İlham Əliyevin cənub bölgəsinə səfəri - YENİLƏNİB + FOTO

İlham Əliyevin cənub bölgəsinə səfəri - YENİLƏNİB + FOTO
15 Okt 2018 21:19


Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş 100 yerlik Lerik şəhər 2 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

realpress.az xəbər verir ki, Azərbaycan Prezidenti uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib.

Uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların sağlam və xoşbəxt böyüməsi bu gün dövlətimizin həyata keçirdiyi siyasətdə mühüm yer tutur. Respublikamızın bütün bölgələrində yeni körpələr evi-uşaq bağçalarının inşası, onların müasir avadanlıqla təchiz edilməsi bunun əyani təsdiqidir.

Yeni uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına dövlət tərəfindən böyük dəstək verilir. Bu istiqamətdə həyata keçirilən Dövlət proqramları ilə yanaşı, Heydər Əliyev Fondu da bu sahəyə xüsusi töhfə verir. Fondun məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması ilə bağlı həyata keçirdiyi layihələri bu baxımdan çox mühüm rol oynayır. Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı uşaqların təlim-tərbiyəsinin, onların bilikli və savadlı yetişməsinin Fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etdiyini bir daha sübut edir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş bağçalardan biri də Lerik şəhər 2 saylı körpələr evi-uşaq bağçasıdır.

Bu cür gözəl və hərtərəfli şəraiti olan körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bir daha sübut edir ki, dövlətimizlə bərabər, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da gələcəyimiz olan uşaqlarla bağlı bütün məsələlərə xüsusi həssaslıqla yanaşır, onların sağlam və xoşbəxt böyüməsi üçün əlindən gələni əsirgəmir. Müasir görkəmi ilə seçilən belə müəssisələr həm də yerləşdiyi ərazinin gözəlliyini daha da artırır.

Bildirildi ki, bu uşaq müəssisənin inşasına 2015-ci ilin mayında başlanılıb. İnşaat işləri 2018-ci ilin mayında yekunlaşıb. İkimərtəbəli binada qrup, yataq, yemək otaqları və xidməti otaqlar var. Burada, eyni zamanda, musiqi və gimnastika, həmçinin kompüter otağı da balacaların ixtiyarına verilib. Müxtəlif qrupların fəaliyyət göstərəcəyi bağçada uşaqların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq, onların istedadlarını üzə çıxarmaq üçün hərtərəfli şərait yaradılıb.

Otaqların hamısı zəruri avadanlıq və əyani vasitələrlə təchiz olunub. Körpələr evi-uşaq bağçasının ərazisində balacaların əylənməsi üçün meydança yaradılıb.

Müəssisədə 22 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.

Bütün bunlar bir daha da göstərir ki, Heydər Əliyev Fondunun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb. Ümumilikdə, ölkədə son illərdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi və onların xoşbəxt böyümələri naminə olduqca mühüm layihələr icra edilib. Bunların arasında mövcud körpələr evi-uşaq bağçalarının əsaslı təmiri ilə yanaşı, yeni-yeni bu cür müasir müəssisələrin yaradılması vacib əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib.

realpress.az xəbər verir ki, dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verildi ki, Bayraq Muzeyi və hündürlüyü 36 metr olan bayraq dirəyinin yerləşdiyi Dövlət Bayrağı Kompleksi Lerik şəhərinin mərkəzində, ümummilli lider Heydər Əliyevin adını daşıyan meydanın ərazisində yerləşir. Bu muzeyin inşasına 2018-ci ilin martında başlanılıb. Tikinti işləri bu ilin avqustunda başa çatdırılıb.

Bildirildi ki, muzeyin ümumi sahəsi 1200 kvadratmetr olan binası sərgi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir. Muzeyin sərgi zalında Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsrlərdə xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş gerblər, bayraqlar, Azərbaycanın konstitusiyaları, Silahlı Qüvvələrimizin müxtəlif qoşun birləşmələrinin geyim formaları, poçt markaları, orden və medallar nümayiş olunur.

Bölgələrdə Bayraq muzeylərinin və Bayraq meydanlarının yaradılması Azərbaycanın dövlət atributlarına ən yüksək səviyyədə göstərilən diqqətin bariz nümunəsidir.

Belə muzeylərin yaradılması dövlət atributlarına olan sonsuz sevgini nümayiş etdirməklə yanaşı, gənc nəslin Azərbaycan bayrağına hörmət ruhunda, əsl vətənpərvər kimi tərbiyə olunmasına mühüm töhfə verir.

Bununla yanaşı, bu işlər həm də Azərbaycan dövlətinin müstəqilliyini əks etdirən və hər bir vətəndaş üçün müqəddəs olan üçrəngli bayrağımıza göstərilən hörmət və ehtiramın təcəssümüdür. İndi Azərbaycan bayrağı ən nüfuzlu beynəlxalq təşkilatlar və mötəbər məclislərdə qürurla dalğalanır, dövlətimizi şərəflə təmsil edir.

19:01

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonunda gücü 16,5 MVt olan elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib.

realpress.az-ın məlumatına görə, “Azərenerji” QSC-nin sədri Baba Rzayev Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verib.

Bölgələrdə bu cür elektrik stansiyalarının yaradılması həm enerji təminatının gücləndirilməsində mühüm rol oynayır, həm də regionların inkişafına təkan verməklə əlavə iş yerlərinin açılmasına səbəb olur. Bu baxımdan Lerik rayonunda gücü 16,5 MVt olan elektrik stansiyası da əhəmiyyəti ilə seçilir.

Bildirildi ki, ölkənin cənub bölgəsinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədilə “2009-2013-cü illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”na əsasən Lerikin elektrik təchizatı sistemində yenidənqurma işlərinin aparılması çərçivəsində rayonda gücü 16,5 MVt olan elektrik stansiyasının tikintisi həyata keçirilib.

Elektrik stansiyası Lerik şəhər mərkəzindən bir kilometr cənubda, Cəngəmiran kəndində 3,6 hektar ərazidə yerləşir. Burada hər birinin gücü 3,3 MVt olan beş mühərrik-generator, həmçinin 35 kV və 10 kV-luq yarımstansiyalar quraşdırılıb. Bundan başqa, gücü 25 MVA olan 35/10 kV-luq blok transformatoru, hər birinin gücü 10 MVA olan 35/10 kV-luq iki güc transformatoru və hər birinin gücü 630 kVA olan 10/0,4 kV-luq iki ədəd xüsusi sərfiyyat transformatoru da layihənin komponentləri sırasındadır.

Burada gücü 500 kVA olan dizel generatoru, rele mühafizəsi və avtomatika sistemləri, həcmi 20 kubmetr olan qəza yağ tutumu sistemi quraşdırılıb. Eyni zamanda, həcmi 250 kubmetr olan yanğınsöndürmə sisteminin yerüstü ehtiyat su çəni qoyulub, diametri 200 millimetr olan 6 kilometrlik qaz xətti, uzunluğu 25 kilometr ikidövrəli 35 KV gərginlikli elektrik verilişi, uzunluğu 16 kilometr olan 10 KV gərginlikli 8 elektrik verilişi xətləri xətti çəkilib.

Dövlətimizin başçısı elektrik stansiyasını işə salıb.

Bu layihə bölgənin enerji təminatı baxımından əhəmiyyəti ilə seçilir. Belə ki, regionun enerji təminatının keyfiyyət göstəricilərini yaxşılaşdıracaq stansiya ildə 75 milyon kilovat-saat elektrik enerjisi istehsal etmək imkanına malikdir. Müqayisə üçün deyək ki, bu, Lerik və Yardımlı rayonlarının elektrik enerjisinə tələbatından 40 faiz çoxdur.

Bununla yanaşı, regionun ucqar nöqtələrində gərginlik səviyyəsinin normadan aşağı düşməsi hallarının qarşısı alınacaq. Stansiyanın faydalı iş əmsalı 45 faiz təşkil edir. Burada əsas yanacaq kimi qazdan istifadə olunur.

17:38

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Lerik şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və ilk dəfə olaraq kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin icrasının yekunlaşması münasibətilə keçirilən mərasimdə iştirak edib.

realpress.az xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Sonra “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə layihə haqqında məlumat verdi.

Bildirilib ki, bu layihə çərçivəsində Lerik şəhərində içməli su şəbəkəsinin və sutəmizləyici qurğunun, çirkab suların şəhər ərazisindən kənarlaşdırılması üçün kanalizasiya şəbəkəsinin və çirkab sutəmizləyici qurğunun tikintisi nəzərdə tutulub. Layihə çərçivəsində tikinti işlərinə 2011-ci ildən başlanılıb. Lerik şəhər əhalisinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə Zuvandçay çayı üzərində sugötürücü qurğu inşa edilib. Sugötürücü qurğudan suyun öz axımı ilə şəhər ərazisindəki sutəmizləyici qurğuya ötürülməsi üçün 17,49 kilometrlik magistral xətt çəkilib. 

Yay aylarında Zuvandçay çayında suyun azalması nəzərə alınaraq, əlavə olaraq Nisliçay çayı üzərində sugötürücü qurğu inşa edilib. Nisliçay çayından götürülən sular nasos stansiyası vasitəsi ilə uzunluğu 90 poqonmetr olan təzyiqli boru vasitəsilə Zuvandçay çayından Lerik şəhərindəki təmizləyici qurğuya çəkilən magistral su xəttinə ötürüləcək. Sugötürücü qurğulardan qəbul edilərək magistral su xətti ilə saniyədə ötürülən 20,2 litr suyun təmizlənməsi üçün şəhər ərazisində gündəlik gücü 2,6 min kubmetr olan içməli sutəmizləyici qurğu kompleksi inşa edilib. Lerik şəhəri ərazisində içməli suyun yığılması və paylanması məqsədilə tutumu 1500 kubmetr olan 4 su anbarı tikilib. Şəhərin yüksəklikdə yerləşən hissəsindəki evlərə içməli suyun nəqli üçün tutumu 500 kubmetr olan anbarda məhsuldarlığı saniyədə 1,54 litr olan iki nasos quraşdırılıb. Su anbarlarından Lerik şəhər əhalisinə içməli suyun verilməsi üçün uzunluğu 55 min 55 poqonmetr olan içməli su şəbəkəsi tikilib, 1821 ev su sayğacı ilə təmin edilərək bu şəbəkələrə qoşulub.

Diqqətə çatdırılıb ki, çirkab suların şəhər ərazisindən toplanaraq təmizləyici qurğuya ötürülməsi üçün uzunluğu 1579 poqonmetr olan kanalizasiya kollektor xətti, uzunluğu 1409 poqonmetr olan təzyiqli çirkab su xətti, eləcə də uzunluğu 41 min 289 poqonmetr olan çirkab su şəbəkəsi çəkilib. Kanalizasiya şəbəkəsi üzərində 1296 baxış quyusu və gündəlik gücü 1530 kubmetr olan təmizləyici qurğu inşa edilib.

Məlumat verildi ki, Lerik şəhərinin ilk su təchizatı sistemi 1968-ci ildə yaradılıb. Şəhərin yalnız 50 faizi mərkəzləşdirilmiş qaydada fasiləli rejimlə içməli su ilə təmin edilirdi. Ümumiyyətlə Lerikdə kanalizasiya şəbəkəsi olmayıb. Bu cür layihələrin icrası ölkəmizdə sosial siyasətin uğurla həyata keçirildiyinin əyani göstəricisidir. Bu işlər bir daha sübut edir ki, vətəndaşların sosial məsələlərinin həlli Azərbaycanda aparılan dövlət siyasətinin mərkəzində dayanır və bu istiqamətdə icra olunan layihələr davamlıdır.

Prezident İlham Əliyev Lerik şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.

Sonda xatirə şəkli çəkdirilib.

17:42

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonunun Piran-Hamarat-Vijaker avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.

realpress.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına Piran-Hamarat-Vijaker avtomobil yolunda aparılan yenidənqurma işləri ilə bağlı məlumat verib.

Bu avtomobil yolunun tikintisinə Prezident İlham Əliyevin bu il avqustun 18-də imzaladığı Sərəncama əsasən dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11,3 milyon manat ayrılıb. Yol 9100 nəfərin yaşadığı 28 yaşayış məntəqəsini birləşdirir. Ümumi uzunluğu 26 kilometr olan yol 4-cü texniki dərəcəyə aiddir. İki zolaqlı yolun hərəkət hissəsinin eni 6 metrdir. Layihənin icrası çərçivəsində suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb, yol-cizgi xətləri çəkilib. Bir sözlə, yol müasir səviyyədə, texnoloji ardıcıllığa uyğun və bütün tələblərə cavab verməklə yenidən qurulub.

Dövlətimizin başçısına Lerik rayonunun Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisi barədə də məlumat verilib.

Otuz min nəfərin yaşadığı və 50 yaşayış məntəqəsini birləşdirən bu avtomobil yolunun tikintisi üçün Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı Sərəncamla Lerik Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat, 2014-cü ildə imzalanan Sərəncamla isə əlavə olaraq 7 milyon manat ayrılıb. 2016-cı ildə imzalanan digər Sərəncama əsasən isə yolun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,6 milyon manat vəsait ayrılıb və yolun tikintisi başa çatdırılıb.

Qeyd edildi ki, ümumi uzunluğu 36 kilometr, eni 6 metr olan yol 4-cü texniki dərəcəyə aiddir və ikizolaqlıdır. Yolun inşası zamanı müxtəlif diametrli suötürücü borular tikilib, iki körpü keçidi inşa olunub. Bu yolun tikilməsi bölgədə sərnişin və yük daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək. Həmçinin sözügedən avtomobil yolunun tikintisi yerli və xarici turistlərin ərazidə yerləşən istirahət mərkəzləri və yerli tarixi mədəniyyət abidələri ilə də tanış olmalarına şərait yaradacaq.

Prezident İlham Əliyev yeni yolun rəmzi açılışını bildirən lenti kəsib.

16:18

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonuna səfərə gəlib.

realpress.az xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Lerik şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyub.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Prezident İlham Əliyevə son dövrlərdə rayonda həyata keçirilən sosial-iqtisadi layihələr barədə məlumat verib.

16:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Astarada dənizkənarı park-bulvar kompleksinin ikinci hissəsinin tikintisi çərçivəsində yaradılan şəraitlə tanış olub.

realpress.az xəbər verir ki, bu rayonda yeni istirahət məkanlarının yaradılması istiqamətində reallaşdırılan ən mühüm layihələrdən biri də Astara şəhərində dəniz sahilboyu park-bulvar kompleksinin ikinci hissəsidir.

Məlumat verilib ki, park-bulvar kompleksində rayon sakinlərinin və qonaqların istirahətinin yüksək səviyyədə təşkili, onların asudə vaxtlarının yaddaqalan və mənalı keçməsi üçün geniş imkanlar yaradılıb. Xəzərin sahilindəki bu kompleks həm də Astara şəhərinin simasının daha da gözəlləşdirilməsi, onun inkişaf tempinin nümayiş olunması baxımından da çox əhəmiyyətlidir. 

Dövlətimiz tərəfindən vətəndaşların istirahətlərini mənalı təşkil etmək və onların asudə vaxtlarını səmərəli keçirmək üçün bütün zəruri addımlar atılır. Bu istiqamətdə son illərdə çox mühüm işlər görülüb. Bu kompleksdəki şərait də bunu sübut edir. Bu, həm də dünyada hökm sürən iqtisadi böhran dövründə ölkəmizdə sosial layihələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini aydın şəkildə nümayiş etdirir.

Dövlətimizin başçısı elektromobillə kompleksin ərazisini gəzib.

Astara şəhərində dənizkənarı park-bulvar kompleksi ərazisinin genişləndirilməsi ilə bağlı inşaat işlərinə Prezident İlham Əliyevin 2017-ci ilin iyunun 8-də imzaladığı Sərəncama əsasən başlanılıb. Tikinti işləri 2018-ci ilin avqust ayında başa çatdırılıb. Park-bulvar kompleksinin ikinci hissəsinin ərazisi 10 hektar sahəni əhatə edir. Bu istirahət məkanının 500 metrlik hissəsi Xəzər dənizinin sahili boyunca uzanır. Ərazidə 52 metr hündürlüyündə dövlət bayrağı ucaldılıb, qala divarı, fəvvarə kompleksi, süni şəlalə quraşdırılıb. 

Bundan başqa, istirahət məkanında iki hektar sahəsi olan “Zirvə” idman klubuna məxsus atçılıq mərkəzi, avtokartinq meydançası, açıq fitnes meydançası tikilib, velosiped zolağı salınıb, uşaqlar üçün attraksionlar, oturacaqlar, işıq dirəkləri və suvarma sistemi quraşdırılıb. Ərazidə genişmiqyaslı yaşıllıq işləri görülüb, gül, dekorativ kol və ağaclar, həmçinin yerli meşə ağacları əkilib.

Belə layihələrin icrası Astaranın abadlaşdırılması, gözəlləşdirilməsi və müasirləşdirilməsi istiqamətində görülən işlərin davamlı olduğunu və bu işlərin yüksək keyfiyyətlə və vaxtında yerinə yetirildiyini bir daha sübut edir. Bir sözlə, müasir üslubda, orijinal dizaynda və yüksək zövqlə yaradılan bu istirahət məkanı Astaranın gəzməli-görməli yerlərinə daha bir ünvanı da əlavə edir.

16:02

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Astara şəhərinin içməli su təchizatı sistemləri” layihəsinin başa çatması münasibətilə keçirilən mərasimdə iştirak edib.

realpress.az xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına “Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin tikintisi” layihəsi haqqında məlumat verib.

Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 2015-ci ildə “Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasına başlanılıb. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Astara şəhərində 28,5 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. 

Layihə çərçivəsində gələcəkdə rayonda 73 min nəfərin yaşadığı 27 kəndə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə, bu layihədən 102 min sakin faydalanacaq. Astara, Lənkəran şəhərləri və ətraf kəndləri içməli su ilə təmin etmək üçün mənbə olaraq Xanbulan su anbarı seçilib. İstehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi üçün su anbarının yaxınlığında məhsuldarlığı sutkada 30 min kubmetr və ya saniyədə 347 litr olan müasir tipli qum süzgəcli təmizləyici qurğu tikilib. 2013-cü ildən etibarən bu mənbə hesabına Lənkəran şəhəri və 5 kənd, 2017-ci ildən isə magistral kəmər boyunca yerləşən 15 kənd keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunur.

Sutəmizləyici qurğuda suyun təmizlənməsi heç bir kimyəvi reagentlərdən istifadə olunmadan aparılır və onun keyfiyyət göstəriciləri Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verir. Burada emal prosesi tam avtomatlaşdırılıb və SCADA sistemi ilə vahid mərkəzdən idarə olunur. Emal prosesindən keçən suyun anbarlara ötürülməsi məqsədilə məhsuldarlığı saatda 750 kubmetr olan nasos stansiyası quraşdırılıb. Suyun optimal idarə olunması və özüaxımlı rejimdə paylanması məqsədilə dəniz səviyyəsindən 38 metr yüksəklikdə ümumi tutumu 20 min kubmetr olan 3 su anbarı inşa edilib. 

On min kubmetr tutumu olan su anbarı Lənkəran şəhəri və ətraf kəndlər, hər birinin tutumu 5 min kubmetr olan iki su anbarı isə Astara şəhəri və ətraf kəndlər üçün nəzərdə tutulub. Anbarlara daxil olan və çıxan suyun miqdarı, anbarlarda toplanan su ehtiyatının həcmi, suyun təzyiqi, siyirtmələrin iş rejimi və işçi vəziyyəti, eləcə də suyun bulanıqlıq səviyyəsi və qalıq xlorun miqdarı onlayn rejimdə tənzimlənir. Suyun anbardan Astara şəhərinə nəqli məqsədilə diametri 710 millimetr olan polietilen borularla 29,2 kilometr uzunluğunda magistral su xətti inşa edilib. Gələcəkdə Astara rayonunun 27 kəndinin su təchizatının yaxşılaşdırılması məqsədilə magistral kəmərdən hər bir kəndə çıxışlar verilib.

Diqqətə çatdırılıb ki, istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə layihə çərçivəsində Astara müştəri xidmətləri sahəsi üçün müasir tipli inzibati bina tikilib. Ümumi sahəsi 220 kvadratmetr olan binada işçi otaqları, IT otağı, iclas zalı zəruri avadanlıqla təchiz edilib. İnzibati binanın həyətində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Dövlətimizin başçısı Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin rəmzi açılışını bildirən düyməni basıb.

Bildirilib ki, layihə çərçivəsində Astara şəhərində 109 kilometr içməli su şəbəkəsinin inşası tam başa çatıb və bütün abunəçilərə ev birləşməsi verilərək 4300 su sayğacı quraşdırılıb. Suyun optimal idarə olunması məqsədilə şəbəkə üzərində 327 müxtəlif diametrli siyirtmə, yanğın təhlükəsizliyi məqsədilə 274 yanğın hidrantı quraşdırılıb.

Astara şəhərində kanalizasiya şəbəkəsinin yaradılması üçün uzunluğu 70,5 kilometr olan kanalizasiya şəbəkəsi, 8 kilometr tunel tipli kanalizasiya kollektoru, iki kanalizasiya nasos stansiyası və məhsuldarlığı sutkada 6 min kubmetr olan tullantı sutəmizləyici qurğunun inşası da layihələndirilib. Layihənin növbəti mərhələsində kanalizasiya infrastrukturunun yaradılması nəzərdə tutulur.

Qeyd edildi ki, layihənin icrasına qədər Astara şəhərində 1980-ci illərdə yaradılmış su təchizatı infrastrukturundan istifadə olunurdu. Şəhərə içməli su Astara rayonunun Qapıçıməhəllə kəndində yerləşən drenaj quyularından verilirdi. Şəhərdə mövcud olmuş 41 kilometr uzunluğunda paylayıcı şəbəkə istismara yararsız vəziyyətə düşmüşdü. “Azərsu” ASC şəhərin 15 min sakininin 30 faizinə xidmət göstərirdi və içməli su fasiləli rejimdə verilirdi. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi.

Ümumilikdə, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq, 50 şəhər və rayon mərkəzində içməli su təchizatı və kanalizasiya layihələri icra olunur. İndiyədək bu şəhərlərin 25-də su və kanalizasiya şəbəkələrinin, 11-də isə su şəbəkəsinin inşası yekunlaşıb. Bu ilin sonuna qədər daha 3 şəhərdə işlərin başa çatdırılması nəzərdə tutulur.

Sonra Prezident İlham Əliyev Astara rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

15:21

Oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Astara rayonuna səfərə gedib.

realpress.az xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev prezident İlham Əliyevə abidənin ucaldıldığı Heydər Əliyev parkında yaradılan şərait və son illərdə rayonda həyata keçirilən layihələr barədə məlumat verib.

14:38

Oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran rayonuna səfərləri çərçivəsində Hirkan-Daştatük-Biləsər avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak ediblər.

realpress.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yolun texniki göstəriciləri barədə məlumat verib.

Bildirilib ki, yolun uzunluğu 22 kilometrdir. Hirkan-Daştatük-Biləsər avtomobil yolu uzun müddət təmir olunmadığı və burada yola asflat qatı vurulmadığı üçün hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə idi. Bu isə xüsusən payız-qış mövsümündə nəqliyyat vasitələrinin hərəkətində problemlər yaradırdı. 

Rayonun 7 yaşayış məntəqəsini birləşdirən Hirkan-Daştatük-Biləsər avtomobil yolunun tikintisinə Azərbaycan Prezidentinin Sərəncamına əsasən dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 9,1 milyon manat vəsait ayrılıb. Görülən işlər nəticəsində Hirkan-Daştatük-Biləsər avtomobil yolu iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun şəkildə yenidən qurulub.

Məlumat verildi ki, yolun hərəkət hissəsinin eni 6 metrdir. Çiyinlər də daxil olmaqla yol yatağının eni isə 8-10 metr təşkil edir. Yol boyunca müxtəlif diametrli suötürücü borular tikilib, zəruri yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilib, avtobus dayanacaqları inşa edilib.

Avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “7 nömrəli Yol İstismarı” MMC tərəfindən yüksək keyfiyyətlə aparılıb. Dağlıq ərazidə yerləşən, eləcə də Hirkan Milli Parkı ərazisindən keçən Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun tikintisi 7 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edəcək.

Prezident İlham Əliyevə Astara rayonunun Ojakəran–Tüləküvan–Təngərüd avtomobil yolunun tikintisi barədə də məlumat verilib. Bildirilib ki, 9 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən bu yolun uzunluğu 11 kilometrdir.

Dövlətimizin başçısının Sərəncamı ilə bu yolun tikintisinə 3,4 milyon manat vəsait ayrılıb. Avtomobil yolu iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Dağlıq ərazidə yerləşən Ojakəran–Tüləküvan–Təngərüd avtomobil yolunun tikintisi əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın, kənd təsərrüfatının, habelə turizmin inkişafında mühüm rol oynayacaq. Yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırmağa imkan verən yolun tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “49 nömrəli Yol İstismarı” MMC tərəfindən həyata keçirilib.

Dövlətimizin başçısı Astara rayonunun Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yollarının tikintisi ilə də maraqlanıb.

Məlumat verildi ki, 12 min nəfər əhalinin yaşadığı və 38 yaşayış məntəqəsini birləşdirən kəndlərarası avtomobil yollarının yenidən qurulması məqsədilə ümumilikdə 11,5 milyon manat vəsait ayrılıb. Yolların tikintisi yüksək səviyyədə həyata keçirilib. Həmin yolların ümumi uzunluğu 27,4 kilometrdir. Bu yollar da iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub, sərnişin və yük daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək. Bu, həmçinin yerli və xarici turistlərin ərazidə yerləşən istirahət mərkəzlərinə rahat getmələrinə və tarixi mədəniyyət abidələri ilə tanış olmalarına şərait yaradacaq.

Dövlətimizin başçısına və xanımına Astaraçay üzərində tikiləcək körpü və körpüyə qədər olan yolun planı barədə də məlumat verilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hirkan-Daştatük-Biləsər avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsiblər.

Sonda xatirə şəkli çəkdirilib.

14:29

Oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialının açılışında iştirak ediblər.

realpress.az xəbər verir ki, dövlətimizin başçısı və xanımı müəssisənin rəmzi açılışını bildirən lenti kəsiblər.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya ölkəmizdə xalçaçılığın inkişafı və bu müəssisənin fəaliyyəti barədə məlumat verib.

Qədim el sənətlərindən olan xalçaçılığın inkişafı ilə bağlı son illərdə görülən işlər bəhrəsini verir. Bu sahənin inkişafına xüsusi diqqət göstərən prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində artıq bir çox bölgələrdə xalça fabrikləri açılıb.

“Azərxalça” ASC-nin ilkin olaraq Horadiz şəhərində, Ağdam, Ağstafa, Xaçmaz, İsmayıllı, Qazax, Qəbələ, Quba, Şəmkir və Tovuz rayonlarında xalça emalatxanalarının tikintisi nəzərdə tutulmuşdu. Artıq Horadiz, Şəmkir, Quba, Xaçmaz və İsmayıllıdakı müəssisələr prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Bu müəssisələri xammalla təmin etmək üçün Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiya həcmi 18 milyon dollar olan “Yunəyrici-boyaq” fabrikinin, Horadiz, Şəmkir, Quba və Xaçmazda regional yun və boyaq tədarükü məntəqələrinin inşası davam etdirilir.

Artıq prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Sabunçu, Lənkəran, Abşeron, Kürdəmir, Biləsuvar, Goranboy və Tərtər rayonlarında xalça emalatxanalarının tikintisi və təchizatı işlərinə başlanıb. Bundan başqa, İsmayıllı rayonunda daha bir xalça istehsalı emalatxanası tikilir.

Dövlətimizin başçısı Lənkəranda xalça emalatxananın tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması üçün 2018-ci ilin dövlət büdcəsindən vəsaitin ayrılması barədə sərəncam da imzalayıb.

2019-cu ildə əlavə olaraq 10 şəhər və rayonda bu cür müəssisələrin tikintisi nəzərdə tutulub. “Azərxalça” ASC-nin artıq istifadəyə tam hazır olan Lənkəran filialı da bu sırada mühüm yerlərdən birini tutur.

Bildirilib ki, “Azərxalça” ASC-nin Lənkəran filialının binasının ümumi sahəsi 1300 kvadratmetrdir. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 199-cu kilometrliyində yerləşən filialın binasının tikintisinə bu ilin martında başlanılıb. Tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 13 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. 

Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Astara, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarının kəndlərində toxunan orijinal xalça çeşnilərinə üstünlük veriləcək.

Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib.

Qeyd olunub ki, müəssisədə çalışan toxucular Lənkəran şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş tədris-hazırlıq kurslarına cəlb edilib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər.

Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da işini davam etdirəcək. Bu kursun məzunları “Azərxalça” ASC-nin sertifikatını alacaqlar. Xalça satışı salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgisi və satışı da həyata keçiriləcək.

Sonra dövlətimizin başçısı və birinci xanım müəssisənin kollektivi ilə görüşüb söhbət ediblər.

Xalçaçılar Sevda Cəbrayılova, İradə Əliyeva, Nargilə Qəhrəmanova və başqaları ölkəmizdə qədim xalçaçılıq sənətinin inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlıq ediblər.

Sonda xatirə şəkli çəkdirilib.


12:07

Oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Lənkərana səfəri çərçivəsində İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub.

realpress.az xəbər verir ki, son illər bölgələrdə müasir mehmanxana və sağlamlıq komplekslərinin istifadəyə verilməsi Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, ölkəyə gələn turistlərin sayının artmasına da böyük təkan verir. 

Lənkəranın Haftoni qəsəbəsində inşası yenicə başa çatan Lənkəran İstisu və Sağlamlıq Mərkəzi də bu istiqamətdə həyata keçirilən əsaslı addımlardan biridir. Bu kompleksin inşası regionun turizm imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Təxminən 11 hektar sahəsi olan kompleksdə hotel, tibb mərkəzi və müxtəlif termal hamamlar fəaliyyət göstərəcək.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzdə görülən işlərlə tanış olublar.

Layihə rəhbəri Nəriman Topçubaşov məlumat verdi ki, Lənkəran İstisu Sanatoriyası ilk dəfə 1958-ci ildə istifadəyə verilib. 1974-cu ildə ərazidə dördmərtəbəli sanatoriya binası inşa edilib.

Bildirilib ki, Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin inşasına 2016-cı ilin noyabrında başlanılıb. Mərkəzin 182 nömrəlik otel binası ən yüksək standartlar səviyyəsində inşa olunub. Kompleksə daxil olan digər xidmət sahələrinin inşası davam etdirilir.

Hotel binasının interyerinin tərtibatında orijinal mebel və aksessuarlardan istifadə olunub. Hotelin doqquzmərtəbəli binasında istər uzunmüddətli müalicəvi istirahət, istərsə də həftə sonlarında asudə vaxt keçirmək üçün hər cür şərait yaradılıb.

Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, oteldə xidmət göstərəcək heyət yüksək hazırlıq kursu keçəcək və onların əksəriyyətini yerli kadrlar təşkil edəcək. Bu əməkdaşlar otelin istənilən xidmət sahəsində qonaqlara yüksək səviyyəli qulluq göstərilməsi ilə bağlı xüsusi təlim kurslarına cəlb olunacaqlar. Kompleksdə müasir restoranlar fəaliyyət göstərir. Restoranlarda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunacaq.

Dövlətimizin başçısı və xanımı hoteldəki nömrələrdə yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, müxtəlif kateqoriyalı bu nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir.

Lənkəran İstisu və Sağlamlıq Mərkəzində yerləşən ikimərtəbəli tibb mərkəzi də müasir avadanlıqla təchiz edilib. Müasir laboratoriya, rentgen və ultrasəs müayinələri üçün lazımi şəraitin yaradıldığı mərkəzdə elektroterapiya, fizioterapiya, jet masaj, maqnitoterapiya, hidroterapiya, hidrokolonterapiya, palçıq müalicəsi, mexanoterapiya otaqları var. Burada müalicə alanlar masaj və palçıq applikasiya otaqlarından istifadə edə bilərlər. Tibbi mərkəzdə aptek də fəaliyyət göstərəcək.

Prezident İlham Əliyev istisu vannaları ilə tanış olub.

Hazırda Lənkəran İstisu və Sağlamlıq Mərkəzində 12 aktiv su mənbəyi, o cümlədən yeddi quyu və beş bulaq mövcuddur. Mənbələr istilik dərəcəsinə əsasən izotermal, termal və hipertermal sular olaraq quruplaşdırılıb.

Termal su yatağı üzrə xloridli-natriumlu-kalsiumlu sular üstünlük təşkil edərək karbon və azot qazlı sular qrupuna daxildir. Bundan əlavə, termal suyun tərkibində sulfat aniomları, kalium və kükürd var. Bu tip sular müalicəvi-mineral sular və mineral sular qrupuna aid edilir.

Bildirilib ki, Lənkəran İstisu və Sağlamlıq Mərkəzində qan dövranı, sinir, sümük-əzələ sistemləri, birləşdirici toxumanın, tənəffüs orqanlarının, həzm sisteminin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları, dəri və dərialtı toxumanın və sidik-cinsiyyət sistemi xəstəliklərinin müalicəsi nəzərdə tutulub. Mərkəzin fəaliyyətə başlaması əksəriyyəti yerli işçilər olmaqla təqribən 250 nəfər üçün iş yerinin yaranmasına səbəb olacaq.

Burada 46 avtomobil yerlik qapalı, 80 avtomobil yerlik açıq avtodayanacaq da yaradılıb. Ölkə vətəndaşlarının və xarici qonaqların xidmətinə verilən bu müasir kompleks respublikamızın turizm infrastrukturuna, xüsusilə də müalicəvi turizmin inkişafına mühüm töhfə verəcək.

Beləliklə, Lənkəran İstisu və Sağlamlıq Mərkəzi ölkəmizin turizm və müalicəvi turizm sektorunda özünəməxsus yer tutacaq. 

Bütün bunlar bir daha sübut edir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində görülən kompleks işlər nəticəsində ölkənin iqtisadi qüdrəti yüksəlib, işgüzar fəallıq artıb, bölgələrdə sahibkarlıq fəaliyyəti daha da genişlənib.

Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, son illər ölkəmizin turizm potensialının inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması, mövcud turizm potensialının beynəlxalq aləmdə tanıdılması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi istiqamətlərində çoxsaylı tədbirlər davam etdirilir və daha da genişləndirilir.

Komplekslə tanışlıqdan sonra prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşüblər.

Dövlətimizin başçısı görüşdə çıxış edib.

Sakinlər göstərdiyi yüksək diqqət və qayğıya görə prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda xatirə şəkli çəkdirilib.


11:24

Oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran rayonuna səfərə gediblər.

Oxu.Az xəbər verir ki, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran şəhərindəki Heydər Əliyev xatirə parkında Ulu Öndərin yeni ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov dövlətimizin başçısına və xanımına Heydər Əliyev xatirə parkında görülən abadlıq işləri barədə məlumat verib.

Bildirilib ki, xatirə parkında şəhər sakinlərinin və qonaqların istirahəti üçün hərtərəfli şərait yaradılıb.


11:24

Oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran rayonuna səfərə gediblər.

realpress.az xəbər verir ki, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran şəhərindəki Heydər Əliyev xatirə parkında Ulu Öndərin yeni ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov dövlətimizin başçısına və xanımına Heydər Əliyev xatirə parkında görülən abadlıq işləri barədə məlumat verib.

Bildirilib ki, xatirə parkında şəhər sakinlərinin və qonaqların istirahəti üçün hərtərəfli şərait yaradılıb.


25 Apr 2024
Siyasət

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

25 Apr 2024
Siyasət

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.

25 Apr 2024
Siyasət

Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”

“Azərbaycanda 2019-cu ildən bu günə qədər özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”.

25 Apr 2024
Siyasət

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb.

25 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər.