Finalın bir addımlığında

Finalın bir addımlığında
13 Apr 2018 21:54


Xəbər verdiyimiz kimi, bu gün UEFA Çempionlar Liqasının (ÇL), eləcə də Avropa Liqasının (AL) yarımfinal mərhələsinin püşkü atılıb.

realpress.az xəbər verir ki, ÇL-də püşk nəticəsində Almaniyanın “Bayern” komandası Madridin “Real” klubu ilə, İngiltərənin “Liverpul” komandası isə İtaliyanın “Roma” komandası ilə qarşılaşacaq.

Yarımfinalın ilk oyunları 24-25 aprel, cavab görüşləri isə 1-2 mayda keçiriləcək. Bəs tərəflərin şansları püşkdən dərhal sonra necə görünür?

Təbii ki, “Bayern” – “Real” görüşü çoxlarının finalda maraqlı oyun izləmək baxımından arzuladığı matç idi. Ancaq kor püşk belə gətirdi ki, dünyanın ən güclü komandalarından sayılan bu iki klubdan birini finalda görməli olmayacağıq.

Çoxları hələ də ötən mövsüm 1/4 finalında bu iki komandaların duelini unutmayıb. Hər iki oyunda Madrid klubu almanlardan üstün olmuşdu – 2:1 və 4:2.

Bu dəfə almanların həmin matça qisas hissi ilə çıxacağı şübhəsizdir. Üstəlik, rəqibindən fərqli olaraq, Almaniyada çempionluğunu təmin edib. Bu üzdən onlar bu iki görüşə tam güclərini qoyacaqlar. Ancaq almanlar bunu nə qədər bacaracaq, bunu zaman göstərəcək.

Çünki rəqib də heç də zəif komanda deyil. Rəqibin son iki ÇL-in qalibi olması, bu turnirin tarixində ən çox titula malik olması Münxen klubunun işinin heç də asan olmayacağı anlamına gəlir. Həm də nəzərə almaq lazımdır ki, rəqib komandada artıq ardıcıl beş mövsümdür ki, ÇL-in bombardiri olan Kriştianu Ronaldu kimi dünya ulduzu çıxış edir.

Hansı ki, həmin bu futbolçu hazırda da vurduğu 15 qolla bombardirlər siyahısına başçılıq edir. Üstəlik, Ronaldunun almanlarla oyununun alındığını da qeyd etmək olar. Axı, ötən mövsüm Bundesliqa klubuna vurulan altı qoldan beşini məhz bu futbolçu vurmuşdu.

“Liverpul” – “Roma” görüşü digər oyuna nisbətdə bir qədər kölgədə qalır. “Roma” nə qədər “Barselona” kimi dünya nəhəngini devirsə də, İngiltərə təmsilçisi cütün favoriti hesab olunur. Bunda klubların bu turnirdəki təcrübəsi, oyunçuların ad-sanı böyük rol oynayır.

Beş dəfə bu turnirin qalibi olmaqla İngiltərənin avrokuboklardakı ən uğurlu komandası adına sahib olan “Liverpul”da Məhəmməd Salah kimi ulduzun olması əsas üstünlüklərdən biridir. Maraqlıdır ki, Misir yığmasının oyunçusu “Liverpul”a məhz “Roma”dan keçib. O, ötən yayda komandaları dəyişib.


Üstəlik, “Liverpul”un Sadio Mane, Firmino kimi hücum xəttində təhlükəli futbolçuları da mersisaydlıları üstün durumda göstərir.

“Liverpul” bu turnirdəki çempionluqlarından birini məhz “canavarlar” üzərində əldə edib. 1984-cü ilin mayın 30-da Romanın Olimpiya Stadionunda tərəflər qarşılaşmış və əsas vaxt 1:1 başa çatmışdı. Şotlandiyalılar – Keni Dalqliş, Qrem Sunes və uelslu Yan Raşın oynadığı “Liverpul” penaltilərdə 4:2 hesabı ilə qalib gəlməklə dördüncü dəfə bu kuboku İngiltərəyə gətirmişdi.

Bildirdiyimiz kimi, AL-in yarımfinal mərhələsinin də püşkü atılıb. Bura da qısaca toxunaq.

1/2 finalda “Marsel” (Fransa) turnirin sürpriz komandası “Zalsburq”la (Avstriya) görüşəcək. 1/16 finalda “Real Sosyedad”, “Borusiya” və “Latsio” kimi “böyük beşlik” ölkələrinin klublarını mübarizədən kənarlaşdırmış Zalsburq təmsilçisi “Marsel”dən “böyük qardaş” “Leypsiq”in qisasını almağa çalışacaq. Axı hər iki komandanın səhmləri eyni şirkətə məxsusdur.


1994-cü ildə “Austria” adlanarkən UEFA Kubokunun finalında Milan “İnter”inə 0:2 uduzmuş avstriyalılar bu dəfə azı həmin tarixi nəticəni təkrarlamağa çalışacaq. Vaxtı ilə ÇL-i qazanmış “Marsel” də iki dəfə bu turnirin finalına kimi irəliləsə də, istəyinə çata bilməyib. 1999-cu ildə “Parma” və 2004-cü ildə “Valensiya” fransızlara mane olub.

Yarımfinalın digər cütlüyü isə erkən final adlandırıla bilər. Çünki “Arsenal” əvvəldən finalda görülürdü. “Atletiko” isə qrup mərhələsində uğursuz çıxış edib Avroliqaya düşdükdən sonra turnirin digər favoritinə çevrildi.


Demək olar ki, “Arsenal”ın İngiltərə Premyer Liqasını VI sırada başa vuracağı dəqiqləşib və bununla da komanda çempionat yolu ilə ÇL-ə vəsiqə qazanmaq şansını əldən verib. Ona görə də London klubu üçün AL-də çempion olmaq ÇL-ə düşmək üçün son şansdır. Komanda heç vaxt bu turniri qazanmayıb.

2000-ci ildə UEFA Kubokunun finalında “Qalatasaray”a penaltilər seriyası sonu uduzan “topçular” növbəti dəfə finala çıxmaq istəyir. Bu turnir həm də Arsen Venqerin gələcək taleyinə böyük ölçüdə aydınlıq gətirə bilər. Bu üzdən Venqer də əlindən gələni edəcək ki, “Atletiko” səddi keçilsin. Ancaq Madrid klubunun yaxın tarixdə – 2014 və 2016-cı illərdə ÇL-in finalında oynaması, üstəlik, iki dəfə (2010 və 2012) AL kubokunu başı üzərinə qaldırması Venqeri düşündürməyə bilməz.


25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.