Azərbaycan onun haqlı mövqeyini müdafiə edənləri unutmayacaq - ŞƏRH

Azərbaycan onun haqlı mövqeyini müdafiə edənləri unutmayacaq - ŞƏRH
30 Sent 2020 10:45


Azərbaycan dövləti və xalqı cəbhədə döyüşlərin getdiyi bu mühüm anda onun haqlı mövqeyini və mübarizəsini müdafiə edənləri heç vaxt unutmayacaq.

Qardaş Türkiyənin ilk növbədə bu təcavüzkar siyasəti pisləyəcəyi gözlənilən idi. Çünki Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Ermənistan-Azərbaycan münaqişəsi məsələsi ilə bağlı çox qətiyyətli mövqeyini dəfələrlə ifadə edib və açıq şəkildə bəyanat verib ki, Türkiyə Azərbaycanın yanındadır, Azərbaycan tək deyil. Elə münaqişənin başlandığı ilk gündə - sentyabrın 27-də Ərdoğanın prezidenti İlham Əliyevə zəng vuraraq Azərbaycan mülki şəxslərinin və hərbi qulluqçularının həlak olması ilə əlaqədar dövlətimizin başçısına və xalqımıza başsağlığı verməsi, onlara Allahdan rəhmət diləməsi həmişə olduğu kimi, bu gün də Türkiyənin Azərbaycanın yanında olmasının göstəricisidir.

Həmçinin Türkiyənin bütün aparıcı siyasi partiyaları – hakim Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası və “İyi Partiya” da Azərbaycana dəstək olaraq yekdil mövqe ifadə ediblər.

Pakistan da Türkiyə kimi Qarabağ münaqişəsində öz birmənalı mövqeyini ifadə edən ölkə oldu. Asiya ölkəsinin rəhbərliyi qəti şəkildə Azərbaycanın yanında olduqlarını bildirdi. Ümumiyyətlə, Pakistan Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanı tanımayan ölkədir. Bu isə qeyri-türk mənusbiyyəti olan bir ölkənin Azərbaycan üçün göstərdiyi qardaşlığın əsl nümayişidir.

Təsadüfi deyil ki, ölkə prezidenti İlham Əliyev bu gün Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edərkən bu barədə fikirlərini bildirib. O qeyd edib ki, bu məsələlər qarşılıqlıdır və Azərbaycan tərəfi də Kəşmir məsələsində Pakistanın tərəfindədir:

“Siz də təsəvvürünüzə gətirə bilərsiniz ki, bu mühüm məqamda yanınızda kimin durması aydın görünür. Biz görürük ki, bu gün bizim yanımızda olanlar öz mövqelərini açıq şəkildə ifadə edən ölkələrdir - qardaş Türkiyə və qardaş Pakistan... Bu mühüm məqamda bizim yanımızda olmaqla qəti mövqe nümayiş etdirən Pakistandakı qardaşlarımıza minnətdarıq. Bu, necə deyərlər, həqiqət anıdır. Biz kimin kim olduğunu görürük, kimin bizim yanımızda möhkəm dayandığını görürük və bunu heç vaxt unutmayacağıq. Cənab səfir, bir daha Prezidentə, Baş Nazirə, Xarici İşlər nazirinə, Pakistandakı bütün qardaşlarımıza təşəkkürümü çatdırın. Bizim dostluğumuz və qardaşlığımız davam edəcək”.

Yeni səfir Bilal Hayenin də bu barədə fikirləri iki ölkələr arasındakı isti münasibətlərin bariz göstəricisi sayıla bilər:

“Qardaş Azərbaycan xalqının Pakistan xalqı üçün xüsusi yeri var. Sizin də bildiyiniz kimi, Pakistan qardaş Azərbaycan xalqını Dağlıq Qarabağ məsələsində həmişə dəstəkləmişdir. Bizim qəlbimiz Azərbaycan xalqı ilədir. Cənab Prezident, rəhbərliyimiz tərəfindən mənə Azərbaycanla iqtisadi əməkdaşlığın dərinləşməsi, müdafiə sahəsində münasibətlərin gücləndirilməsi və iki ölkə xalqlarının daha da yaxınlaşdırılması istiqamətində çalışmaq tapşırılmışdır”.

Bilal Haye onu da bildirib ki, Qoşulmama Hərəkatının nazirlər səviyyəsində toplantısında çıxışı zamanı Pakistanın Xarici İşlər naziri Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın haqq işinə Pakistanın dəstəyini bir daha ifadə edəcək: “Biz bildirmək istəyirik ki, sizin mövqeyiniz ədalətli, qanunidir və bu məsələnin həlli qeyri-müəyyən müddətə təxirə salına bilməz, çünki bu, ədalətli mövqedir. Biz “Qarabağ Azərbaycandır!” deməkdən çox xoşbəxtik”.

Bu gün birmənalı şəkildə demək mümkündür ki, Ermənistanın Azərbaycan ərazisində yeni torpaqlar işğal etmək cəhdləri iflasa uğradı. Azərbaycan ordusu bir daha öz gücünü nümayiş etdirdi və erməni ordusu təxribatı dayandırmaq və etdiklərindən peşmançılıq keçirmək məcburiyyətində qaldı.

Artıq Azərbaycanın əks-hücum nəticəsində işğaldan yeddi kəndi azad edib. Həmin kəndlərdə ölkəmizin üçrəngli bayrağı sancılıb. Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatı davam edir.

Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın haqlı mövqeyini ifadə edir: “Azərbaycan öz torpağında döyüşür. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır”.

Ölkə başçısı dəfələrlə bildirib ki, Ermənistan hərbi münaqişəyə hazırlaşır. Buna Suriya və Livandan gələn erməni terrorist qüvvələrin Qarabağ ərazisində hərbi təlimlər keçməsi, Paşinyanın “Qarabağ Ermənistandır” kimi absurd ifadəsi bu münaqişənin sülh yolu ilə həll olunmasının üzərindən xətt çəkir.

Prezident İlham Əliyev BMT-nin Baş katibi Antonyu Quterreş videokonfrans formatda görüşündə bu məsələləri diqqətə çatdırıb. O bildirib ki, sentyabrın 27-də Ermənistan təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutub və bunun nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olublar. Azərbaycan tərəfi özünümüdafiə məqsədilə uğurlu əks-hücum əməliyyatları həyata keçirir.

Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan tərəfi birinci dəfə deyil, belə hərbi təxribatlar törədir. Belə ki, işğalçı ölkə bu ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədində buna oxşar təxribat həyata keçirib, avqust ayında isə erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd edib. Eyni zamanda, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmasıdır.

Dövlətimizin başçısı onu da qeyd edib ki, Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələri yaradıb.

Prezident İlham Əliyev sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı da qəbul edərkən bu həqiqətləri avropalı qonağın diqqətinə çatdırıb. İlham Əliyev bildirib ki, Azərbaycanın qədim tarixi şəhəri olan Şuşada cinayətkar xunta rejiminin qondarma liderinin dırnaqarası andiçmə mərasimini təşkil etməsi sülh danışıqlarının pozulmasına gətirib çıxarıb, Ermənistanın münaqişənin alovlanmasında maraqlı tərəf olmasının göstəricisi olub.

Bu ana kimi Ermənistan silahlı qüvvələri tərəfindən 11 mülki şəxs, o cümlədən aralarında iki uşaq olan 5 nəfərdən ibarət bir ailə öldürülüb. Mülki şəxslər arasında 30-dan çox yaralı var. Bu, bir daha erməni cinayətkar rejiminin faşist mahiyyətini nümayiş etdirir.

Ermənistan hazırda islamofobiya və Azərbaycanofobiya siyasətini öz rəsmi ideologiyasına çevirib. Belə ki, işğal olunmuş Qarabağ ərazisində məscidlər ya sökülüb, ya da heyvanların yemlənməsi üçün tövləyə çevrilib. Həmçinin Paşinyan qanunsuz yolla hakimiyyətə gəldiyi ilk gündən diktator olduğunu göstərməyə çalışıb. Çünki Ermənistanda əsas müxalifət partiyasının lideri yaxınlarda həbs olunub. Jurnalistlər həbsxanaya salınıb, siyasi müxalifət sıxışdırılır.

Düşünmək olmaz ki, Ermənistan hökuməti ATƏT Minsk Qrupuna münasibətdə özünü adekvat aparır. Əksinə Ermənistan bu qrupa hörmətsizlik nümayiş etdirib, onların verdiyi bəyanatlara məhəl qoymayıb. Ümumiyyətlə, Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının Azərbaycan lehinə olan dörd qətnaməsinə indiyədək əməl etməyib. Həmin qətnamələrin tələbləri isə bundan ibarətdir ki, Ermənistan öz qoşunlarını işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxartsın.


29 Mar 2024
Siyasət

Ankarada Azərbaycan Evi açılıb

Ankarada Keçiören Bələdiyyəsinin nəzdində yerləşən Esterqon Muzeyində Azərbaycan Evi açılıb.

29 Mar 2024
Siyasət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

29 Mar 2024
Siyasət

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

29 Mar 2024
Siyasət

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər - VİDEO

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri Sahibə Qafarova və Alen Simonyan mayın ortalarında növbəti görüşlərini keçirəcəklər.