Qanımızı azaldan səbəblər

Qanımızı azaldan səbəblər
30 Sent 2019 14:50


2005-ci ildə Azərbaycanda müalicә-profilaktika müәssisəlәrindә qeydiyyatda olan anemiya xəstələrinin sayı 37 807 nəfər olduğu halda, 2017-ci ildə belə xəstələrin sayı 42 366, 2018-ci ildə 41 097 nəfər təşkil edib. 2005-ci ildə Azərbaycanda 30 213 nəfərə, 2018-ci ildə isə 47 552 nəfərə ilk dəfə anemiya diaqnozu qoyulub. Ötən müddətdə əhalinin hər 100 000 nəfərinə düşən ilk dəfə anemiya diaqnozu qoyulmuş xəstələrin sayı da artıb. 2005-ci ildə əhalinin hər 100 000 nəfərindən 360,5 nəfərinə, 2018-ci ildə 484,2 nəfərinə ilk dəfə anemiya diaqnozu qoyulub.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə anemiya diaqnozu ilə qeydə alınmış 18 yaşadək xəstə uşaqların sayı da çoxalıb. 2010-cu ildə ölkədə 21565, 2018-ci ildə 28620 nəfər uşağa ilk dəfə anemiya diaqnozu qoyulub. Ölkədə müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan anemiyalı uşaqların sayı isə ötən dövr ərzində azalıb. 2010-cu ildə qeydiyyatda olan xəstə uşaqların sayı 23063 nəfər olduğu halda, 2018-ci ildə onların sayı 21410-a enib. Qeyd edək ki, anemiya (qanazlığı) qanda qan hüceyrələrinin sayının, yaxud da, qanın ümumi həcmində eritrositlərin və hemoqlobinin miqdarının azalması ilə səciyyələnən xəstəlik və ya müxtəlif xəstəliyi müşayiət edən patoloji haldır. Anemiya qan xəstəlikləri arasında ən çox rast gəlinənidir. Hazırda dünyada 2 milyard insan anemiyadan əziyyət çəkir.

 

Tibbi araşdırmalara görə, qadınlar kişilərə nisbətən daha çox anemiyadan əziyyət çəkirlər. Anemiyadan əziyyət çəkən insan qrupları arasında uşaqlar və hamiləlik dövrü keçirən qadınlar çoxluq təşkil edir.

Statistik göstəricilərə baxsaq, görərik ki, həqiqətən də vəziyyət ciddi xarakter daşıyır. Bəs görəsən bu xəstəlik son illər ərzində  niyə belə geniş yayılıb? Özümüzü bu xəstəlikdən necə qoruya bilərik?

Tibb üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlı "Kaspi"yə açıqlamasında bildirdi ki, anemiya xəstəliyi qanda hemoqlabinin və digər göstəricilərin aşağı düşməsi deməkdir: "Müasir dövrdə bu xəstəlik uşaqlar arasında da geniş yayılıb. Əsas faktorlar arasında ilk növbədə qurd xəstəliklərini qeyd etmək istəyirəm. Düzgün qidalanmama da anemiyanın yaranma səbəblərindəndir. Meyvə-tərəvəzdən az, süni qidalardan isə çox istifadə olunur. Uşaqlar, yeniyetmələr qısa müddətdə enerji verəcək "fast-food" qidalarından və enerji içkilərindən geniş istifadə edirlər. Şirniyyat, şokolad tərkibli qida məhsulları onların qida rasionunda üstünlük təşkil edir. Bütün bunlar qanda hemoqlabinin miqdarını aşağı salır və xəstəliyin yaranmasına səbəb olur. Bəzi hallarda xəstənin qanında anadangəlmə problem olur. Bu da əsas faktorlar arasındadır".

Ş.Namazlı söylədi ki, anemiya həm də irsi xəstəlik kimi qəbul edilir. Əgər nəsildə anemiya xəstəliyi varsa, bu, digərlərində də yarana bilir: "Yəni xəstəlikdən əziyyət çəkənlərin sayının artmasının çoxsaylı səbəbləri var. Bu səbəblər özlüyündə iki yerə ayrılır, endogen və ekzogen səbəblər. Qeyd etdiyim səbəblər xarici səbəblərdir.

Endogen səbəblərə gəlincə, mədə-bağırsaq problemi, mədə turşuluğunun normadan aşağı olmasını nümunə göstərmək olar. Ekzogen yolla qəbul edilən qidaların endogen yolla sorulma prosesi pozulur. Nəticədə qanın miqdarının aşağı düşməsi prosesi baş verir. Həmçinin qadınlarda müəyyən fizioloji proseslərlə əlaqədar olaraq qanın miqdarı aşağı düşür. Orqanizmdə dəmir çatışmazlığı varsa, anemiya yaranır. Ona görə də, tövsiyə edərdim ki, tərkibində dəmir çox olan meyvə-tərəvəz, ət məhsulları daha çox istifadə edilsin.  Sadaladığım bu faktorlar son illər ərzində əhalidə geniş yayılıb. Bütün bunlar isə ümumilikdə anemiya xəstəliyindən əziyyət çəkənlərin ümumi sayının artmasına gətirib çıxarır".

Həkim deyir ki, anemiya zamanı insanın yaddaşı zəifləyir, ürəkdə müəyyən problemlər yaranır: "Son illər bu xəstəlik çox ciddi problemə çevrilib. Demək olar ki, əksər insanda anemiyaya rast gəlmək olur. Qanın tərkibinin aşağı olması demək olar ki, adi hala çevrilib. Xüsusilə uşaqlar və yeniyetmələr arasında bu xəstəlik geniş yayılıb. Müəyyən yaş həddinə çatan uşaqlar və yeniyetmələrin orqanizmində kalsium, fosfor, maqnezium, sink çatışmazlığına tez-tez rast gəlinir.

Əgər uşaqlar dırnaqlarını yeyirsə, bu, orqanizmdə nəyinsə çatışmadığından xəbər verir. Dırnaqdakı parazitlər və mikroorqanizmlər bağırsaqdan keçərək inkişaf edir. Bu da dolayı yolla qanın aşağı düşməsinə gətirib çıxarır. Ona görə də, valideynlər belə məsələlərdə diqqətli olmalıdır.

Orta məktəbdə oxuyan uşaqlarda, adətən görmə zəifliyi müşahidə olunur. Uşaqlar tədricən yazı taxtasını görmür. Valideynlər uşağı dərhal göz həkiminə aparır və eynək yazılır. Amma eynəkdən öncə mütləq qanın ümumi analizi verilməlidir. Qanın tərkibinə uyğun olaraq düzgün müalicə təyin olunmalıdır.

Məsləhət görərdim ki, ildə iki dəfə hər bir insan, xüsusilə də uşaqların qanının ümumi analizi verilsin. Qanın tərkibi aşağı olduqda, uşaqlarda halsızlıq, yorğunluq müşahidə olunur. Bir neçə metr yol getdikdən sonra xroniki yorğunluq başlayır, təngnəfəs olur. Əslində bu yorğunluq deyil və əsas səbəb qan azlığıdır. Ona görə də, anemiya xəstəliyi ilə düzgün şəkildə mübarizə aparmaq üçün vaxtında müalicə çox mühümdür. Həkim nəzarəti ilə qida rejiminə nəzarət edilərsə və düzgün müalicə aparılarsa, xəstəlikdən qurtulmaq olar".

Tibb üzrə ekspert, professor Adil Qeybulla söylədi ki, hələ bir neçə il əvvəl beynəlxalq təşkilatların ölkəmizdə apardığı tədqiqatların nəticəsinə əsasən bəlli oldu ki, Azərbaycanda qan azlığından əziyyət çəkən xəstələrin sayı kifayət qədər çoxdur: "Bu məsələ həmin təşkilatların qeydlərində də yer almışdı.Milli Aerokosmik Agentliyinin apardığı tədqiqatlar da bu faktı bir daha sübuta yetirdi.

Tədqiqatların nəticəsindən aydın oldu ki, anemiyanın artmasının əsas səbəbi qida ilə bağlıdır. Təbii ki, anadangəlmə faktorlar da burada mühüm rol oynayır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkün var. Onların yerləşdirilməsi, düzgün qidalanması bu məsələyə ciddi  təsir edir. Əhalinin böyük əksəriyyəti düzgün qidalanmır. Keyfiyyətsiz qidalardan istifadəyə üstünlük verilməsi əsas faktorlardan biridir.

Uşaqlar arasında aparılan monitorinq göstərir ki, valideynlər aşağı keyfiyyət parametrlərinə malik olan süni qidalardan geniş istifadə edirlər. Meyvə və tərəvəzdən istifadə çox aşağı səviyyədədir. Ölkədə ciddi şəkildə qida təhlükəsizliyi problemi var. Bu məsələ üzərində ciddi iş aparılmalıdır. Həmçinin stress, ekoloji çirklənmə də anemiya xəstəliyinin əsas səbəblərindəndir. Millətimizin gələcəyi olan uşaqların sağlamlığının qorunması istiqamətində ciddi iş aparılmalıdır. Bu istiqamətdə xüsusi proqram tərtib edilməlidir".


17 Okt 2019
Səhiyyə - Sağlamlıq

Bu 5 amil süd vəzisi xərçəngini yaradır

Rusiya həkimləri süd vəzisi xərçənginin inkişafına təsir edən 5 amili açıqlayıblar.

16 Okt 2019
Səhiyyə - Sağlamlıq

Azərbaycanda doğuşu ağırlaşdıran əsas xəstəliklərin adları açıqlanıb

Azərbaycanda keçən il hamiləliyi başa çatmış qadınların təxminən hər dördündən biri anemiyadan (qan azlığından) əziyyət çəkib.

14 Okt 2019
Səhiyyə - Sağlamlıq

Kişilərin sağlamlığı haqqında heç yerdə oxumadığınız 10 FAKT

Kişi və qadın orqanizmi xeyli fərqlənir və bu tək cinsiyyət sisteminə aid deyil. Adətən insanlar belə hesab edir ki, kişi orqanizmi daha möhkəmdir.