Qazi anası: “7-ci mərtəbədə kirayədə qalırıq, oğlumu araba ilə qaldırıb-düşürə bilmirik” - FOTO

Qazi anası: “7-ci mərtəbədə kirayədə qalırıq, oğlumu araba ilə qaldırıb-düşürə bilmirik” - FOTO
21 Yan 2021 11:49


19 yaşlı Rüstəm Qurbanov Vətən müharibəsi qazisidir. Müharibə başlayanda doqquz ayın əsgəri olan Rüstəm də torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılıb. Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralı yoldaşlarını döyüş meydanından çıxararkən çoxsaylı qəlpə yarası alıb. Aldığı yaralara görə yerimə qabiliyyətini müvəqqəti itirsə də, Vətən yolunda döyüşdüyünə görə qürur hissi keçirir. 

Qazinin anası Raifə Məmiyevanın “Qafqazinfo”ya bildirdiyinə görə, həkimlər oğlunun sərbəst yeriyə bilməsi üçün əllərindən gələni edirlər: 

“Biz 15 ildir Bakıda yaşayırıq. Rüstəm də burada böyüyüb, burada məktəbə gedib. Müharibə başlananda 9 ay idi ki, Qapanlıda hərbi xidmətdə idi. Sentyabrın 30-da Suqovuşan uğrunda döyüşdə çox ağır qəlpə yaraları aldığından yerimə qabiliyyətini itirib. Tam sağalması üçün hələ 2-3 il də müalicə olunmalıdır. Qolunun biri işləmir, ayaqlarının ikisi də “İlizarov” aparatındadır. Çənə sümüyü dağılmışdı, yeni əməliyyatdan çıxıb. Yaraları çoxdur, hətta yemək yeyəndə də çətinlik çəkir, dişlərini qəlpə qırıb. Amma bütün bunlara baxmayaraq, qürurvericidir ki, o qazidir, Vətən yolunda döyüşüb”. 

Rüstəm əvvəlcə Gəncə Beynəlxalq Xəstəxanasında müalicə alıb, sonra Bakıya Elmi-Tədqiqat Travmatologiya İnstitutuna köçürülüb. İndiyə qədər 5-6 dəfə əməliyyat olunsa da, sağalması üçün hələ üç dəfə də əməliyyat olunmalıdır. 

R. Məmiyeva deyir ki, 17 ildir həyat yoldaşı ilə ayrılıb. Bu illər ərzində işləyərək uşaqlarını təkbaşına saxlayıb. Hazırda yaxınlarının köməyi ilə Nizami rayonunda kirayədə qalırlar. Ailənin əsas problemi mənzillə bağlıdır. Qazinin anası bununla bağlı daxili ipoteka ilə ev təklif edən bir neçə şirkətə müraciət etsə də, müsbət cavab ala bilməyib: 

“7-ci mərtəbədə kirayədə qalırıq. Oğlum əlil arabasındadır, qalxıb-düşmə zamanı problem yaşayırıq. Binanın lifti demək olar ki, yoxdur. Gərək 5-6 nəfər çağıram ki, onu düşürsünlər. Yeni tikilən binalarda lift geniş olur, belə bir evimiz olsa övladıma da rahat olardı. İpoteka ilə ev tikib satanlara çox yazmışam, amma heç bir cavab almamışam. Məcbur olub sosial şəbəkələrdə müraciət etdim. Mən demirəm mənə gətirib havayı ev versinlər, özüm hər ay 300 manatadək ipoteka ödənişi edə bilərəm. Sadəcə ilkin ödənişi etməyə imkanım yoxdur”. 

Qeyd edək ki, Rüstəm Qurbanov prezidentin sərəncamı ilə ərazilərimizin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirməsinə, düşmənin silahlı qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənməsinə görə “Cəsur döyüşçü” medalı ilə təltif edilib.


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.