Azərbaycanla Türkmənistan ortaq məxrəcə gəldi: Böyük iqtisadi perspektivlər açılır – ŞƏRH

Azərbaycanla Türkmənistan ortaq məxrəcə gəldi: Böyük iqtisadi perspektivlər açılır – ŞƏRH
21 Yan 2021 16:47


Yanvarın 21-də Azərbaycan və Türkmənistan hökumətləri arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.

Sənədə Aşqabadda Azərbaycan və Türkmənistan xarici işlər nazirləri imza atıb.

Sənəd Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş zamanı imzalanıb. 

Azərbaycanın “dəniz” siyasəti

Azərbaycanla Türkmənistan arasında iqtisadi, siyasi, diplomatik, mədəni əlaqələrin dinamikasında ildən-ilə artım tempi müşahidə edilməkdədir.

Hazırda iki ölkə çoxtərəfli formatda əməkdaşlıq platforması yaradır. Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri səviyyəsində üçtərəfli formatda əməkdaşlıq edir.

Azərbaycan Xəzəryanı ölkələrə münasibətdə özünün diplomatik, iqtisadi-siyasi doktrinasında hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üzrə səylər göstərib.

Aparılan danışıqların məntiqi nəticəsi olaraq, qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində Xəzəryanı ölkələrin prezidentləri arasında 2018-ci ilin 12 avqustunda “Xəzər dənizinin hüquqi statusu haqqında” konvensiya imzalanıb.

Qeyd edək ki, dövlət başçılarının həmin sammiti Qazaxıstanın Aktau şəhərində baş tutmuşdu.

Xəzərin huquqi statusu üzrə ümumi razılaşmanın əldə edilməsi Azərbaycanın Xəzər dənizi üzrə sərgilədiyi strategiyanın məqsədyönlü və əsaslı olduğuna dəlalət edir.

“Dostluq” dostluğu daha da möhkəmləndirəcək

Rəsmi Bakı bundan sonra da yataqların birgə işlənilməsi üçün səylərini davam etdirib.  “Dostluq” yatağı da bunlardandır.

Bildirək ki, Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir.

Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb.

SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhəddinin ortasında yerləşdiyi üçün “Promejutoçnoe”, yəni “Aralıq” adlanırılıb.

“Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycan - Türkmənistan dəniz sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb.

1998-ci ildə Xəzər dənizinin orta xətti koordinatları üzrə Azərbaycanla Türkmənistan arasında danışıqlar aparılması üçün ekspert qrupu yaradılıb.

Dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb.

Münasibətlərin dərinləşməsi kontekstində “Dostluq” yatağı üzrə sazişin imzalanmasını tarixi hadisə kimi qiymətləndirmək olar.

Birgə istifadənin böyük iqtisadi dividendlər gətirəcək

Yataqla bağlı ortaq məxrəcə gəlinməsi böyük perspektivlər açır.

Birincisi, Azərbaycanın neft-qaz strategiyasının inkişafında  böyük əhəmiyyətə malikdir.

İkincisi, yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq.

Üçüncüsü, neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini artıracaq, bu isə büdcəyə daxil olacaq vəsaitlərin həcminin genişlənməsinə gətirib çıxaracaq.

Dördüncüsü, sənədin imzalanması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılmasında çox önəmli addımdır.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də türkmənistanlı həmkarı Qurbanqulu Berdiməhəmmədovla videokonfrans formatında keçirilən görüşdə deyib ki, iki ölkə arasındakı nəqliyyat-logistika infrastrukturunun yüksək səviyyəsi Türkmənistanın və Azərbaycanın bu sahədə məqsədyönlü fəaliyyətinə dəlalət edir.

“Bu, bizim regionda və hətta bu regiondan uzaqda - Avrasiya məkanında yerləşən bütün ölkələr üçün çox böyük imkanlar yaradır. Ona görə ki, nəqliyyat sferası da enerji sferası kimi, ölkələri birləşdirir. Bir daha demək istəyirəm, bu gün bizim bu Memorandumu imzalamağımız əlamətdar hadisədir, onun müsbət nəticələri olacaq”,-deyə İlham Əliyev sənədin əhəmiyyətini vurğuylayıb.

Beynəlxalq və regional əhəmiyyəti olan bu layihə Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.

Sözügedən sənədin imzalanması sübut edir ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll oluna bilər.

Yatağa “Dostluq” adının verilməsi iki ölkə arasındakı qarşılıqlı əlaqələrin daha da dərinləşməsinə və möhkəmlənməsinə dair simvolik mənanı özündə ehtiva edir.

“Həmin yatağı “Dostluq” adlandırmaq barədə bizim ümumi qərarımız dərin rəmzi məna daşıyır. Şübhə yoxdur ki, yuxarıda qeyd etdiyim razılaşmalar, qəbul olunmuş qərarlar bizim münasibətlərimizin, dövlətlərimizin tarixinə həqiqi mehriban qonşuluğun, məsuliyyətin və uzaqgörənliyin, hüquq bərabərliyinin və bir-birinin mənafelərini nəzərə almağın parlaq nümunəsi kimi daxil olacaq. Onlar, əlbəttə, Türkmənistan və Azərbaycan xalqları, həmçinin bizim dövlətlərimiz arasında dostluğu və qardaşlığı daha da möhkəmlədəcək”, - bunu isə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov videokonfrans formatında keçirilən görüşdə deyib.

O əmin olduğunu bildirib ki, “Dostluq” yatağında Türkmənistanın və Azərbaycanın birgə işi uğurlu və səmərəli olacaq. 

Razılaşmanın əldə edilməsi eyni zamanda Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq dənizi olmasını möhkəmləndirir və Xəzər dənizində əməkdaşlıq və qarşılıq etimad mühitinin gücləndirilməsinə töhfə verir.

2021-ci ildə Türkmənistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryanı dövlətlərin prezidentlərinin növbəti Zirvə Toplantısı ərəfəsində bu sənədin imzalanması Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsini göstərir.

Tarixə qısa nəzər

Azərbaycanla Türkmənistan arasında diplomatik əlaqələr 1992-ci ilin 9 iyununda qurulub.

1999-cu ilin iyunun 8-də Türkmənistanın Azərbaycanda səfirliyi açılıb.

2002-ci ilin oktyabrında isə Azərbaycanın Türkmənistanda səfirliyi fəaliyyətə başlayıb.

2017-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi münasibəti ilə dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində qarşılıqlı təbrik məktubları göndərilib.

Hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərir.

Aqşin Kərimov

13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.