Ötən il 14 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

Ötən il 14 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib
07 Yan 2020 15:44

Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda 2019-cu il ərzində mərkəzi aparatda görülmüş işlərin vəziyyətinə və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Realpress.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Baş prokurorunun müavini - Hərbi prokuror ədliyyə general-leytenantı Xanlar Vəliyev müşavirədə hesabat məruzəsi ilə çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasətini zamanın tələblərinə uyğun olaraq ən yüksək səviyyədə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə görülmüş nəhəng işlər və köklü islahatlar nəticəsində ötən il dövlətimizin daha da qüdrətləndiyini, xalqımızın maddi və sosial rifah halının hərtərəfli yaxşılaşdırıldığını, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndiyini diqqətə çatdırıb, 2019-cu ilin islahatlar ili kimi tarixə düşdüyünü xüsusi vurğulayıb.

Dövlətimizin başçısının yüksək erudisiyası, müdrik siyasəti, mükəmməl rəhbərliyi, qətiyyəti və yorulmaz fəaliyyəti sayəsində, eləcə də iqtidarla xalq arasında olan sıx bağlılığın nəticəsində Azərbaycanın bütün sahələrdə sürətli inkişafının dünyanın ən mötəbər qurumları tərəfindən də qeyd olunduğunu deyən Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, bütün bunlar Azərbaycanın gələcəyə inamla addımladığını əminliklə deməyə əsas verir. Millətinə xidməti həyat amalına çevirmiş dövlətimizin başçısının xalq qarşısında verdiyi vədləri əməlləri ilə doğruldaraq hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirdiyini qeyd edən Xanlar Vəliyev Azərbaycan Prezidentinin daim xalqın içində olmasının, mütəmadi qaydada vətəndaşlarla bilavasitə görüşməsinin, onların qayğıları ilə maraqlanmasının, müraciətlərinə xüsusi həssaslıqla yanaşmasının, ciddi problemləri ilə bağlı məsələləri nəzarətə götürməsinin, üzləşdikləri bütün çətinlikləri aradan qaldırmasının dövlətin və rəhbərinin vətəndaşa verdiyi yüksək dəyərin təcəssümü olduğunu bildirib. Hərbi prokuror dövlətimizin başçısının "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 2019-cu il 28 fevral tarixli Fərmanının müstəsna əhəmiyyətini, adı çəkilən normativ hüquqi aktın yüz minlərlə insanın rifahına müsbət təsirini xüsusi vurğulayıb.

Dövlətimizin hərtərəfli qüdrətlənməsindən və bütün sahələrdə əldə olunan uğurlardan bəhs edən Xanlar Vəliyev Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizin sürətli inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqımızın rifahının yaxşılaşdırılması, Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin təbliği istiqamətindəki çoxşaxəli fəaliyyətindən söz açıb. Dünya dövlətləri, o cümlədən qonşu ölkələr ilə qarşılıqlı etimada əsaslanan münasibətlərin daha da möhkəmləndirilməsinin, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin prioritet istiqamətlərindən olduğu bildirilərək, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan ilə Rusiya arasındakı sıx əlaqələrin daha da inkişafına və şaxələndirilməsinə xidmət edən rəsmi səfərinin əhəmiyyətini xüsusi qeyd edib.

Ölkəmizin hərtərəfli inkişafının Silahlı Qüvvələrdə açıq şəkildə müşahidə olunduğunu bildirən Hərbi prokuror xüsusi vurğulayıb ki, son illər Prezident, Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində ordumuzun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Nəticədə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, şəxsi heyətin nizam-intizamının artırılması istiqamətində uğurlar əldə olunub. Hərbi Prokurorluq orqanlarının fəaliyyəti də işin səmərəliliyinin artırılmasına, Silahlı Qüvvələrdə hərbi intizamın möhkəmləndirilməsinə, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınmasına, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, bununla əlaqədar qanunamüvafiq zəruri tədbirlərin görülməsinə yönəldilib. Əvvəlki illərdə olduğu kimi, ötən il də Silahlı Qüvvələrdə cinayətkarlığa və digər hüquq pozuntularına qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olub, ibtidai araşdırmanın keyfiyyəti daha da artırılıb, o cümlədən cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilib, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması təmin edilib.

Xüsusi vurğulanıb ki, səbəbindən asılı olmayaraq Silahlı Qüvvələrdə baş vermiş istənilən ölüm faktı üzrə cinayət işi başlanılıb, bu qəbildən hər bir cinayət işinin istintaqı Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülərək, iş üzrə hərtərəfli, tam, obyektiv və vaxtında ibtidai araşdırmanın aparılması, təqsirkar şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, eləcə də hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunub. Eyni zamanda, hər bir cinayət işi üzrə ibtidai araşdırmanın aparılması zamanı cinayətin törədilməsinə imkan yaradan səbəb və şərait müəyyən edilməklə, müvafiq vəzifəli şəxsin ünvanına belə halların aradan qaldırılması üçün tədbirlər görülməsi barədə təqdimat göndərilərək həmin halların qarşısının alınması, həmçinin iş üzrə əməllərində cinayət tərkibi olmayan, lakin başqa hüquq pozuntusuna yol vermiş şəxslərin digər müvafiq hüquqi məsuliyyətə cəlb edilməsi təmin edilib. Bununla yanaşı, Silahlı Qüvvələrdə ayrı-ayrı, xüsusən də belə xarakterli cinayətlərin qarşısının alınması məqsədilə hər il olduğu kimi, ötən il də məhkəmə və istintaq təcrübəsi hər altı ayda bir dəfə ümumiləşdirilərək, Respublika Hərbi Prokurorluğunun kollegiya iclaslarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilib. Bu kimi cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyaların qərarlarına əsasən, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və başqa struktur qurumların rəhbərlərinə məlumat məktubları, silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilib. Nəticədə bu qəbildən olan cinayət hadisələri azalıb.

Hərbi prokuror bildirib ki, cinayət hadisələrinin sayının azalmasında Hərbi Prokurorluq orqanlarının səmərəli fəaliyyətinin, eləcə də Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla, həmçinin qeyri-hökumət təşkilatları ilə yaradılmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, o cümlədən hələ ilin əvvəlindən planlaşdırılan və il ərzində mütəmadi həyata keçirilmiş müxtəlif xarakterli birgə tədbirlərin əhəmiyyəti böyük olub. Eyni zamanda, milli və rəsmi dövlət bayramlarında, digər əlamətdar günlərdə hərbi qurumların, qeyri-hökumət təşkilatlarının və müvafiq rayonların icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birgə hərbi hissələrdə hərbi qulluqçular və valideynlərinin iştirakı ilə bayram mərasimləri, o cümlədən konsertlər təşkil edilmiş və xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub.

Qeyd edilib ki, hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi də təmin edilib, vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi və asanlaşdırılması, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülüb.

Əməliyyat müşavirəsində bildirilib ki, 2019-cu ildə prokurorluq orqanlarında kadr siyasətinin həyata keçirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilib, o cümlədən kadrların şəffaf və obyektiv meyarlar əsasında seçilib yerləşdirilməsi və vəzifədə irəli çəkilməsi üçün zəruri tədbirlər görülüb.

Diqqətə çatdırılıb ki, 2019-cu ildə Mərkəzi Aparatın nəzdində olan Memorial Soyqırım Muzeyinin fəaliyyəti ilə bağlı da xeyli işlər görülüb. Obyektiv həqiqətlər - Azərbaycan xalqına qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq və digər cinayətlər, o cümlədən xalqımızın tarixi torpaqlarından zorla çıxarılması üçün həyata keçirilmiş deportasiya siyasəti, azərbaycanlılara qarşı xüsusi amansızlıqla və qəddarlıqla törədilən kütləvi qırğınlar barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması, bu barədə gələcək nəsillərin ixtiyarına tutarlı dəlillərin və ətraflı məlumatların verilməsi, gənclərin və hərbi qulluqçuların hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi, vətəndaşlarımızda milli ruhun daha da yüksəldilməsi məqsədilə müxtəlif dövlət qurumlarına və ictimai təşkilatlara məktublar göndərilib. İl ərzində 2500-ə yaxın şəxs muzeyə ekskursiya edib. Ümumiyyətlə, yarandığı vaxtdan indiyədək Memorial Soyqırımı Muzeyini 21 mindən çox şəxs ziyarət edib.

Əməliyyat müşavirəsində görülmüş müsbət işlərlə yanaşı, "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunub. İbtidai araşdırmanın aparılması, baş vermiş cinayət hadisələri nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olunub, onların aradan qaldırılması üçün konkret göstərişlər verilib. Xüsusi vurğulanıb ki, cinayət işlərinə məhkəmələr tərəfindən səyyar qaydada baxılması cinayətkarlığa qarşı mübarizə sahəsində böyük profilaktik və xəbərdaredici əhəmiyyət kəsb etməsinə baxmayaraq, birinci instansiya hərbi məhkəmələri dövlət ittihamçılarının bu barədə vəsatətlərinə etinasız yanaşıblar.

Hərbi prokuror korrupsiyaya qarşı daha ciddi mübarizə aparılması ilə əlaqədar prokurorluq orqanlarının üzərinə çox böyük məsuliyyət düşdüyünü qeyd edərək bildirib ki, bu qəbildən olan cinayətlərin aşkarlanması istiqamətində bir sıra işlər görülsə də, bu sahədə tədbirlərin intensivliyi və effektivliyi artırılmalıdır.

Vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin daha da təkmilləşdirilməsi barədə dövlətimizin başçısı İlham Əliyevin dəyərli tövsiyələri bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırılaraq, hər bir əməkdaşdan gündəlik fəaliyyətində onlara əməl edilməsi ciddi tələb olunub. Bildirilib ki, 2019-cu il ərzində xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə 14 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

Məruzə ətrafında çıxışlarda Silahlı Qüvvələrin təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi ədliyyə polkovniki Natiq Həsənov, Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi ədliyyə polkovniki Rövşən Əfəndiyev və Dövlət ittihamının müdafiəsi üzrə şöbənin rəisi ədliyyə pollkovniki Aydın Ələsgərov hesabat dövründə görülmüş işlərdən, yol verilmiş nöqsanların aradan qaldırılması üçün görüləcək tədbirlərdən danışıblar.

Əməliyyat müşavirəsinə yekun vuran Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, Hərbi Prokurorluq orqanları Prezident İlham Əliyevin prokurorluğa yüksək qayğı və etimadını layiqincə doğrultmaq, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin qorunmasında, qanunun aliliyinin təmin edilməsində, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, Silahlı Qüvvələrdə nizam-intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsində, habelə hüquq pozuntularına, o cümlədən cinayətkarlığa qarşı mübarizənin effektivliyinin artırılmasında üzərinə düşən vəzifələri layiqincə icra etməklə bu istiqamətdə fəaliyyətini bundan sonra da uğurla davam etdirəcək.


31 May 2020
Kriminal

DİN: Ruslan Əmirov polisə tabe olmadığına görə həbs edilib

Daxili İşlər Nazirliyi (DİN) AXCP fəalı Ruslan Əmirovun həbsi ilə bağlı məlumat yayıb.

28 May 2020
Kriminal

Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı

Gəncə şəhər prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində mayın 26-da şəhər sakini Asim Yusubovu qəsdən öldürməkdə şübhəli bilinən tanışı, əvvəllər məhkum olunmuş, 1960-cı il təvəllüdlü İlham Məmmədov tutularaq istintaqa cəlb olunub.

27 May 2020
Kriminal

Prokurorluq “Jurnalistlər Binası” ilə bağlı araşdırmaya başlayıb

Jurnalistlər üçün nəzərdə tutulan mənzillərin ədalətsiz bölgüsü ilə bağlı Prezident İlham Əliyevə müraciət edən bir qrup media işçisi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıb. 

16 May 2020
Kriminal

“The Times-Azerbaijan” şirkətinin direktoru həbs edildi

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin əməkdaşları dələduzluqda ittiham edilən “The Times-Azerbaijan” şirkətinin direktoru Ceyhun Hacıyevi saxlayıblar.

16 May 2020
Kriminal

DİN: Bərdədə polisə müqavimət göstərən 14 nəfər saxlanılıb

Bu gün Bərdə rayonunun Qaradırnaq kəndinin bir qrup sakini heyvanlarını otarmaq üçün onlara örüş sahəsinin ayrılması tələbi ilə toplaşıblar.