“Bunu qiyamətin əlaməti saymaq...” – Hacı Şahin Həsənli ilə müsahibə

“Bunu qiyamətin əlaməti saymaq...” – Hacı Şahin Həsənli ilə müsahibə
19 Mar 2020 09:33

“Məşədi Dadaş” məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli cavablandırıb:

- Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası tərəfindən Azərbaycanda koronavirus infeksiyasının törədə biləcəyi təhlükənin qarşısının alınması məqsədilə məscid və ziyarətgahlara giriş-çıxışa məhdudiyyətlər qoyuldu. Bunu məscidlərin bağlanması kimi qəbul edənlər də var. Qərarı şərh etmənizi xahiş edirik...

- Məscidlərdə cümə namazı dayandırılmışdı, camaat namazları qılınmırdı. Bir sıra məscidlərdə qısa müddətdə müəyyən profilaktik, dezinfeksiya tədbirləri üçün insanların gəlişinə məhduddiyyət də tətbiq edilirdi. İnsanlar bunu anlayışla qəbul edir. Bu, təkcə Azərbaycanda deyil, bir çox müsəlman ölkələrində məscidlər, hətta ziyarətgahlar belə bağlanıb. Azərbaycanda isə söhbət məscidlərin bağlanmasından yox, müəyyən müddətdə insanların gəlişinə məhdudiyyətin tətbiq olunmasından gedir. İndiki şəraitdə ölkə ərazisində kütləvi tədbirlərin keçirilmədiyi zamanda dini mərasimlərin də məhdudlaşdırılması məqsədəuyğundur. İnsanlar təbii ki, Allaha ibadət edir, Allaha yönəlir, amma qısa müddətdə bunu fərdi şəkildə, evlərində də icra edə bilərlər. Virusun yayılmaması üçün müəyyən məhdudiyyətləri normal qəbul etmək lazımdır. Azərbaycanda məhdudiyyətlər Qafqaz Müsəlmanları İdarəsi tərəfindən tətbiq olunur və insanlar da buna riayət edirlər.

- Türkiyədə ümrədən qayıdan insanlar karantinə alındı. Azərbaycandan ümrə ziyarətdə olanlar varmı?

- Hazırda Azərbaycandan heç bir ziyarətgaha zəvvar yollanmayıb, nə ümrədə, nə Kərbəlada, nə də Məşhəddə azərbaycanlı zəvvar yoxdur. Çünki bu ölkələrə uçuşlar və ziyarətlər dayandırılıb.

- Toy və yas mərasimlərinin keçirilməsi də qadağan olunub. Bu situasiyanı necə qiymətləndirirsiniz?

- Məlumdur ki, dünyada koronavirus pandemiyasının yayılması ilə əlaqədər bir çox dövlətlər müvafiq tədbirlər görür. Azərbaycanda bu epidemiya geniş yayılmasa da, ayrı-ayrı insanlar yoluxub, bununla bağlı da qabaqlayıcı tədbirlər görülür. Hesab edirəm ki, Nazirlər Kabineti yanında operativ qərargahın həyata keçirdiyi tədbirlər də ciddi zərurətdən doğur. Ona görə də vətəndaşlar bu qaydalara ciddi şəkildə riayət etməlidirlər. Yas mərasimi və toy məclislərinin keçirilməsinin qadağan olunmasına gəlincə, toyları təxirə salmaq mümkündür, insanlar bunu anlayışla qarşılayır. Yas mərasimləri isə bizdən asılı məsələ deyil, amma dəfn mərasimi ilə kifayətlənmək lazımdır. Dinimizin də göstərişlərinə baxsaq, dünyadan köçən insan yuyulmalı, kəfənə bükülməli, onun üçün meyit namazı qılınmalı və dəfn edilməlidir. Dinimizin göstərişləri burada bitir, ondan sonrakı əməllər, insanlarımızın başsağlığı verməsi, məclislər təşkil olunması normal vəziyyətdə müsbət addımlardır, insanlar yaxınını itirmiş insanlara təsəlli, başsağlığı verir. Amma hazırki vəziyyətdə insanların xəstəliyə yoluxmasına gətirib çıxararsa, bu, məhdudlaşdırılmalıdır. Çünki can bizə Allah tərəfindən verilmiş əmanətdir və biz buna görə məsuliyyət daşıyırıq. Bu sahədə mütəxəssislərin verdiyi rəy dini nöqteyi-nəzərdən də bir qayda kimi qəbul olunmalıdır. Dinimiz hər hansı sahənin mütəxəssisinin verdiyi rəyi mötəbər hesab edir və buna əməl etməyi vacib sayır. Ona görə də bu dönəmdə bu mərasimlərin məhdudlaşdırılması həm dinimizə uyğundur, həm də mövcud şəraitdən doğan bir zərurətdir.

- Məkkədə Kəbə evinin ətrafının boş olmasına dair sosial şəbəkələrdə yayılan görüntülər ətrafında müxtəlif müzakirələr aparılır. Bunun qiyamətin əlaməti sayılmasına və bütövlükdə bu müzakirələrə münasibətiniz necədir?

- Bəziləri bunu bir qədər sensasiya xarakterli məlumat kimi yayır, qiyamətin əlaməti kimi təqdim edir. Əlbəttə, əlimizdə bununla bağlı hər hansı tutarlı dəlil yoxdur. “Kəbənin ətrafında boşluqdur deyə qiyamət qopacaq” yanaşması bir sıra insanların sensasiya yaratmaq cəhdidir. Bunun insanları narahat etməsi təbiidir. Ümumiyyətlə, epidemiyanın yayılması insanlarda narahatlıq doğurur. Amma bunu mistik hadisələrlə əlaqələndirmək bir o qədər məqsədəuyğun deyil. Çünki tarixin müxtəlif dövrlərində epidemiyalar yayılıb, bundan daha çox sayda insanlar həyatını itirib. İnşallah, qısa müdətdə bu bəla insanlığın başının üstündən çəkilər və həyat öz normal axarına qayıdar. Təşvişə düşməyə, panikaya qapılmağa ehtiyac yoxdur.

- Din xadimi kimi insanlara tövsiyəniz nədir?

- Normal şəraitdən doğan zəruri addımlar atılır. Təbii ki, müvəqqətidir və ciddi təhlükə görmürəm. Belə bir vəziyyətdə biz müvazinətimizi itirməməliyik. Faciəli bir şey yoxdur, amma eyni zamanda arxayınlaşmamalıyıq da. Orta həddi tutub getməliyik. Həm ehtiyatı əldən verməməliyik, həm də qorxuya qapılmamalıyıq. Normal həyatımıza davam etməklə, bütün qaydalara da riayət etməliyik. Qeyd etdiyim kimi, qorxuya, vahiməyə heç bir əsas yoxdur. Bütün məlumatları təhlil edərək, bunu tam məsuliyyətlə demək olar. Eyni zamanda mənəvi sığınacağımız da var, insanlar lazım olan işləri görmək şərtilə yeri-göyü yaradan Allaha sığınmaqla bütün çətinliklərdən qurtula bilərlər. Dinimiz bizə xatırladır ki, çətin vəziyyətlərdə insanların imdadına yetə biləcək Allah var, insanlar mənəvi əlaqə yaradır. Bunun üçün hanasısa mərasimə getməyə ehtiyac yoxdur. İnsan təklikdə də Allaha sığına, onunla danışa bilir. Dua etdikdə dua ilə kifayətlənməməliyik, çünki Allah bizdən həm də ağılla, tədbirlə davranmağı tələb edir. Ağılla davranarıqsa, Allaha sığınarıqsa, həm mənəvi sakitliyimizi qoruyarıq, həm də özümüzü və ətrafımızdakı insanları hansısa təhlükələrdən qorumuş olarıq. İstənilən cəmiyyətdə hansı qaydalar bir bəladan qurtulmağa xidmət edirsə, o qaydalara riayət etmək ilahi məsuliyyətdir. Bunu din xadimi olaraq tam məsuliyyətlə deyirəm. Dinimiz belə məqamda insanları bədbinliyə qapılmamağa çağırır. Allaha sığınmağın mənası ağılazidd hhərəkətlər etmək deyil. Bəzən deyirlər, Allaha sığınıramsa, o məni qoruyacaq, ancaq ağılla davranan insanları Allah qoruyur. Biz dinimizə sığınacaq olaraq yanaşırıq. Din təkcə bəlalar zamanı köməyimizə gəlmir, din ümumiyyətlə, ilahi dəyərdir. Belə situasiyalarda qəlbinizi Allahı yad etməklə sakitləşdirin və üzərinizə düşən vəzifələri yerinə yetirin. Azərbbaycan xalqı tarixin müxtəlif sınaqlarından üzüağ çıxıb, Azərbaycan cəmiyyəti yetkin, intellektual səviyyəsi yüksək olan cəmiyyətdir. Düşünürəm ki, bu məsələlərə ağıl prizmasından yanaşılacaq.


25 Fev 2024
Müsahibə

Kamaləddin Qafarov: “Xocalı soyqırımı bəşər tarixinin qanlı cinayətlərindən biridir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”

21 Fev 2022
Müsahibə

Slobodan Samarciya: “Serbiya ilə Azərbaycan əsl dostdur”

“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.

14 Fev 2022
Müsahibə

Vidadi Əhmədov: "Turan Tovuz"a 100 adamdan biri kimi dəstək verə bilərəm"

Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi

10 Fev 2022
Müsahibə

Maksim Şevçenko: “Minsk prosesi” yoxdur, onu unutmaq lazımdır - MÜSAHİBƏ

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.

9 Fev 2022
Müsahibə

Aleksandr Proxanov: “Gec-tez Ankara Rusiya ilə qarşıdurmaya gedə bilər” – MÜSAHİBƏ

Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.