Cəlal İsayev: “Ölkədə epidemioloji vəziyyət vətəndaşlardan asılıdır” - ŞƏRH

Cəlal İsayev: “Ölkədə epidemioloji vəziyyət vətəndaşlardan asılıdır” - ŞƏRH
01 May 2020 12:38


Bu günə qədər Azərbaycanda COVID-19-a 1804 təsdiq edilmiş yoluxma hadisəsi qeydə alınıb. Yoluxanlardan 24 nəfəri ölüb, 1325-i sağalıb, 455-i isə xüsusi rejimli xəstəxanalarda müalicəsini davam etdirir. Aprelin 27-dən etibarən ölkədə yumşaldılmış karantin rejimi qüvvədədir. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, bir çox vətəndaşlar həm küçədə, həm də ictimai nəqliyyatda maska və əlcəklərə məhəl qoymadan elementar təhlükəsizlik tədbirlərinə əməl etmir.

Yeri gəlmişkən, avtobus və taksi sürücüləri də karantin tələblərinə məhəl qoymur. Bəli, qoruyucu maskaların və əlcəklərin olmamasına görə heç kim cərimələnmir, ancaq hər birimiz öz sağlamlığımıza diqqət yetirməliyik. Üstəlik, bu gün apteklərdə maska, əlcək və dezinfeksiyaedici vasitələrin çatışmazlığı yoxdur.

“Bu, bizi çox narahat edir. İnsanların izdihamlı avtobuslarda, özü də maska olmadan hərəkət etdikləri barədə məlumatlar gəlir. Bu yolverilməzdir”, - deyə, Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü, Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev bildirib.

Onun sözlərinə görə, vətəndaşlar bir çoxlarında xəstəliyin simptomsuz getdiyini anlamalıdırlar:

“Eyni zamanda, insan infeksiya daşıyıcısı ola bilər. Müvafiq icazəsi varsa, o, ictimai nəqliyyatdan istifadə edə, dükanlara baş çəkə, işə gedə bilər. İnfeksiya daşıyıcısının nə qədər insanı yoluxdura biləcəyini təsəvvür edin…”

“Maska taxmayan vətəndaşlar cərimə olunmalıdırmı?” sualına cavab olaraq, infeksionist bildirib ki, bu mövzuya tam məsuliyyətlə yanaşmaq lazımdır, bəlkə də cərimə tətbiq olunmalıdır.

Qeyd etmək lazımdır ki, Asiya ölkələrində tibbi maska istifadəsi COVID-19 koronavirusunun yayılmasına qarşı mübarizədə əsas tədbirlərdən biri hesab olunur. Belə ki, maska taxmaq Çin və Cənubi Koreyada koronavirusla mübarizə qaydalarının əsas məqamlarından biri idi və belə də qalır. Honkonq, Yaponiya və Tailandda insanlar hər kəsin, hətta zahirən sağlam olanların belə virus daşıyıcısı ola biləcəyini başa düşürlər. Buna görə də, həmin ölkələrin vətəndaşları könüllü olaraq maska taxaraq, başqalarını potensial infeksiyadan qoruyurlar. Nəticələr də göz qabağındadır... Bir vaxtlar kütləvi yoluxmaların qeydə alındığı ölkələrin siyahısına başçılıq edən Çin, Cənubi Koreya və Yaponiya Avropa ölkələrini, Rusiya, İran və s. dövlətləri siyahıda özündən qabağa buraxıb.

Anlamaq lazımdır ki, ölkədə epidemioloji vəziyyət kəskin şəkildə dəyişə və epidemiyanın ikinci dalğası başlaya bilər. Ancaq elementar qaydalara riayət etməklə bunun qarşısını almaq olar. Sadəcə, əlləri yaxşı-yaxşı yumaq, sosial məsafə saxlamaq, maska və əlcək geymək lazımdır.

“Nədənsə insanlar karantin rejimini yumşaltmağın nə demək olduğunu tam başa düşmədilər. İctimaiyyət bunu epidemiyanın son tarixinin elanı kimi qəbul etdi. Lakin epidemiya davam edir. Üstəlik, son bir həftə ərzində yoluxanların sayının sağalanların sayından çox olduğu günlər var. Epidemioloji vəziyyətin pisləşməsinə yol verilməməlidir, əks halda, bütün səylərimiz və tədbirlərimiz boşa gedəcək. Təkrar edirəm, sadəcə xəstəliyin yeni dalğasının şahidi olacağıq”, -deyə C.İsayev vurğulayıb.

O, bütün vətəndaşların Nazirlər Kabinetinin yanında operativ qərargahın səsləndirdiyi və qəbul etdiyi qaydalara əməl etməli olduqlarını vurğulayıb. C.İsayevin sözlərinə görə, sanitar-epidemioloji şəraitdən asılı olaraq xüsusi karantin rejimindəki mövcud məhdudiyyətlər tədricən yumşaldılacaq. Lakin vəziyyət pisləşərsə, işlərdə kəskin artım qeydə alınarsa, karantin rejimi yenidən sərtləşdiriləcək:

“Hər kəsdən bunu başa düşməsini xahiş edirik. Həmişə olduğu kimi, yay mövsümündən zövq almaq istəyiriksə, bu gün, sadəcə, təhlükəsizlik tədbirlərinə əməl etmək lazımdır. Hazırda ölkədə epidemioloji vəziyyət dövlətdən deyil, vətəndaşların özlərindən asılıdır. Ümid edirəm ki, soydaşlarımızın əksəriyyəti bunu başa düşür və yalnız müəyyən bir hissəsi naməlum səbəblərə görə bütün çağırışlarımıza məhəl qoymur”.

Baş infeksionist ilk növbədə yaşlı insanların risk altında olduğunu xatırlatdı.

“Hələ ki, yaşı 65-dən yuxarı insanlara evlərini tərk etməyə icazə verilməməlidir. Onlara bir az daha səbirli olmağı məsləhət görürəm. Artıq uzun yol qət etmişik, yaxşı nəticələr əldə olunub. Bütün lazımi tədbirlərə riayət olunacağı təqdirdə may ayının sonuna qədər epidemiyanın bitməsi barədə danışmaq mümkün olacaq. Bir daha təkrar edirəm, bu vəziyyətdə çox şey özümüzdən asılıdır”, - deyə C.İsayev bildirib.

8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.