əzminin olmadığını söyləmək mümkündür? Niyə ərəb ölkələri iğtişaşların qarşısını sanksiyalaşdırılmış qaydada almadılar?

 - Əlbəttə, onlar cəhd göstərdilər. Lakin xarici amillər buna mane oldu. ABŞ-dakı hadisələrə heç kim təsir edə bilməz. Əksər ölkələr ABŞ-a təsir etmək gücündə deyil. Təsəvvür edə bilərsinizmi ki, Fransa Prezidenti Emmanuel Makron ABŞ-dakı nümayişçilərə qarşı güc tətbiq edilməsinin yolverilməz olduğunu bəyan etsin? Lakin bu barədə Bəşər Əsədə deyə bilər. Hüsnü Mübarəkə, Müəmmar Qəddafiyə deyib. Hamını, o cümlədən MDB ölkələrini tənqid edirlər, amma ABŞ-ı, D.Trampı yox. Məsələn, Almaniyanın səfiri “Facebook”da ABŞ hakimiyyətinin hərəkətlərinin demokratiya ilə uyğun gəlmədiyini yaza bilməz.

Buna görə, bütün oxşarlıqlara baxmayaraq ABŞ-dakı hadisələrin Yaxın Şərq ssenarisi üzrə inkişaf edəcəyini istisna edirəm. Heç kim Vaşinqtona təzyiq etmir, tənqid etmir, nə etməli olduğunu diktə etmir. Məhz buna görə, “Ərəb baharı”nın təsirinə məruz qalan ölkələrdən fərqli olaraq, ABŞ-da vəziyyəti nəzarətə götürmək naminə lazımi qədər zorakılığa əl atıla bilər. Təəssüf ki, Amerika hamıya təsir edir, ona isə təsir edən yoxdur.

18 Apr 2024
Dünya

Rusiyada neft anbarının yaxınlığında güclü yanğın baş verib - VİDEO

Rusiyanın Voronej vilayətində neft anbarı yaxınlığında güclü yanğın baş verib.

18 Apr 2024
Dünya

Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb

Çerniqovda aprelin 18-i səhər saatlarına olan məlumata görə, dünənki raket hücumu nəticəsində 18 nəfər ölüb, 77 nəfər yaralanıb. Yaralılar arasında dörd uşaq da var.

18 Apr 2024
Dünya

Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf

Antarktidada aparılan son tədqiqatlar zamanı NASA mütəxəssisləri Cənub Qütbündə getdikcə daha çox müəmmalı hadisələrlə qarşılaşırlar.

18 Apr 2024
Dünya

Hindistan Çini qabaqladı və dünyada birinci yeri tutdu

Hindistan əhalisinin sayına görə dünyada liderlik edir. Hazırda ölkənin sakinləri 1,442 milyard nəfər təşkil edir.